1921-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi Güney Azərbaycan

1921-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi

4-cü yazı

1924-cü ildən başlayaraq İranda Avropa, əslində Türkiyə nümunəsində modernləşdirmə tədbirləri həyata keçirilməyə başlandı (Təqvim sahəsində islahat). 1925-ci ilin sonunda Qacar sülaləsinin hakimiyyətdən kənarlaşdırılması və Rza xanın şah elan edilməsi ilə İranda islahatların və modernləşmənin yeni mərhələsinə başlandı. Rza şahın Avropada təhsil almış ziyalılardan təşkil etdiyi hökuməti yeni, modern dövlət quruculuğu istiqamətində geniş fəaliyyətə başladı. Dövlət quruculuğu iki əsas prinsipə əsaslanırdı: vahid mərkəzi hakimiyyət yaratmaq, milli birlik və vəhdəti təmin etmək. Mərkəzləşdirmə siyasəti hərbi vasitə ilə həyata keçirilirdi. Milli birliyin yaradılması ölkədə hüquqi, məhkəmə sisteminin, təhsilin unifikasiyası yolu ilə təmin edilməli idi. Milli vəhdət prinsipinin təmin olunmasında qeyri-fars xalqların inteqrasiyasına xüsusi yer ayrılırdı. Ölkənin iqtisadi, siyasi, mədəni inkişaf prosesi və səviyyəsi qeyri-fars xalqların geniş miqyasda inteqrasiyasına şərait yaratmadığından, həmin proses süni şəkildə və qeyri-mədəni, zorakı üsullarla sürətləndirmək siyasəti ilə həyata keçirilməyə başlandı.
Qeyd etmək lazımdır ki, İran ziyalılarının yeni nəsli dövlət quruculuğu ideologiyasında milli vəhdətin yaradılması məsələsinə geniş yer ayırırdılar. Dövlət-millət quruculuğu ideoloqları Rza şahın hakimiyyətə gəlişindən əvvəl və sonra həmin ideologiyanın hazırlanması, dəqiqləşdirilməsi istiqamətində geniş miqyaslı fəaliyyət göstərirdilər. Həmin ideologiyanın yaradıcıları, əsasən, azərbaycanlılar idi. Bu ideologiyanı inkişaf etdirən azərbaycanlı nümayəndələrdən biri olan H.Kazımzadə tərəfindən nəşr edilən "İranşəhr" dərgisində fars dilinin və ariçiliyin milli vəhdətin yaradılması üçün əsas olduğunu təbliğ edən məqalələrə geniş yer verilirdi.
İrandakı qeyri-fars xalqların ari irqindən olduqlarını isbatlamaq üçün kitablar və məqalələr yazılırdı. Əhməd Kəsrəvi bu məqsədi gerçəkləşdirmək istəyən şəxslərdən biri idi. Onun 1925-ci ildə nəşr edilmiş "Azəri və ya Azərbaycanın qədim dili", daha sonra "Unudulmuş şəhriyarlar", "Azərbaycanın on səkkiz illik tarixi" və başqa əsərləri, bir sıra məqalələri Rza şahın dövründən başlayaraq bu günədək İran dövlətinin daxili siyasətinin əsasını təşkil edən paniranizm ideologiyasının əsaslandırılmasına qulluq edib.
Ə.Kəsrəvi ilk əsərində Şimali Azərbaycan və Cənubi Azərbaycanda yaşayan eyni dilli, eyni adlı, eyni tarixli, eyni soy-köklü, eyni mədəniyyətli əhalinin müxtəlif xalqlar olduğunu sübut etmək üçün həmin ərazilərdə guya qədim dövrlərdə yaşamış və azəricə danışmış "azəri" tayfaları və bunların irandillilərlə qarışması haqqında uydurma nəzəriyyəni irəli sürmüşdü. Ə.Kəsrəvi, eyni zamanda Şimali və Cənubi Azərbaycanda əhalinin dil birliyinə toxunarkən yalnız Səlcuqların XI əsrdə gəlişindən sonra buradakı sakinlərin dilinin türkləşdiyini iddia etmişdi. Deməli, Azərbaycan türklərinin formalaşmasında türk ünsürünün roluna diqqəti çəkən Ə.Kəsrəvi yeganə dil birliyini qəbul etsə də, sonrakı dövrdə də bu tayfaların Azərbaycan xalqının formalaşmasındakı iştirakını tamamilə inkar edir. O, İranın ən böyük probleminin dil, din və etnik müxtəliflikdən ibarət olduğunu vurğulayırdı. Fars millətçiliyi Əfşar türklərindən olan Mahmud Əfşarın və onun buraxdığı "Ayəndə" dərgisinin (1925-ci ildən nəşrə başlamışdı ) fəaliyyəti sayəsində fərqli mərhələyə daxil olmuşdu. O, fars millətçiliyini nizamlı və sistemli bir nəzəriyyə şəklinə salmışdı.
