Şəxsi həyatın sosial media nümayişi: özünü təsdiq ehtiyacı, yoxsa psixoloji tələ? Gündəm

Şəxsi həyatın sosial media nümayişi: özünü təsdiq ehtiyacı, yoxsa psixoloji tələ?

Müasir dövrdə sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilməklə yanaşı, həm də fərdi məkan anlayışımızın sərhədlərini yenidən müəyyənləşdirib. İndi bir çoxları üçün gündəlik həyatın ən kiçik detallarını, ailə daxilindəki hadisələri və ya övladlarının böyümə prosesini virtual məkanda geniş kütləyə nümayiş etdirmək adi hala çevrilib. Lakin hər kəsə açıq olan bu rəqəmsal “sərgiləmə” çox vaxt reallığı əks etdirməyən “ideal həyat” illüziyası yaradır və sonda həm paylaşım edənin, həm də izləyicilərin psixologiyasına ciddi təsir göstərir. Bəs ailə həyatının sosial mediada fəal şəkildə işıqlandırılmasının arxasında hansı psixoloji və sosioloji amillər dayanır? Bu tendensiya sadəcə ünsiyyət formasıdır, yoxsa daxili natamamlıq hissindən doğan özünü təsdiq cəhdi? Xüsusilə də uşaqların xəbərsiz şəkildə rəqəmsal kimliyinin formalaşdırılması gələcəkdə hansı riskləri vəd edir?


“Virtual asılılıq”

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən psixoloq Nizami Orucov bildirib ki, sosial şəbəkələr özlüyündə faydalı ünsiyyət vasitəsi olsa da, onlardan istifadə zamanı şəxsi sərhədlərin qorunması mühüm əhəmiyyət daşıyır.
Psixoloqun sözlərinə görə, əsas problemlərdən biri insanların zaman keçdikcə yaşadıqları hadisələri sadəcə yaşamaqdan daha çox, onları nümayiş etdirməyə meyllənməsidir: “Bəzi hallarda insanlar real həyatda yaşadıqları münasibətlərin və emosiyaların dəyərindən çox, həmin anların sosial mediada necə görünəcəyinə diqqət yetirirlər. Bəzən ailə daxilində yalnız ailə üzvlərinə aid olan, özəl qalmalı məqamlar izləyici sayı, bəyənmə və diqqət qazanmaq məqsədilə paylaşılır. Bu yanaşma zamanla şəxsi sərhədlərin zəifləməsinə gətirib çıxara bilər. Ailə münasibətlərinin əsasını təşkil edən səmimiyyət və qarşılıqlı bağlılıq müəyyən hallarda sosial mediada nümayiş etdirilən görüntülərlə əvəzlənə bilər. Sosial şəbəkələrdə yaradılan “ideal həyat” görüntüləri də insan psixologiyasına təsir edən əsas amillərdən biridir. İnsanlar çox vaxt digər şəxslərin yalnız xoşbəxt anlarını, uğurlarını və müsbət tərəflərini görürlər. Halbuki real həyatda hər bir ailənin, hər bir insanın qarşılaşdığı çətinliklər, problemlər və fikir ayrılıqları mövcuddur”.
Psixoloq vurğulayıb ki, sosial mediada təqdim olunan seçilmiş görüntülər bəzən insanlarda yanlış müqayisələr yaradır: “İnsanlar öz həyatlarını başqalarının sosial şəbəkədə yaratdığı görüntü ilə müqayisə etməyə başlayırlar. Nəticədə narazılıq, özünü digərlərindən geri hiss etmə, münasibətlərdən həddindən artıq gözləntilərin yaranması kimi psixoloji hallar meydana çıxa bilər.
İnsanlar sosial şəbəkələrdə gördükləri qüsursuz ailə münasibətləri və davamlı xoşbəxtlik görüntüləri ilə öz həyatlarını müqayisə edirlər. Ancaq unutmamaq lazımdır ki, sosial mediada əksər hallarda həyatın yalnız nümayiş etdirilmək istənilən tərəfi görünür. İnsan həmin görüntünün arxasında hansı proseslərin dayandığını, hansı çətinliklərin yaşandığını bilmir”.
Psixoloq uşaqların sosial şəbəkələrdə paylaşılması məsələsinə də diqqət çəkərək qeyd edib ki, valideynlərin övladlarının həyatına dair bütün detalları onların razılığı olmadan ictimaiyyətə təqdim etməsi gələcəkdə müəyyən problemlərə səbəb ola bilər.
Onun sözlərinə görə, uşaqların kiçik yaşlarından etibarən şəxsi məlumatlarının, görüntülərinin və gündəlik həyatlarının davamlı şəkildə paylaşılması onların böyüdükdən sonra məxfilik və şəxsi sərhədlərlə bağlı narahatlıq yaşamalarına səbəb ola bilər: “İnternetdə yayılan görüntülər uzun illər ərzində qalır. Uşaq böyüdükdən sonra həmin paylaşımların onun istəyi xaricində mövcud olması narahatlıq yarada bilər. Buna görə valideynlər övladlarının rəqəmsal izinin formalaşmasına daha məsuliyyətli yanaşmalıdırlar”,

