Avropa İttifaqının Türkiyə dönüşü: ümumi təhlükəsizlik maraqları və ziddiyyətli məqamlar Gündəm

Avropa İttifaqının Türkiyə dönüşü: ümumi təhlükəsizlik maraqları və ziddiyyətli məqamlar

Qlobal geosiyasi nizamın yenidən formalaşdığı, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki münaqişələrin beynəlxalq təhlükəsizlik memarlığını sınağa çəkdiyi bir dövrdə Avropa İttifaqı (Aİ) Türkiyə ilə münasibətlərə yenidən baxmağa məcbur görünür. Aİ-nin yüksək rütbəli rəsmilərinin – xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Kaya Kallas, genişlənmə məsələləri üzrə komissar Marta Kos və daxili işlər və miqrasiya üzrə komissar Maqnus Brunnerin Türkiyəyə səfəri də rəsmi Brüsselin Ankaranın bölgədəki və dünyadakı strateji əhəmiyyətini daha dərindən dərk etdiyini göstərir. İstər miqrasiya böhranı, istərsə də enerji və hərbi təhlükəsizlik məsələlərində Türkiyəsiz Avropanın maraqlarını təmin etmək və qitənin təhlükəsizliyini qorumaq artıq mümkünsüz görünür. Bütün bu proseslərin fonunda Türkiyə isə sadəcə Aİ-dən asılı ölkə deyil, Türk Dövlətləri Təşkilatı kimi platformalarla qlobal güc mərkəzinə çevrilməkdədir.
Mövzu ilə bağlı Azərbaycan Milli Məclisinin deputatları mövcud vəziyyəti, dəyişən reallıqları və Aİ-Türkiyə münasibətlərinin gələcək perspektivlərini “Xalq Cəbhəsi”nə şərh ediblər.

Avropanın hərbi reallığı

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa diqqətə çatdırıb ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı hərbi güc amilinin beynəlxalq münasibətlərdəki rolunu daha aydın şəkildə görməyə başlayıb: “Mövcud geosiyasi reallıqlar Avropanı Türkiyə ilə münasibətlərə yenidən baxmağa vadar edir. Türkiyəni hansısa səbəblərlə Avropa təhlükəsizlik sistemindən kənarda saxlamaq və Ankara ilə münasibətləri qeyri-obyektiv yanaşmalar üzərində qurmaq Avropanın öz maraqlarına uyğun deyil. Çünki Türkiyə hərbi potensialına görə Avropanın ən güclü ölkələrindən biridir və bu imkanlardan imtina etmək ağıllı siyasət hesab oluna bilməz”.
Fazil Mustafa bildirib ki, ayrı-ayrı ölkələrin və siyasi dairələrin təsiri ilə Türkiyə ilə bağlı qərarların formalaşdırılması Avropanın ümumi təhlükəsizlik maraqlarına ziddir: “Bu gün Avropanın təhlükəsizlik çağırışları qarşısında Türkiyənin rolu daha aydın görünür. NATO çərçivəsində keçirilən müzakirələr və Avropa İttifaqı nümayəndələrinin Ankara ilə dialoqu genişləndirmək istiqamətində atdığı addımlar Türkiyənin əhəmiyyətinin dərk edildiyini göstərir. Türkiyənin Avropa İttifaqı ilə münasibətlərində yeni mərhələnin yaranması mümkündür. Türkiyə də yaranmış bu imkanları düzgün qiymətləndirərək öz milli maraqlarını təmin edə biləcək addımlar atacaq. Hazırkı proseslər göstərir ki, Türkiyənin strateji əhəmiyyəti artıq daha geniş şəkildə qəbul olunur”.

