Güneyli millət vəkilindən cəsarətli mövqe Güney Azərbaycan

Güneyli millət vəkilindən cəsarətli mövqe

"Azərbaycan xalqı türk dilində təhsil tələb edir"

Miyana və Türkmənçay şəhərlərinin millət vəkili İran parlamentindəki nitqində türk dilində təhsilin gərəkli olduğunu bəyan edib. "Azərbaycan xalqının tələbi türk dilində təhsil almaqdır", deyə Seyyid Bəhlül Hüseyni İslami Şura Məclisində dilə gətirib.
Güneyli millət vəkilinin sözləri İran Azərbaycanı mediası o cümlədən, Urmiyədə nəşr edilən "Həvid Azərbaycan" və "Təbriz" veb səhifələrinin gündəmini qazanıb.
"Həvid Azərbaycan"ın yazdığına görə, Hüseyni İranda türk dilinin elmi və akademik inkişafına diqqət yetirilməsini tələb edib. O, türk dilini İran mədəni irsinin mühüm bir parçası olaraq dəyərləndirib.
"Türk dili əhatəli və təsiredici bir dildir, İranın kültürəl sərməyəsidir... Bu dilə elmi və akademik səviyyədə diqqət göstərilməsə zamanla dəyişib və hətta yox olmaq təhlükəsi ilə üzləşə bilər", deyə Hüseyni bəyan edib.