Güney Azərbaycan

Güney Azərbaycan ayaqda...

Azərbaycan əyalətlərini etiraz dalğası bürüyüb

Noyabrın 6-da İranda aksiyalara səbəb İranın İRİB TV-2 kanalında yayımlanmış verilişdə türklərin təhqir edilməsidir. Telekanalın "Fitilə" proqramında türklərin təhqir edilıməsindən sonra azərbaycanlılar ayağa qalxıb. Bütün Azərbaycan vilayətlərini etiraz dalğası bürüyüb. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarŞıdurmalar yaşanıb, bəzi nümayişçilər həbs ediliblər.
Urmiyada da ölkəyə hakim fars rassizm və faşizminə qarşı kütləvi aksiyalar keçirilib. Keçirilən aksiya və yürüşlərdə yüzlərlə nəfər tutulub, bir neçə nəfər polis zorakılığına məruz qalaraq yaralanıb. Urmiyada durumun hazırda ağır olduğu, silahlı polis və təhlükəsizlik qüvvələrinin şəhərin iri küçə və meydanlarında vəziyyətə nəzarət etdiyi bildirilir.
İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiyada dinc fəallar Ulduz Qasimi və Mehdi Təhməzi tutulub. İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şöbəsinin əməkdaşları azərbaycanlı fəallar Ulduz Qasimi və Mehdi Təhməzini noyabrın 9-da axşam saatlarında tutub bilinməz istiqamətə aparıblar. Onların hazırda harada saxlanıldığı, konkret nədə günahlandırıldığı bilinmir.
Oxşar vəziyyət Urmiyənin İmam və Sərdaran xiyabanlarında yaranıb. Qarşıdurmada onlarla soydaşımız təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb və yaralanıb. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və rəngli toplardan istifadə edərək yığıncağı dağıtmağa çalışıblar.
Sosial şəbəkələrdə isə Urmiyədə bir soydaşımızın təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü barədə məlumat yayılıb, lakin hələlik bu xəbər təsdiq edilmir.
Meşginşəhrdə də etirazçılarla təhlükəsizlik qüvvələri arasında gərgin qarşıdurmanın yaşandığı bildirilir.




Dinc fəal vəhşicəsinə döyülüb

Noyabrın 9-u İranın Ərdəbil əyalətinin Meşkinşəhr (Xiyav) şəhərində dinc fəal Aydın Zakiri tutularkən polis və təhlükəsizlik qüvvələrinin zorakılığına məruz qalaraq vəhşicəsinə döyülüb. "GAMAC" təşkilatının yaydığı məlumata görə, keçirilən dinc aksiyada, ETTELAAT və polisin 10-a yaxın yaraqlı əməkdaşı şəhərin "Orta çarrah" məntəqəsində tanınmış azərbaycanlı fəal Aydın Zakiriyə hücum edərək onu tutublar. Hökumət qüvvələri dinc fəalı tutarkən onu yerə uzadıb dəyənək, təpik və yumruqla vəhşicəsinə döyəndən sonra maşına mindirib bilinməz istiqamətə aparıblar. Fəalın hazırda harada saxlanıldığı, onun konkret nədə günahlandırıldığı bilinmir.
Həmin gün daha 2 azərbaycanlı fəal, Şahin Nobəxt Mekinşəhrdə, Murtuza Nodrəti isə Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum istiqamətə aparılıb.
Dinc etiraz yığıncaqlarının qarşısını almaq üçün təhlükəsizlik qüvvələri səhər vaxtlarından Təbrizin müxtəlif məntəqələrində toplaşıb və şəhəri nəzarətdə saxlamağa çalışıblar. Onlar ən çox Abrəsan dördyolu və ətraf xiyabanlarda cəmləşib. Bu arada etirazlar günü Təbriz bazarının da bağlı olduğu bildirilir. Təbriz Azad Universitetinin məsulları isə tələbələrin etiraz aksiyası keçirməsinə imkan verməyiblər. İmzatoplama kampaniyası keçirməyə çalışan tələbələr universitet məsullarının müdaxiləsi nəticəsində yığıncaq keçirə bilməyib. Onlardan bir neçəsinin tələbə kartı alınıb, bəziləri isə universitetin təhlükəsizlik bölümünə çağırılıblar.

