Bu il 13446 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub Cəmiyyət

Bu il 13446 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri (əsas yerləşdirmədən sonra) təqdim edib.

Mərkəzdən bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15555 bakalavrdan 13446 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5798 nəfər dövlət sifarişi, 7648 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9790 nəfər ali təhsil müəssisələrinin cari, 3656 nəfər isə əvvəlki illərin məzunudur.
Nəticələrə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 16848 plan yerinin 79.81%-i dolub.

Magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, standartlaşdırma və sertifikatlaşdırma, aviasiya təhlükəsizliyi, hüquqşünaslıq, musiqişünaslıq, idman, nəqliyyatda servis, aerokosmik mühəndislik, yanğın təhlükəsizliyi mühəndisliyinə uyğun olan 21, 25, 49, 50, 54, 57, 60, 71 saylı proqramlara ayrılmış plan yerləri tam (100%) dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların bəziləri üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.

Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı Soyuducu, kompressor maşın və qurğuları, dəmiryol nəqliyyatı, mədən mühəndisliyi, kitabxanaçılıq, hava nəqliyyatı, silah sistemləri mühəndisliyi, xüsusi rabitə vasitələri mühəndisliyi, biotexnologiya sahələrinə aid 4, 8, 29, 45, 58, 61, 64, 66 saylı proqramlara ayrılmış plan yerlərinin 70% və ya daha çoxu boş qalmışdır.

Ümumiyyətlə qəbul proqramlarının bəziləri üzrə qəbul planının bu və ya digər səviyyədə kəsirdə qalacağı əvvəlcədən bəlli idi. Belə ki, imtahan nəticələrinə uyğun olaraq həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərinin sayından az idi.

Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Qızlar Universitetində plan yerləri tam (100%), Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyasında 90% və daha çox dolub. Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə (40%) Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İlahiyyat İnstituna aiddir.

Verilən cədvəldən hər bir proqram üzrə qəbul planı, qəbul olunanların sayı (qəbulolma faizi), vakant yerlərin sayı (faizi) ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz.

Magistraturaya qəbul olmuş şəxslər 24 iyul – 1 avqust tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.