Təbrizdə Azərbaycanın görkəmli şəxsiyyətlərinin büstü qoyulacaq Güney Azərbaycan

Təbrizdə Azərbaycanın görkəmli şəxsiyyətlərinin büstü qoyulacaq

"Təbrizin Elgölü parkında Azərbaycanın 20 görkəmli şəxsiyyətinin büstü qoyulacaq". Bu barədə Şərqi Azərbaycan Abadlaşdırma Təşkilatının icraçı direktoru Əli Fərruxi məlumat verib.
O bildirib ki, "Abadlaşdırma Təşkilatı Azərbaycan mədəniyyəti və ədəbiyyatının görkəmli nümayəndələrini gənc nəsil və xarici turistlərə tanıtdırmaq üçün önəmli qərar verib. Biz 20 tanınmış şəxsiyyətin büstünü hazırlayırıq, işlər başa çatdıqdan sonra büstlər Elgölü parkında müəyyən edilmiş yerlərə qoyulacaq."
Fərruxi büstü hazırlanan görkəmli şəxsiyyətlərin bir neçəsinin adını da açıqlayıb. "Sattarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani, Ustad Şəhriyar, Pərvin Etisami və s. kimi şəxsiyyətlər bu şəhər üçün böyük zəhmət çəkiblər və bu gün onların büstünü ucaltmaq bizim mənəvi borcumuzdur"- deyə o vurğulayıb.
Qeyd edək ki, Güney Azərbaycan və İranın müxtəlif şəhərlərində soydaşlarımızın milli özünüdərk prosesi çoxşaxəli istiqamətlərə yönəlməkdədir. Bu, Azərbaycan Milli Hərəkatının güclənməsi ilə mümkün olub. Prosesə bəzən yerli vəzifəli şəxslər də dəstək verir.