
“Müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı və sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi informasiya təhlükəsizliyi, şəxsi məlumatların qorunması və xüsusilə uşaqların rəqəmsal mühitdə müdafiəsi məsələlərini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Məhz bu baxımdan yanaşdıqda, Azərbaycan Respublikasının Milli Məclisində ictimai müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər rəqəmsal təhlükəsizliyin gücləndirilməsi, uşaqların hüquqlarının qorunması və sosial şəbəkə platformalarının fəaliyyətinin daha səmərəli tənzimlənməsi məqsədi daşıyan mühüm təşəbbüs kimi qiymətləndirilə bilər”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Politoloq qeyd edib ki, təklif olunan dəyişikliklər ilk növbədə uşaqların sosial şəbəkələrin mənfi təsirlərindən qorunmasına yönəlib: “Qanun layihəsində 16 yaşına çatmamış şəxslərin müəyyən ediləcək sosial şəbəkə platformalarında qeydiyyatının məhdudlaşdırılması, 16-18 yaş arası istifadəçilər üçün isə əlavə təhlükəsizlik və valideyn nəzarəti mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Bu yanaşma isə öz növbəsində uşaqların psixoloji və mənəvi inkişafının qorunmasına, onların zərərli məzmunların təsirindən uzaq saxlanılmasına xidmət edir. Məsələnin aktuallığı yalnız sosial deyil, həm də strateji xarakter daşıyır. Son illərdə dünya miqyasında aparılan araşdırmalar göstərir ki, sosial şəbəkələrdə nəzarətsiz fəaliyyət göstərən uşaqlar kiberzorakılıq, dezinformasiya, onlayn istismar, radikal ideologiyaların təbliği, narkotik vasitələrin təşviqi və digər təhlükəli təsirlərlə daha çox üzləşirlər. Eyni zamanda alqoritmik idarəetmə sistemləri və süni intellekt texnologiyaları vasitəsilə istifadəçilərin davranışlarına təsir imkanlarının genişlənməsi bu riskləri daha da artırır. Belə şəraitdə dövlətin preventiv tədbirlər görməsi və hüquqi tənzimləmə mexanizmlərini təkmilləşdirməsi zəruri addım kimi çıxış edir”.
O vurğulayıb ki, qanun layihəsinin mühüm cəhətlərindən biri də sosial şəbəkə platformalarının məsuliyyətinin artırılmasıdır.: “Təklif olunan müddəalara əsasən bu platformalar istifadəçilərin yaşının yoxlanılması, yetkinlik yaşına çatmayan şəxslərin məlumatlarının qorunması, zərərli məzmunların operativ şəkildə aşkarlanaraq aradan qaldırılması və uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması istiqamətində konkret öhdəliklər daşıyacaq. Həmçinin bu yanaşma rəqəmsal platformaların yalnız kommersiya maraqları əsasında deyil, eləcə də ictimai məsuliyyət prinsipləri çərçivəsində fəaliyyət göstərməsini nəzərdə tutur. Layihədə valideyn məsuliyyətinin gücləndirilməsi də xüsusilə qeyd olunur. Uşaqların sosial şəbəkələrdən istifadəsinə nəzarət imkanlarının genişləndirilməsi ailə institutunun rolunu daha da artırır. Əslində, rəqəmsal təhlükəsizlik yalnız dövlət və ya müəyyən platformalar tərəfindən təmin edilə bilməz. Bu prosesdə valideynlərin maariflənməsi, övladlarının rəqəmsal davranışlarına nəzarət etməsi və təhlükəsiz internet istifadəsi vərdişlərinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Qanun layihəsi məhz bu məsuliyyət bölgüsünü daha aydın şəkildə müəyyənləşdirir”.
A.Qurbanovanın fikirlərinə görə, diqqət çəkən digər məqam isə beynəlxalq sosial şəbəkə platformalarının Azərbaycan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməsinə dair tələblərin müəyyən edilməsidir: “Qlobal texnologiya şirkətlərinin ölkədə hüquqi təmsilçilik yaratması, dövlət qurumları ilə operativ əməkdaşlıq etməsi və milli qanunvericiliyin tələblərinə riayət etməsi dövlətin rəqəmsal suverenliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün bir çox ölkələr rəqəmsal platformaların fəaliyyətinə daha ciddi nəzarət mexanizmləri tətbiq edir və Azərbaycan da öz növbəsində bu qlobal tendensiyaya uyğun addımlar atır. Nəticə etibarilə, müzakirəyə çıxarılan qanun layihəsi Azərbaycanın rəqəmsal inkişaf siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Təklif olunan hüquqi mexanizmlər uşaqların təhlükəsizliyinin təmin olunmasına, rəqəmsal mühitdə məsuliyyətli davranışın təşviqinə, sosial şəbəkə platformalarının fəaliyyətində şəffaflığın artırılmasına və dövlətin informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Bu təşəbbüs yalnız hüquqi islahat deyil, həm də gələcək nəslin sağlam, təhlükəsiz və məsuliyyətli rəqəmsal mühitdə formalaşmasına yönəlmiş strateji dövlət siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir”.
Röya İsrafilova