Pakistan etibarlı vasitəçi rolunda Gündəm

Pakistan etibarlı vasitəçi rolunda

Bakir Həsənbəyli: “Pakistanın vasitəçiliyi ona beynəlxalq səviyyədə əlavə nüfuz qazandırır”

Çingiz Şahbazi: “Səfərin məqsədi regional sabitliyi möhkəmləndirməkdir”

Yaxın Şərqdə müharibənin dayandırılmasına dəstək vermək üçün Pakistanın səyləri çərçivəsində Baş nazir Şahbaz Şərif 3-6 iyul tarixlərində İran və Türkiyəyə rəsmi səfər edəcək. Bu barədə "Dawn" nəşri Pakistan Baş nazirinin dəftərxanasındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, səfər zamanı Şərif İran və Türkiyə rəhbərliyi ilə görüşəcək və Tehranla Vaşinqtona sülh prosesi çərçivəsində İslamabad anlaşma memorandumunun şərtlərinə əməl etmək çağırışı ilə müraciət edəcək.
Daha əvvəl İran Prezidenti Məsud Pezeşkian Şahbaz Şəriflə görüşündə region ölkələrini yeni təhlükəsizlik arxitekturasının yaradılması üçün səyləri birləşdirməyə çağırıb. "İslam dövlətlərinin birliyi mövcud çağırışlara qarşı mübarizə aparmağın ən effektiv yoludur", - o qeyd edib.
ABŞ və İran arasındakı kövrək barışıq iyunun 27-də tərəflərin Fars körfəzində qarşılıqlı zərbələr endirməyə başlamasından sonra sarsılıb. ABŞ-nin əməliyyatı İranın rabitə və hava hücumundan müdafiə obyektlərinə, pilotsuz uçuş aparatları anbarlarına və minalama vasitələrinə qarşı yönəldilmişdi. Buna səbəb Hörmüz boğazında neft tankerinə edilən hücum olub.
Pakistanın Baş naziri Şahbaz Şərifin 3-6 iyul tarixlərində İran və Türkiyəyə rəsmi səfərindən gözləntilərlə bağlı qəzetimizə danışan politoloq Bakir Həsənbəyli deyib ki, Pakistanın İran müharibəsinin dayandırılması istiqamətində vasitəçi rolunu üzərinə götürməsi beynəlxalq aləmdə geniş diplomatik rəğbətlə qarşılandı. Bu addımın İslamabada müəyyən iqtisadi üstünlüklər qazandıra biləcəyi düşünülsə də, bu faydaların ölkə iqtisadiyyatının köklü problemlərini həll edib, etməyəcəyi sual altındadır. Pakistanın Baş naziri Şahbaz Şərif və ordu komandanı Asim Münir İran ilə ABŞ arasında keçirilən danışıqlarda iştirak edərək münaqişənin dayandırılması prosesində mühüm rol oynayıblar. Bu vasitəçilik Pakistanın son illərdə beynəlxalq siyasətdə əldə etdiyi ən mühüm diplomatik uğurlardan biri hesab olunur. Münaqişə tərəfləri və bir sıra dünya liderləri Pakistanın bölgədə sabitliyin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndiriblər. Xüsusilə Hörmüz boğazının uzun müddət bağlı qalmasının qarşısının alınması qlobal enerji bazarları və dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyırdı: “Pakistanın vasitəçilik fəaliyyəti ona beynəlxalq səviyyədə əlavə nüfuz qazandırır. Bu nüfuz gələcəkdə iqtisadi və siyasi əməkdaşlıqların genişlənməsinə şərait yarada bilər. Pakistan regionda sabitlik yaradan və tərəflər arasında dialoqu təşviq edən ölkə kimi qəbul edilməyə başlayıb. Bu isə xarici investorların ölkəyə baxışına müsbət təsir göstərə bilər. 250 milyondan çox əhalisi olan Pakistan uzun illərdir iqtisadi qeyri-sabitliklə mübarizə aparır. Dünya Bankının son məlumatlarına görə, ölkənin ümumi daxili məhsulu 371 milyard dollar təşkil edir. İqtisadi artım tempi təxminən 3 faiz səviyyəsində qalıb, inflyasiya isə 12,6 faizə çatıb. Mütəxəssislər hesab edirlər ki, Pakistan əldə etdiyi diplomatik nüfuzu iqtisadi üstünlüklərə çevirmək imkanına malikdir. Bu üstünlüklər bəzi istiqamətlərdə özünü göstərə bilər. İrana tətbiq olunan məhdudiyyətlərin yumşaldılması Pakistan üçün yeni ticarət imkanları yarada bilər. Xüsusilə Bəlucistan bölgəsi üzərindən sərhəd ticarətinin genişlənməsi hər iki ölkənin iqtisadi əlaqələrinə müsbət təsir göstərə bilər”.
