
Son illərdə Azərbaycan Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsində fəal və aparıcı rol oynayan ölkələrdən biri kimi çıxış edir. Ölkənin xarici siyasət kursu Türk dünyası ilə inteqrasiyanın dərinləşdirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Bu çərçivədə ortaq tarix, dil və mədəni dəyərlərə əsaslanan əməkdaşlıq platformaları daha da genişlənir və institusional xarakter alır. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslər bu prosesə mühüm təkan verir. Həm ikitərəfli, həm də çoxtərəfli formatlarda həyata keçirilən görüşlər və layihələr Türk dövlətləri arasında strateji tərəfdaşlığın güclənməsinə, qarşılıqlı etimadın artmasına və regional inteqrasiyanın dərinləşməsinə xidmət edir.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “Xalq Cəbhəsi”nə bildirib ki, Azərbaycanın müasir xarici siyasət strategiyasının əsas hədəflərindən biri olan Türk dünyasının inteqrasiyası və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qaldırılması ölkəmizin regiondakı geosiyasi çəkisini və tarixi missiyasını təcəssüm etdirən fundamental bir prosesdir: “Prezident İlham Əliyevin şəxsi təşəbbüsləri və siyasi iradəsi ilə formalaşdırılan bu xətt, sadəcə, iqtisadi-mədəni əməkdaşlıq çərçivəsini aşaraq, qlobal siyasətdə yeni bir güc mərkəzinin – Türk dünyasının vahid siyasi iradəsinin təşəkkülünə ciddi təkan verib. Aydındır ki, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsini rəsmiləşdirən hüquqi sənəd olmaqla yanaşı, bütövlükdə Türk dünyasının birliyi üçün də bir "yol xəritəsi" rolunu oynayır. Bu sənəddə təsbit olunmuş qarşılıqlı dəstək və strateji tərəfdaşlıq prinsipləri Türk Dövlətləri Təşkilatının təsis edilməsi və genişləndirilməsi prosesində də təməl daşı kimi çıxış edir. Bəyannamənin ruhu, xalqlarımızın tarixi köklərinə və ortaq dəyərlərinə əsaslanaraq beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində birgə hərəkət etmək öhdəliyini özündə ehtiva edir. Bu da regional təhlükəsizliyin və davamlı sabitliyin təmin olunmasında həlledici amildir”.
“Azərbaycan bu birliyin möhkəmləndirilməsinə töhfəsini verir”
B.Məhərrəmovun fikirlərinə görə, Azərbaycan haqlı olaraq Türk dünyasının birliyini milli təhlükəsizliyin və dövlətçiliyin əsas qarantlarından biri kimi görür və bu birliyin möhkəmləndirilməsinə öz töhfəsini verməkdə davam edir: “Prezident İlham Əliyevin Türk dünyasının birliyinə dair verdiyi mesajlar, Türk dünyasını xarici siyasətinin prioriteti elan etməsi bu siyasətin strateji əhəmiyyətini bütün aydınlığı ilə ortaya qoyur. Dövlət başçımızın ifadə etdiyi kimi, "Bizim başqa bir ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır". Bu prinsipial yanaşma Azərbaycanın xarici siyasətində Türk dövlətləri ilə əlaqələri prioritet istiqamət kimi müəyyənləşdirmiş və ölkəmizin bu prosesin katalizatoru qismində çıxış etməsini şərtləndirib. Prezidentin "Türk dünyası böyük bir ailədir, bu ailənin üzvləri bir-birini dəstəkləməli, bir-birinin maraqlarını beynəlxalq müstəvidə qorumalıdır" tezisi qarşılıqlı siyasi-diplomatik koordinasiyanın vacibliyini vurğulayır. Bu yanaşma çərçivəsində Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda, xüsusən də iqtisadi, enerji və logistika sahələrində Türk dünyasının potensialının səfərbər edilməsi üçün sistemli addımlar atır”.
Türk dövlətləri arasında inteqrasiya
O həmçinin bildirib ki, Türk dövlətləri arasında inteqrasiya prosesi yalnız regional sabitlik üçün deyil, həm də qlobal enerji və nəqliyyat təhlükəsizliyi üçün kritik əhəmiyyət kəsb edir: “Azərbaycanın təşəbbüskarı olduğu və reallaşdırdığı "Orta Dəhliz" layihəsi Türk dünyasını vahid bir logistik şəbəkədə birləşdirərək, Şərq ilə Qərb arasında təhlükəsiz və səmərəli körpü yaradır. Prezidentin bu istiqamətdəki fəaliyyəti Türk dövlətlərinin iqtisadi müstəqilliyinin güclənməsinə, infrastruktur və rəqəmsal sahədə qarşılıqlı asılılığın artırılmasına yönəlmişdir ki, bu da uzunmüddətli perspektivdə Türk dünyasının qlobal güc mərkəzi kimi çıxış etməsinə şərait yaradır. Bu prosesin daha effektiv realizəsi üçün isə Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi inteqrasiyanı stimullaşdırmaq üçün hüquqi bazanın çevikləşdirilməsi və institusional əlaqələrin dərinləşdirilməsi zəruridir”.
