Neft bazarında yeni mərhələ - qiymətlər ucuzlaşır İqtisadiyyat

Neft bazarında yeni mərhələ - qiymətlər ucuzlaşır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,26 dollar və ya 0,34 faiz azalaraq 75,34 dollar olub. Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. ABŞ ilə İran arasında hərbi-siyasi gərginliyin səngiməsi, Hörmüz boğazında neft daşımalarının tədricən normallaşması və qlobal bazarda təklifin yenidən artacağına dair proqnozlar dünya enerji bazarlarında yeni qiymət mərhələsinin başlanacağını, neftin ucuzlaşacağını göstərir. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Hazırki qiymətlər ölkəmiz üçün əlverişli olsa da, gələcəkdə qiymətlərin 50 dollara qədər düşməsi növbəti illər üçün müəyyən risklər yaradır.

Qlobal bazarda yenidən təklif çoxluğu yaranır

Beynəlxalq investisiya bankı Goldman Sachs və digər analitik mərkəzlərin son qiymətləndirmələrinə görə, yaxın aylarda dünya bazarında neft təklifinin tələbi üstələməsi nəticəsində qiymətlər üzərində aşağı istiqamətli təzyiqlər güclənə bilər. Mütəxəssislər hesab edirlər ki, son aylarda neft bazarında müşahidə olunan qiymət artımının əsas səbəbi iqtisadi amillərdən daha çox geosiyasi risklər idi. ABŞ-İran qarşıdurması, Hörmüz boğazında mümkün blokada təhlükəsi və Yaxın Şərqdə genişmiqyaslı müharibə ehtimalı bazarlarda ciddi narahatlıq yaratmışdı. Lakin münaqişənin genişlənməməsi və daşımaların əvvəlki rejimə qayıtması ilə risk mükafatı ("risk premium") tədricən qiymətlərdən çıxmağa başlayır.
"Goldman Sachs"ın qiymətləndirməsinə əsasən, strateji neft ehtiyatlarının bərpası müəyyən qədər əlavə tələbat yaratsa da, bu, bazarda formalaşacaq təklif çoxluğunu tam kompensasiya etməyəcək. Hesablamalara görə, 2026-cı ildə dünya bazarında gündəlik neft təklifi tələbi təxminən 3 milyon barel üstələyəcək. Strateji ehtiyatların doldurulması nəticəsində gündəlik əlavə 1 milyon barel həcmində tələbat yaransa belə, bazarda yenə də gündəlik təxminən 2 milyon barellik profisit qalacaq.
Bu isə o deməkdir ki, neft bazarı yenidən klassik tələb-təklif qanunları ilə işləməyə başlayacaq və qiymətlər üzərində əsas təzyiq təklif bolluğundan qaynaqlanacaq.
Digər mühüm amil İran neftinin dünya bazarına daha geniş həcmdə qayıtmasıdır. Sanksiyaların yumşaldılması və dəniz daşımalarının bərpası nəticəsində İran qısa müddətdə milyonlarla barel nefti beynəlxalq bazarlara çıxarmağa nail olub. Bu da qlobal təklifin daha da artmasına səbəb olur.
Bununla yanaşı, ABŞ-da şist nefti hasilatının yüksək səviyyədə qalması, OPEC+ ölkələrinin hasilat siyasətində mümkün yumşalmalar və dünya iqtisadiyyatında artım tempinin zəifləməsi də qiymətlərin aşağı düşməsini şərtləndirən əsas amillər sırasında göstərilir.
Analitiklər qeyd edirlər ki, bazarda geosiyasi risklərin azalması artıq qiymətlərdə öz əksini tapmağa başlayıb. "Brent" markalı neft son rübdə son onilliklərin ən böyük enişlərindən birini nümayiş etdirib. ABŞ-ın WTI markalı nefti də pandemiyadan sonrakı dövrün ən kəskin geriləməsini yaşayıb.
Əgər Yaxın Şərqdə vəziyyət sabit qalarsa və dünya iqtisadiyyatında ciddi canlanma baş verməzsə, yaxın aylarda neft qiymətlərinin 60–70 ABŞ dolları diapazonunda sabitləşməsi ehtimalı artır. Bəzi beynəlxalq maliyyə institutları isə qiymətlərin daha aşağı səviyyələrə enməsini də istisna etmirlər.

