Təbrizdə həbsdə olan vəkil Qasım Bodi eyri-müəyyən vəziyyətdə saxlanılır Güney Azərbaycan

Təbrizdə həbsdə olan vəkil Qasım Bodi eyri-müəyyən vəziyyətdə saxlanılır

O, Şərqi Azərbaycan əyaləti Vəkillər Birliyinin üzvüdür.

Azərbaycanlı vəkil Qasım Bodi həbsindən 4 həftə keçməsinə baxmayaraq Təbriz zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Onun ailəsi bu müddət ərzində dəfələrlə məhkəmə orqanlarına müraciət etmələrinə baxmayaraq heç bir cavab ala bilmədiklərini bildirirlər.

15 oktyabrda təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Təbriz zindanına köçürülən azərbaycanlı vəkil Qasım Bodi hazırda təkadamlıq kameradadır.

Qasım Bodi oktyabrın 25-də başqa iki azərbaycanlı vəkil Sina Yusifi və Əmir Mehdipurla birgə qanunsuz olaraq zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılmalarına, işlərinə baxılmamasına və hüquqlarının pozulmasına etiraz olaraq aclıq aksiyasına başlayacağını bildirmişdi.

Sina Yusifi və Əmir Mehdipur oktyabrın 27-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilsələr də, Qasım Bodi Təbriz zindanında saxlanılır.

Hazırda başqa azərbaycanlı vəkil, oktyabrın 15-də saxlanılan Negin Kiyani də, Təbriz zindanının qadınlar bölməsində qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Qeyd edək ki, vəkillərin həbsi tanınmış vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirməsindən sonra baş verib.

Gunaz.tv