Lisani aclıq aksiyasına başlayıb

Ərdəbil zindanında məhbus həyatı yaşayan tanınmış azərbaycanlı fəal Abbas Lisani türklərin İran televiziyasında təhqir olunmasına etiraz olaraq aclıq aksiyasına başlayıb. Hazırda Ərdəbil həbsxanasında məhkum edildiyi 1 illik həbs cəzasını çəkməkdə olan fəal noyabrın 9-dan aclıq aksiyasına başlayıb. O öz ailəsi və dostları ilə telefon danışığında bildirib ki, "biz, müxtəlif dövlət qurumlarnın ardıkəsilməyən təhqirlərini formal üzr istəməklə unudan bir millət deyilik. Bu məsələ hüquq çərçivəsində öz həllini tapmalıdır. Millətləri və mədəniyyətləri təhqir edən şəxslər qanuni və hüquqi şəkildə cəzalandırılmalıdır". A.Lisani əlavə edib ki, "millətlərin təhqir olunması cəzası ancaq hüquqda tərif olunmalıdır. Belə olan halda irqçiliyin və millətlərə qarşı təhqirlərin qarşısını almaq mümkün olacaq. Mən azərbaycanlıların mədəni etirazını dəstəkləyir və həbsxanada aclıq aksiyasına başlayaraq onlarla həmrəy olduğumu elan edirəm".


Təbrizdə qarşıdurma

Təbrizdə təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və susəpən maşınlarla irqçiliyə qarşı etiraz edən aksiyaçılara hücum edib, lakin bu hücum əhalinin ciddi müqaviməti ilə üzləşib. Təbrizdə təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurmada bir neçə soydaşımızın yaralandığı bildirilir. Qeyd edək ki, Təbriz, Ərdəbil, Urmiyə, Zəncan və başqa şəhərlərində, eləcə də paytaxt Tehranda Azərbaycan türklərinin izdihamlı etiraz aksiyaları keçirilib.
Xatırladaq ki, uşaqlar üçün nəzərdə tutulmuş "Fitilieh" (farscadan tərcümə: fitil) komediya proqramında belə bir səhnəcik hazırlanıb: Azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasını səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir. Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir. Uşaq və atasının dialoqu azərbaycan dilində verilib.
Telekanalın bu verilişini özlərinə qarşı həqarət bilən Güney Azərbaycan türkləri hiddətlənib və etiraz aksiyalarına qərar verilib.
Nümayişlər Urmiyədən başlayıb. Urmiyə Universitetinin yüzlərlə tələbəsi meydana çıxıb. Nümyaişlər daha sonra o biri şəhərlərdə başlayıb. İranda yaşayan azərbaycanlılar barədə xəbərlər yayan Oyan News səhifəsinin verdiyi məlumatda deyilir ki, Urmiyədə tələbələr universitet binasının qarşısında toplaşaraq "Azərbaycan milləti çəkəmməz bu zilləti", "Türk dilində mədrəsə" və "Haray haray, mən türkəm!" şüarlarını səsləndiriblər. Urmiyə şəhərindən olan deputat Cavad Cahangirzadə də aksiyada iştirak edib.
Yeri gəlmişkən, "BBC Farsca"nın verdiyi xəbərdə deyilir ki, İranın Dövlət Televiziya və Radio Şirkəri bəyanat verərək "Fitilieh" verilişində səslənən sözlərə görə azərbaycanlılardan üzr istəyib. Təşkilatın verdiyi bəyanatında deyilir ki, faktiki olaraq bu verilişin yayımı "səhlənkarlıq" səbəbindən "lazımlı işlər görülənə və son nəticəyə gələnə kimi" bağlanıb və kanalın işçilərindən biri vəzifəsindən uzaqlaşdırılıb. "6 noyabr tarixində efirə gedən verilişdə "yanlışlıq, diqqətsizlik, verilişi hazırlayan əlaqədar şəxslərin düzgün nəzarət etməməsi səbəbindən, azərbaycan dilində gedən dialoqlar cəsur və əziz azərbaycan dilli həmvətənlərimizin narahatçılığına və inciməsinə bais olmuş və şikayətlərin daxil olmasına səbəb olub. Bu səbəbdən də, telekanalın yayım direktoru və uşaq verilişləri departamentinin direktoruna işində səhlənkarlığa görə yazılı töhmət veriləcək, verilişin nəzarətinə məsul olan yayım direktorunun müavininə isə töhmət verilərək işdən çıxarılacaq", – deyə bəyanatda qeyd olunur.