Əsas problem

N.Orucov sosial şəbəkələrdən asılılıq məsələsinə də toxunaraq bildirib ki, burada əsas problem platformaların mövcudluğu deyil, insanın öz dəyərini yalnız virtual reaksiyalarla ölçməyə başlamasıdır:
“Bəyənmə, izlənmə və digər istifadəçi reaksiyaları insanın əsas motivasiyasına çevrildikdə, real həyatla virtual həyat arasındakı tarazlıq pozula bilər. İnsan özünü yalnız başqalarının təsdiqi ilə qiymətləndirməyə başlayarsa, bu, zamanla özgüvənə və psixoloji vəziyyətə mənfi təsir göstərə bilər. Bu məsələdə ən vacib addımlardan biri rəqəmsal savadlılığın artırılması və sosial şəbəkələrdən sağlam istifadə vərdişlərinin formalaşdırılmasıdır. İnsanlar paylaşım etməzdən əvvəl bunun səbəbini düşünməli, həmin paylaşımın həqiqi ehtiyacdan, yoxsa diqqət və təsdiq alma istəyindən irəli gəldiyini müəyyənləşdirməlidirlər. Problemin həlli yollarından biri ailə daxilində canlı ünsiyyətin gücləndirilməsi, birlikdə keçirilən vaxtın artırılması və texnologiyadan istifadə ilə bağlı sağlam qaydaların müəyyən edilməsidir.
Evdə telefonsuz vaxtların təşviq edilməsi, ailə üzvləri arasında real ünsiyyətin qorunması və uşaqlara erkən yaşlardan rəqəmsal mədəniyyətin aşılanması mühüm əhəmiyyət daşıyır. Sosial şəbəkələr həyatımızın bir hissəsi ola bilər, lakin onlar real münasibətləri, ailə bağlarını və insanın öz daxili dəyərini əvəz etməməlidir”.

Özünü təsdiq cəhdi

Sosioloq Üzeyir Şəfiyev bildirib ki, son illərdə insanların şəxsi və ailə həyatlarına dair müxtəlif detalları sosial şəbəkələr vasitəsilə geniş şəkildə paylaşması cəmiyyətdə fərqli yanaşmalar və müzakirələr doğurur: “Bu tendensiyanın arxasında bir sıra sosial və psixoloji amillər dayanır. İnsanların belə paylaşımlara üstünlük verməsinin əsas səbəblərindən biri ünsiyyət ehtiyacı, diqqət görmək istəyi və özünü cəmiyyətə təqdim etmək meylidir. Bəzən insanlar sosial şəbəkələr vasitəsilə öz həyatlarını nümayiş etdirməklə özlərini aktuallaşdırmağa, müəyyən mənada təsdiq etməyə çalışırlar. Bu, insanın psixoloji ehtiyacları ilə bağlı məsələdir. Məşhur psixoloq Abraham Maslounun ehtiyaclar piramidasında da insanın özünü aktuallaşdırma tələbatı xüsusi yer tutur. İnsanlar həyatlarının müxtəlif mərhələlərində öz dəyərlərini, bacarıqlarını və mövcudluqlarını təsdiqləməyə ehtiyac duyurlar. Müasir dövrdə isə sosial şəbəkələr bu məqsəd üçün ən əlçatan vasitələrdən birinə çevrilib”.
Ü.Şəfiyev vurğulayıb ki, şəxsi və ailə həyatının həddindən artıq nümayiş etdirilməsi bəzi hallarda daxili narahatlıq, natamamlıq hissi və cəmiyyətdən daha çox diqqət almaq istəyi ilə əlaqəli ola bilər: “İnsan bəzən öz varlığını təsdiq etmək, sosial mühitdə görünmək və müəyyən maraq yaratmaq üçün şəxsi həyatından müxtəlif fraqmentləri paylaşır. Lakin ailə münasibətləri və şəxsi məkan hər kəsə açıq şəkildə nümayiş etdirilməli sahələr deyil. Ailə müəyyən mənada qorunmalı olan dəyərlər sistemidir və onun özünəməxsus sərhədləri olmalıdır. Ailə daxilində yaşanan xüsusi anların, münasibətlərin və şəxsi məlumatların ictimailəşdirilməsi hər zaman doğru nəticələr verməyə bilər”.
Sosioloqun sözlərinə görə, insanlar sosial şəbəkələrdə paylaşdıqları məlumatların təsiri barədə daha diqqətli düşünməlidirlər: “Bəzən insanlar hesab edirlər ki, onların paylaşdığı hər bir detal digərləri üçün maraqlıdır. Lakin reallıqda bu cür paylaşımlar bəzi izləyicilərdə fərqli reaksiyalar yarada, hətta narahatlıq doğura bilər. Bundan əlavə, şəxsi həyatın həddindən artıq açıq şəkildə nümayişi gələcəkdə müəyyən sosial və psixoloji problemlərə də səbəb ola bilər”.
Ü.Şəfiyev əlavə edib ki, burada əsas məsələ sosial şəbəkələrin mövcudluğu deyil, insanların virtual məkandan hansı məqsədlə istifadə etməsidir: “Əsas problem sosial platformaların özündə deyil, insanların həmin mühitdə özlərini təsdiq etmək cəhdlərinin hansı formada həyata keçirilməsindədir. Özünü ifadə etmək, tanıtmaq və inkişaf etdirmək üçün daha yaradıcı, faydalı və rasional yollar mövcuddur. İnsan öz dəyərini yalnız şəxsi həyatını nümayiş etdirməklə deyil, gördüyü işlər, yaratdığı dəyərlər və cəmiyyətə verdiyi töhfələrlə də göstərə bilər. Şəxsi həyatın həddindən artıq nümayişi isə özünü təsdiq ehtiyacını qarşılamağın ən sağlam və effektiv yolu hesab edilə bilməz”.

Günel Elxan