Yeni güc mərkəzləri

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Avropa İttifaqı hazırda həm iqtisadi, həm də hərbi təhlükəsizlik baxımından ən mürəkkəb dövrlərindən birini yaşayır: “Qlobal geosiyasi dəyişikliklər Avropanın təhlükəsizlik arxitekturasına yenidən baxmasını zəruri edib. Artıq NATO əvvəlki kimi yalnız Şimali Atlantika məkanı ilə məhdudlaşmır, Avropanın təhlükəsizlik sistemində daha böyük rol oynamağa başlayıb. Lakin burada da müəyyən balans problemləri yaranır. Avropanın təhlükəsizliyini Atlantik əməkdaşlıq olmadan təsəvvür etmək mümkün deyil. Avropanın qarşılaşdığı problemlər yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır.
Dünyada istehsal mərkəzlərinin Avropadan digər regionlara, xüsusilə Çin, Cənub-Şərqi Asiya və Hindistan kimi istiqamətlərə keçməsi Avropa iqtisadiyyatına ciddi təsir göstərir. Bununla yanaşı, demoqrafik problemlər və əmək bazarında yaranan çətinliklər də Avropa üçün əlavə çağırışlar yaradır”.
Deputatın sözlərinə görə, bütün bu problemlərə baxmayaraq, Avropa İttifaqının Türkiyəni tamhüquqlu üzv kimi qəbul etməsi yaxın perspektivdə real görünmür: “Avropa İttifaqının Türkiyə ilə münasibətlərində müəyyən məhdudiyyətlər qalır. Mən hesab edirəm ki, Türkiyə üçün də bu gün əsas məsələ yalnız Avropa İttifaqı üzvlüyü deyil. Türkiyə öz gücü, iqtisadi imkanları və hərbi potensialı ilə artıq regional və qlobal miqyasda mühüm aktora çevrilib.
Türkiyənin gələcək inkişaf perspektivləri yeni əməkdaşlıq formatları ilə də bağlıdır.
Azərbaycan-Türkiyə münasibətləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan əməkdaşlıq gələcəkdə mühüm güc mərkəzlərindən birinə çevrilə bilər. Türkiyə daha da gücləndikcə, onun qlobal siyasətdə imkanları və təsir dairəsi də genişlənəcək”.

Aİ-nin Türkiyəyə məcburi qayıdışı

Milli Məclisin deputatı Azər Badamov söyləyib ki, Türkiyə bu gün dünyada gedən geosiyasi proseslərə təsir imkanlarına malik əsas regional və qlobal aktorlardan biridir: “Beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərin baş verdiyi, yeni güc mərkəzlərinin formalaşdığı bir dövrdə dövlətlər də öz xarici siyasət prioritetlərini dəyişən reallıqlara uyğunlaşdırırlar. Avropa İttifaqı da hazırda enerji təhlükəsizliyi, miqrasiya, regional münaqişələr və müdafiə məsələləri ilə bağlı ciddi çağırışlarla üz-üzədir. Belə bir şəraitdə Avropa İttifaqı üçün Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Baxmayaraq ki, Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlük prosesi uzun illər müxtəlif siyasi maneələrlə üzləşib, mövcud geosiyasi reallıqlar Ankara ilə əməkdaşlığın yeni formatlarda davam etdirilməsini zəruri edir”.
Azər Badamov bildirib ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın, genişlənmə məsələləri üzrə komissarı Marta Kosun və daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunnerin Türkiyəyə səfəri məhz bu baxımdan mühüm hadisədir: “Bu səfər Türkiyənin beynəlxalq təhlükəsizlik sistemində artan rolunun göstəricisidir. Xüsusilə NATO çərçivəsində Ankaranın oynadığı mühüm rol, hərbi-siyasi imkanları və Avropanın təhlükəsizlik arxitekturasındakı yeri Avropa İttifaqı tərəfindən daha aydın şəkildə dərk olunur”.

Deputatın sözlərinə görə, görüşlər zamanı təhlükəsizlik, miqrasiya, enerji, müdafiə sənayesi və iqtisadi əməkdaşlıq kimi istiqamətlər əsas müzakirə mövzuları olacaq: “Ukraynada davam edən müharibə, Yaxın Şərqdəki gərginlik və Qara dəniz hövzəsində artan təhlükəsizlik riskləri Türkiyə ilə Avropa İttifaqı arasında əməkdaşlığın vacibliyini daha da artırır. Türkiyə həm coğrafi mövqeyi, həm də regional təsir imkanları baxımından Avropanın mühüm tərəfdaşlarından biridir.
Avropa İttifaqı nümayəndələrinin Türkiyəyə səfəri tərəflərin mövcud çağırışlar fonunda dialoqu dərinləşdirmək və ortaq maraqlar üzrə əməkdaşlığı genişləndirmək niyyətini nümayiş etdirir. Bu proses Türkiyənin gələcək qlobal geosiyasi düzəndə və Avropanın təhlükəsizlik sistemində strateji rolunun daha çox qəbul edildiyini göstərir”.

Günel Elxan