Etirazlar xarici medianın da diqqətini çəkib

"Fitilə" proqramında türklərin təhqir edilməsi xarici mətbuatın da diqqətini çəkib. Səudiyyə Ərəbistanına bağlı "Ələrəbiyyə" xəbər agentliyi "İranda Azərbaycan türk fəalları Teleradio Şirkətinə (səda və sima) qarşı kütləvi etirazlara çağırış ediblər" başlıqlı xəbər dərc edib. Xəbərdə bildirilir ki, "İran İslam Cümhuriyyətinin "Kanal 2" televiziyasında yayımlanan "Fitilə" proqramında Azərbaycan türkləri təhqir olunub. Azərbaycanın siyasi və mədəni fəalları sosial şəbəkələrdə, noyabrın 8-də Azərbaycanın bütün şəhərlərində keçiriləcək dinc yürüşə çağırış ediblər". Xəbər agentliyi televiziyanın yaydığı təhqiramiz proqrama Azərbaycan fəallarının reaksiyası barədə də məlumat yayıb və mövzu ilə bağlı azərbaycanlı siyasi fəal xanım Simin Səbridən bir müsahibə götürüb. Həmçinin bu xəbər bir Türkiyə Telekanalında da işıqlandırılıb. Telekanal mövzu ilə bağlı GAMOH başqanı Dr.Mahmudəli Çöhrəqanidən bir müsahibə götürüb və İran televiziyasının irqçi hərəkəti və türklərə qarşı inanılmaz təhqiri barədə geniş məlumat yayıb. Təhqiramiz "Fitilə" proqramı "Amerikanın Səsi"nin də diqqətini çəkib. Mətbu orqanın saytında İranda türklərin təhqir edilməsi, Teleradio Şirkətinin qeyri-səmimi bir şəkildə üzr istəməsi və Azərbaycan türklərinin qərəzli olaraq "Azəri" adlandırılması barədə xəbər dərc olunub.

Elan edilməmiş fövqəladə vəziyyət

İranın Dövlət Televiziyasında azərbaycanlıların təhqir edilməsinə qarşı keçirilən kütləvi etiraz aksiyaların ardınca, Güney Azərbaycanın bir sıra iri şəhərlərində, o sıradan da Ərdəbildə elan edilməmiş fövqəladə vəziyyət hökm sürür. "GAMAC" təşkilatının yaydığı məlumata görə, noyabrın 9-u axşam saatlarından başlayaraq Ərdəbildə silahlı polis və təhlükəsizlik qüvvələri şəhərin küçə və meydanlarında nəzarəti ələ alıb, vətəndaşların sərbəst hərəkətinə məhdudiyyət yaradıblar. Ərdəbildə, hökumət qüvvələri azərbaycanlı fəallara qarşı təzyiqi gücləndirərək iri miqyaslı həbslər aparmaqla etirazlara qatılan vətəndaşlar arasında qorxu xofu salmağa çalışırlar. Yayılan son məlumatlara görə, həbs edilənlər arasında dinc fəallar Rəhim Qulami, Əli Vasiqi, Murtuza Pərvin və Əli Xeyrcu da var. Qeyd edək ki, bir neçə gün əvvəl İranın dövlət televiziyasından yayımlanan "Fitilə" adlı proqramda Azərbaycan türklərinin iyrənc və kobud şəkildə təhqir olunmasına etiraz olaraq noyabrın 9-da Güney Azərbaycanın müxtəlif şəhərlərində, fars şovinizminə qarşı kütləvi aksiyalar keçirilib. Keçirilən aksiya və yürüşlərdə yüzlərlə adam tutulub, bir neçəsi isə polis zorakılığına məruz qalaraq yaralanıb.

Əli