B.Həsənbəyli onu da vurğulayıb ki, Pakistanın bölgədə sabitlik yaradan ölkə kimi qəbul olunması Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər körfəz dövlətlərindən yeni sərmayələrin cəlb edilməsinə şərait yarada bilər. Beynəlxalq nüfuzun artması Pakistanın Avropa və Şimali Amerika bazarlarına çıxışını asanlaşdıracaq: “Xüsusilə tekstil məhsulları və informasiya texnologiyaları xidmətləri sahəsində yeni imkanlar yaranacaq. Regionda sabitliyin möhkəmlənməsi enerji daşımaları, nəqliyyat dəhlizləri və iri infrastruktur layihələrinin həyata keçirilməsini sürətləndirəcək. Pakistanın vasitəçilik fəaliyyəti ABŞ və digər Qərb ölkələri ilə münasibətlərin inkişafına da müsbət təsir göstərəcək. Böyük Britaniya rəsmiləri artıq Pakistanla iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarından danışırlar. Bu isə gələcəkdə ticarət əlaqələrinin və qarşılıqlı investisiyaların artmasına səbəb ola bilər. Pakistanın ən böyük qazancı Yaxın Şərq regionunda daha fəal iqtisadi iştirakçıya çevrilmək ola bilər. Bu proses regional ticarət əlaqələrinin genişlənməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın artması, enerji layihələrinin inkişafı, texnologiya və sənaye sahəsində yeni tərəfdaşlıqların qurulması kimi istiqamətlərdə özünü göstərə bilər. Beləliklə, Pakistan həm Şərq, həm də Qərb ölkələri ilə daha balanslı iqtisadi əlaqələr qurmaq imkanın sahib ola bilər. 2001-ci ildə baş verən hadisələrdən sonra Pakistan ABŞ-ın bölgədəki əsas tərəfdaşlarından birinə çevrilib. Pakistan Baş nazirinin 3-6 tarixlərindəki sfərinin əsas məqsədi də yuxarıda qeyd olunan imkanların say və həcminin artırılmasıdır. Sözsüz ki, bu səfər ABŞ-la razılaşdırıldığı üçün nəticə etibarı ilə müəyyən razılığın əldə olunması ehtimalı yüksəkdir”.
Politoloq Çingiz Şahbazinin fikrincə isə, Pakistan Baş naziri Şahbaz Şərifin iyulun əvvəlində İran və Türkiyəyə planlaşdırılan rəsmi səfərləri, sadəcə ikitərəfli münasibətlərin inkişafına deyil, Pakistanın özünü Yaxın Şərq diplomatiyasında əsas oyunçulardan biri kimi təqdim etməsinə daha çox xidmət edir. Əgər Tehran və Ankara ilə əldə ediləcək razılaşmalar praktik nəticələr versə, Pakistan həm siyasi nüfuzunu, həm də iqtisadi əməkdaşlıq imkanlarını kifayət qədər genişləndirə bilər. Həmçinin planlaşdırılan səfər son vaxtlarda Pakistanın vasitəçilik etdiyi ABŞ-İran arasında diplomatik danışıqlar prosesinin davamı kimi də qiymətləndirmək olar. Bu baxımdan səfərin məqsədi regional sabitliyi möhkəmləndirmək və diplomatik irəliləyişi siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsinə çevirməkdir: “Səfər çərçivəsində əsas müzakirə predmeti kimi İran -ABŞ arasında başlanmış diplomatik prosesin gələcək planları və perspektivləri barədə fikir mübadiləsi aparılacaq. Növbəti mərhələləri əhatə edən və gərginliyin yenidən artmasının qarşısının alınması məqsədilə bütün mümkün variantların ələ alınması gözləntiləri var. Pakistan-İran münasibətləri, xüsusilə sərhəd təhlükəsizliyi, ticarət, enerji və nəqliyyat layihələrinin səfər çərçivəsində müzakirəsi gözlənilir. Pakistan-Türkiyə arasında müdafiə sənayesi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ələ alınması gözləntiləri var. Yaxın Şərqdə və Cənubi Asiyada sabitliyin qorunub saxlanılması və həmçinin bu üç ölkənin regional koordinasiyasının genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində birgə təşəbbüslə çıxış etmək imkanı əldə edilməsi gözlənilir. Bütün bunlar Pakistanın gücünə güc qatır və beynəlxalq aləmdə diplomatik nüfuzunu möhkəmləndirir. Həmçinin Pakistan etibarlı vasitəçi rolunu oynamağa davam edir. İranla münasibətlərin inkişafı Pakistan üçün enerji və sərhəd ticarəti baxımından yeni imkanlar yarada bilər. Türkiyə, Körfəz ölkələri və İranla iqtisadi inteqrasiyanın güclənməsi üçün zəmin formalaşması ehtimalı yüksəkdir. Bu baxımdan səfərin məhsuldarlığı bir tək diplomatik uğurları özündə ehtiva etmir, həmçinin Pakistan iqtisadiyyatının struktur problemlərini həll etməklə yanaşı, həm də daxili iqtisadi inkişaf və islahatların həllinə dəstək verəcək”.

Cavid