“Qarşıda ciddi vəzifələr var”
Deputat vurğulayıb ki, "Orta Dəhliz"in potensialını tam reallaşdırmaq üçün üzv ölkələr arasında "Yaşıl Dəhliz" prinsipinin tətbiqini hüquqi cəhətdən məcburi edən vahid rəqəmsal gömrük platformasının yaradılması kritik əhəmiyyət kəsb edir: “Habelə Türk İnvestisiya Fondunun fəaliyyətini tənzimləyən hüquqi çərçivənin üzv dövlətlərin kiçik və orta sahibkarlıq subyektlərinə birbaşa investisiya qoyuluşunu və güzəştli kreditləşməni təşviq edəcək şəkildə genişləndirilməsi, enerji resurslarının nəqli və bərpa olunan enerji sahəsində əməkdaşlığı tənzimləyən, həmçinin rəqəmsal ticarət və kibertəhlükəsizlik sahəsində vahid qanunvericilik bazasının formalaşdırılması Türk dünyasını qlobal texnoloji xəritədə daha rəqabətqabiliyyətli edə bilər. Bu addımlar təşkilatın sadəcə bir dialoq platforması olaraq deyil, həm də iqtisadi baxımdan vahid, güclü bir blok olaraq inkişafını təmin edəcəkdir. Göründüyü kimi, qarşıda ciddi vəzifələr var və Azərbaycan Prezidentinin nümayiş etdirdiyi qətiyyət bu vəzifələrin reallaşdırılma perspektivi ilə bağlı əhəmiyyətli nikbinlik yaradır. Bu isə həm də o deməkdir ki, Azərbaycanın Türk dövlətləri ilə əlaqələrinin qurulmasındakı rolu təkcə tarixi və etnik köklərə deyil, həm də müasir çağırışlara cavab verən, hüquqi bazası möhkəm və strateji uzaqgörənliyə malik bir siyasətə əsaslanır”.
“Türk dünyası böyük sivilizasiya məkanıdır”
Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib ki, Türk dünyası geniş coğrafiyanı əhatə edən, zəngin təbii resurslara, mühüm tranzit imkanlarına, gənc insan kapitalına və qədim dövlətçilik ənənələrinə sahib böyük sivilizasiya məkanıdır: “Müasir dövrdə də türk dövlətləri arasında əməkdaşlığın institusional əsaslarla inkişaf etməsi, ortaq siyasi iradənin formalaşması və qarşılıqlı strateji maraqların yaxınlaşması türk dünyasının gələcəkdə qlobal güc mərkəzlərindən birinə çevrilməsi üçün real imkanlar yaradılmalıdır. Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib. Prezident İlham Əliyevin siyasətində Türk dünyasının birliyinin gücləndirilməsi mühüm yer tutur. Bu gün türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini nəzərə alsaq, bu böyük ailənin inteqrasiyasının, birliyinin nə dərəcədə möhtəşəm nəticələr verə biləcəyini təsəvvür etmək çətin deyil. Azərbaycan da bu qlobal təşkilatın yaranmasında və önəmli pay sahibi olmasında yaxından iştirak edib, hər zaman türk dünyasının sıx birləşməsinə çalışıb. Son illər Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edib. Artıq Azərbaycan türk dövlətlərinin sərhədlərindən kənarda yaşayan soydaşlarımızın problemləri təşkilatın gündəliyinə gətirilməsinə başlayıb”.
TDT qlobal güc mərkəzinə çevrilir
M.Cəfərov qeyd edib ki, Prezident İlham Əliyev ortaq köklərə və mədəniyyətə malik türk dövlətlərini bir araya gətirməkdə və Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzinə çevrilməsində tarixi rol oynayır: “Cənab Prezident İlham Əliyev təşkilatın hər bir üzvünü gücləndirən inteqrasiya siyasətini qətiyyətlə dəstəkləyir. Müasir beynəlxalq münasibətlər sistemində böyük dövlətlər və aparıcı siyasi güclər türk dünyasının artan geosiyasi, iqtisadi və strateji potensialını artıq daha aydın şəkildə görürlər. Türk dövlətlərinin yerləşdiyi geniş coğrafiya, enerji resursları, tranzit imkanları və beynəlxalq nəqliyyat-kommunikasiya xətlərində oynadığı rol bu məkanı qlobal güc balansında mühüm aktorlardan birinə çevirir. Məhz buna görə bir çox dövlətlərin türk dünyası ilə münasibətlərini genişləndirməyə xüsusi maraq göstərməsi təsadüfi xarakter daşımır. Bu siyasət, eyni zamanda, türk dünyasının gələcəkdə daha təşkilatlanmış və təsirli geosiyasi gücə çevriləcəyinə verilən strateji qiymətləndirmənin göstəricisidir”.
Röya İsrafilova