Azərbaycana mümkün təsirlər

Neft qiymətlərində mümkün ucuzlaşma Azərbaycan iqtisadiyyatı üçün də mühüm əhəmiyyət daşıyır. Çünki son illərdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılsa da, neft-qaz sektoru hələ də dövlət büdcəsinin gəlirlərinin, ixracın və valyuta daxilolmalarının əsas mənbələrindən biri olaraq qalır.
Azərbaycanın dövlət büdcəsində neft gəlirlərinin payı əvvəlki illərlə müqayisədə azalsa da, büdcənin mühüm hissəsi hələ də neft sektorundan formalaşır. Bu baxımdan qiymətlərin uzun müddət aşağı səviyyədə qalması büdcə gəlirlərinin azalmasına səbəb ola bilər.
Xüsusilə Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin maliyyə dayanıqlığının qorunması baxımından neft qiymətləri mühüm rol oynayır. Qiymətlərin kəskin enməsi Neft Fondunun gəlirlərinin azalmasına, nəticədə büdcə siyasətində daha ehtiyatlı yanaşmaların tətbiqinə səbəb ola bilər.
Azərbaycanın ixracının böyük hissəsini neft və təbii qaz təşkil edir. Neft qiymətlərinin aşağı düşməsi ixrac gəlirlərinin azalmasına gətirib çıxara bilər. Bu isə ölkənin cari əməliyyatlar balansına müəyyən təzyiq yarada bilər.
Lakin son illərdə qaz ixracının genişlənməsi, xüsusilə Avropa bazarlarında Azərbaycanın mövqeyinin güclənməsi müəyyən kompensasiyaedici rol oynaya bilər. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, yeni ixrac bazarlarının açılması və qaz satışının artması neft gəlirlərində mümkün azalmaların bir hissəsini tarazlaşdıra bilər.
Bir çox vətəndaşı maraqlandıran əsas suallardan biri də manatın məzənnəsi ilə bağlıdır. Mütəxəssislərin fikrincə, hazırkı mərhələdə manatın sabitliyi üçün ciddi risklər müşahidə olunmur. Bunun əsas səbəbi Azərbaycanın böyük valyuta ehtiyatlarına malik olmasıdır. Dövlət Neft Fondunun və Mərkəzi Bankın strateji valyuta ehtiyatları ölkənin xarici öhdəliklərini dəfələrlə üstələyir.
Digər tərəfdən, Mərkəzi Bankın tətbiq etdiyi sabit məzənnə siyasəti və kifayət qədər valyuta ehtiyatlarının mövcudluğu qısamüddətli qiymət dəyişikliklərinin milli valyutaya təsirini minimuma endirir. Ancaq neft qiymətlərinin uzun müddət aşağı səviyyədə qalması fiskal və monetar siyasətdə müəyyən korrektələrin edilməsini zəruri edə bilər.

Qeyri-neft sektorunun əhəmiyyəti daha da artır

Mövcud vəziyyət bir daha göstərir ki, Azərbaycanın uzunmüddətli iqtisadi təhlükəsizliyi yalnız enerji gəlirlərindən asılı olmamalıdır. Son illərdə sənaye parklarının yaradılması, kənd təsərrüfatının inkişafı, rəqəmsal iqtisadiyyat, logistika, turizm və yaşıl enerji sahələrinə yönələn investisiyalar məhz bu məqsədə xidmət edir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sənaye və enerji layihələri, bərpa olunan enerji istehsalı, nəqliyyat-logistika dəhlizlərinin inkişafı gələcəkdə qeyri-neft ixracının artmasına imkan verə bilər.
ABŞ-İran münasibətlərində gərginliyin azalması və Hörmüz boğazında vəziyyətin normallaşması qlobal neft bazarında yeni reallıq formalaşdırır. Beynəlxalq analitiklərin proqnozları yaxın dövrdə bazarda təklif bolluğunun yaranacağını və bunun qiymətlərə aşağı istiqamətli təsir göstərəcəyini deməyə əsas verir.
Azərbaycan üçün bu proses həm müəyyən risklər, həm də yeni imkanlar yaradır. Qısamüddətli dövrdə aşağı neft qiymətləri büdcə gəlirləri və ixrac daxilolmalarına mənfi təsir göstərə bilsə də, ölkənin güclü maliyyə ehtiyatları bu riskləri yumşaltmağa imkan verir. Daha vacibi isə odur ki, belə dövrlər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, innovasiya və yüksək texnologiyalara əsaslanan istehsalın genişləndirilməsi istiqamətində həyata keçirilən islahatların sürətləndirilməsinin vacibliyini bir daha nümayiş etdirir. Məhz bu istiqamətdə ardıcıl siyasət Azərbaycanın gələcəkdə qlobal enerji bazarlarındakı qiymət dəyişkənliyindən daha az asılı olan dayanıqlı iqtisadi model formalaşdırmasına imkan verə bilər.
Neft bazarının gələcək inkişaf trayektoriyasına təsir edəcək əsas amillərdən biri də OPEC+ ölkələrinin hasilat siyasəti olacaq. Əgər bazarda təklif profisiti daha da artarsa və qiymətlər kəskin enməyə başlarsa, kartelin hasilatın azaldılması ilə bağlı yeni qərarlar qəbul etməsi istisna edilmir. Bununla belə, üzv ölkələrin bazar payını qorumaq istəyi hasilat məhdudiyyətlərinin effektivliyini azalda bilər. Digər tərəfdən, dünya iqtisadiyyatında gözlənilən artım tempinin zəifləməsi, elektromobillərin geniş yayılması, enerji səmərəliliyinin yüksəlməsi və bərpa olunan enerji mənbələrinin payının artması uzunmüddətli perspektivdə neftə olan tələbatın artım tempini məhdudlaşdıran amillər kimi çıxış edir. Bu baxımdan Azərbaycan da qlobal enerji bazarlarında baş verən struktur dəyişikliklərini diqqətlə izləməli, neft gəlirlərindən asılılığın daha da azaldılması, qeyri-neft ixracının genişləndirilməsi və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin inkişafı istiqamətində həyata keçirilən islahatları sürətləndirməlidir. Bu yanaşma qlobal enerji bazarında mümkün qiymət dalğalanmalarının milli iqtisadiyyata təsirini minimuma endirməyə və uzunmüddətli makroiqtisadi sabitliyi təmin etməyə imkan verəcək.
M.Həmzəoğlu