
ABŞ və İran arasında iyunun 15 -də razılaşma əldə olunsa da, iki ölkə arasında yenidən qarşılıqlı hücumlar baş verib. Bununla yanaşı, danışıqlar prosesi də gedir. Son məlumatlara görə, İran prezidenti Məsud Pezeşkian bildirib ki, İranın dondurulmuş 6 milyard dollar həcmində aktivləri azad edilərək Qətər vasitəsilə İrana qaytarılacaq.
“Xalq Cəbhəsi” mövzunu politoloqlarla müzakirə edib.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənovanın sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İranın Dohada danışıqlara razılıq verdiyi barədə açıqlaması və bunun ardınca Tehranın bu məlumatı təkzib etməsi Yaxın Şərqdə diplomatik prosesin hələ də qeyri-müəyyən mərhələdə olduğunu göstərir: “Bu ziddiyyətli bəyanatlar onu deməyə əsas verir ki, tərəflər hərbi qarşıdurmanı nəzarətdə saxlamağa çalışsalar da, siyasi etimadın formalaşması üçün ciddi maneələr qalmaqdadır. Hörmüz boğazında baş verən son silahlı insidentlər bir daha nümayiş etdirdi ki, qlobal enerji təhlükəsizliyi və beynəlxalq ticarət marşrutları regiondakı geosiyasi gərginlikdən birbaşa asılıdır. Dünyanın ən strateji dəniz keçidlərindən biri olan Hörmüz boğazında hər hansı eskalasiya yalnız regional deyil, həm də qlobal iqtisadi riskləri artırır. Bu baxımdan ABŞ-nin hərbi cavabı və eyni zamanda diplomatik kanalları açıq saxlamaq cəhdi Vaşinqtonun ikili strategiyasını əks etdirir. ABŞ bir tərəfdən çəkindirmə siyasəti yürüdür, digər tərəfdən isə danışıqlar üçün imkanları qorumağa çalışır”.
“Tehran sərt mövqe nümayiş etdirməyə üstünlük verir”
Ş.Həsənova diqqətə çatdırıb ki, İranın ABŞ ilə yaxın günlərdə heç bir danışığın keçirilməyəcəyini bəyan etməsi isə Tehranın danışıqlar prosesində siyasi və diplomatik üstünlüyü itirməməyə çalışdığını göstərir: “İran üçün əsas məqsəd hərbi təzyiqlər fonunda zəif görünmədən mümkün razılaşmalara nail olmaqdır. Bu səbəbdən rəsmi Tehran ictimai ritorikada sərt mövqe nümayiş etdirməyə üstünlük verir. İran prezidenti Məsud Pezeşkian da bazar ertəsi dövlət mediasına açıqlamasında bildirib ki, Qətər İranın dondurulmuş təxminən 12 milyard dollarlıq vəsaitinin 6 milyard dollarını azad edəcək. ABŞ və İran arasında bağlanmış müvəqqəti razılaşmaya əsasən bu vəsaitin sərbəst buraxılması yeni nüvə sazişinin icrası ilə əlaqələndirilmişdi. ABŞ rəsmiləri isə bildiriblər ki, indiyədək İranın heç bir dondurulmuş aktivi azad edilməyib”.
Təhlükəsizlik gündəliyi
Politoloq eləcə də deyib ki, paralel olaraq Livan və İsrail istiqamətində baş verən hadisələr də göstərir ki, regionda təhlükəsizlik gündəliyi yalnız İran-ABŞ münasibətləri ilə məhdudlaşmır: “Hizbullahın silahsızlaşdırılması tələbi İsrail qoşunlarının Cənubi Livandan çıxarılmasının bu proseslə əlaqələndirilməsi və İranın Hizbullah üzərində təsir imkanları Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının hələ də mürəkkəb geosiyasi balans üzərində qurulduğunu nümayiş etdirir. Ümumilikdə, mövcud vəziyyət göstərir ki, hərbi eskalasiyanın davam etdirilməsi nə ABŞ, nə İran, nə də region dövlətlərinin maraqlarına tam uyğun gəlir. Buna baxmayaraq tərəflər arasında etimad çatışmazlığı və qarşılıqlı ittihamlar danışıqlar prosesini son dərəcə həssas edir. Əgər Doha platformasında və ya digər vasitəçilik mexanizmləri çərçivəsində dialoq bərpa olunsa, bu, ilk növbədə gərginliyin idarə olunmasına xidmət edəcək. Lakin uzunmüddətli və davamlı siyasi razılaşmanın əldə olunması üçün yalnız hərbi qarşıdurmanın dayandırılması kifayət etməyəcək. Tərəflərin regional təhlükəsizlik, nüvə proqramı və qarşılıqlı öhdəliklər üzrə daha geniş siyasi kompromisə gəlməsi həlledici əhəmiyyət daşıyacaq”.
“Müharibənin dayandırılması ilə bağlı konkret razılıq yoxdur”
Politoloq Turan Rzayev qeyd edib ki, İranın dondurulmuş 6 milyard dollar həcmində aktivləri azad edilərək Qətər vasitəsilə ölkəyə qaytarılması mümkün variantdır və burada qeyri-adi bir şey yoxdur: “Çünki hazırda danışıqlarda tək razılıq olan məsələ budur. Amma bunun müqabilində nə olacaq? Mən ilk gündən Hörmüz boğazında keçid-rüsum sisteminin yaradılmasına inanmıram. Hörmüz boğazı kanal deyil. Ora təbii coğrafi ərazidir və o ərazidən heç kəs gömrük haqqı tələb edə bilməz. Yəni bu, alınmayacaq. Tərəflər arasında hələlik müharibənin dayandırılması ilə bağlı konkret razılıq yoxdur. Bu da çox mühüm bir detaldır. Yəni hesab edirəm ki, 6 milyard dollar həcmində aktivlərin azad edilərək qaytarılması reallaşacaq. Amma hələlik daha böyük məbləğlərdən danışa bilmirik. Bu, adətən danışıqlardan öncə tərəfləri uzlaşdıra biləcək etimad mühiti yaratmağa hesablanmış addım kimi qiymətləndirilə bilər. Amma geniş miqyasda nəticədən danışmaq çox tezdir”.
İsrail Livanın ərazisini tərk etməsə
Politoloq Rizvan Hüseynov söyləyib ki, ABŞ-İran danışıqları çox çətin şəraitdə keçir və imzalanan Memorandum hələ sülh əldə olunacağı demək deyil: “Ümumən 60 günlük danışıqlar formatı var və münaqişənin davam etməsində də maraqlı tərəflər var. Ən ciddi problem İsrail-Livan münaqişəsini dayandırmaqdır. Bu, prinsipial şərtdir. İran bu şərti qoyub. Yəqin ki, ən çətin məsələlər də buradadır. Yəni Livanda dayanıqlı sülh əldə olunmasa və İsrail ordusu Livanın ərazisini tərk etməsə ABŞ-İran danışıqlarında ciddi problemlər olacaq”.
Röya İsrafilova