M.Əfşar İranda milli birliyi təmin etməyi qarşısına məqsəd qoyan "Əncüməni-İrani-cavan" adlı dərnək qurmuşdu. Dərginin baş mövzusunu "mərkəzləşdirilmiş dövlət və vahid milli kimlik"ideyası təşkil edirdi". M.Əfşarın "Ayəndə" dərgisində yazdığı bir məqalədə deyilirdi: "İranın mili birliyini qorumaq və təkmilləşdirmək idealımız və ictimai amalımızdır. İranın milli birliyi nə deməkdir? İranın milli birliyi - ölkə hüdudları daxilində yaşayan insanların mənəvi, ictimai və siyasi birliyidir. İranın milli birliyi onun siyasi müstəqilliyini və ərazi bütövlüyünü tələb edir. Milli birliyə necə nail ola bilərik? Fars dili ölkə miqyasında yayılsın. Regional fərqlər, o cümlədən qiyafə və davranış fərqləri aradan qaldırılsın. İranda yaşayan etnik qrupların hərəsi bir dildə danışmasın. Dil, mədəniyyət, qiyafə və məişət birliyinin olmayacağı təqdirdə siyasi müstəqilliyimiz və ərazi bütövlüyümüz hər zaman təhlükədə olacaq. İranda yaşayan fərqli tayfaları və etnik qrupları bənzərləşdirmədiyimiz, yəni iranlılaşdırmadığımız təqdirdə gələcəyimiz təhlükədə olacaq. İranın bütövlüyü daim təhlükə ilə üzləşəcək. İranın bütün bölgələrində, xüsusən də Azərbaycanda fars dili yayılsın, farsca olmayan coğrafi adlar dəyişdirilsin, xalqlar sərhəd bölgələrindən ölkənin içərilərinə köçürülsün".
Beləliklə, Mahmud Əfşar iranlılaşdırmanı inkişaf və müstəqilliyin təməli, müxtəlifliyi isə münaqişə və geriliyin səbəbi kimi dəyərləndirir. Bu tezislərə əsaslanaraq söyləyə bilərik ki, fars millətçiliyi digər xalqları farslaşdırmaq üzərində qurulmuş, irançılıq və modernləşmə anlayışlarını birləşdirən ideologiya idi. Fars millətçiliyi ari irqini İranın ilk sakinləri və sivilizasiya yaradan bir qövm sayan tarixi fərziyyəyə əsaslanır. Ə.Kəsrəvinin və M.Əfşarın bu "tarixi kəşfləri" onlardan sonra gələn və fars İran şovinizmi mövqeyində duran İran tarixçiləri tərəfindən indiyədək bu və ya digər şəkildə dönə-dönə təkrar edilməklə paniranizm nəzəriyyəsini gücləndirib.
Göründüyü kimi, milli vəhdət ideologiyası İranda yaşayan qeyri-fars, ilk növbədə azərbaycanlıların dil və mədəni baxımdan sürətlə və hərtərəfli şəkildə assimilyasiya edilməsinin əsaslandırılmasına xidmət edirdi. Milli vəhdət ideoloqlarının əqidəsinə görə, İranın bütün qeyri-fars xalqları dil və mədəni cəhətdən assimilyasiya olmayınca, vahid İran milləti, əslində fars milləti təşəkkül tapmayınca İranın müstəqilliyini təmin etmək mümkün olmayacaq. Rza şah və onun modernləşdirmə tərəfdarı olan komandası ölkədə mərkəzləşdirməni əsasən başa çatdırdıqdan və bir sıra islahatlar həyata keçirdikdən sonra yuxarıda qeyd edilən milli vəhdət ideologiyası əsasında milli siyasət həyata keçirməyə başladı.
Qeyri-fars xalqlarının, həmçinin Azərbaycan türklərinin dillərində hər hansı nəşrin işıq üzü görməsi, təhsil alması, ictimai yerlərdə danışılması belə qadağan edilirdi. Hələ Rza xan baş nazir olan zaman - 1923-cü ildə Azərbaycan Əyalət İdarəsinə göndərdiyi təlimatda rəsmi qurumlarda danışıq dili kimi, sənədlərin hazırlanmasında isə yazı dili kimi yalnız farscanın işlədilməsi, habelə bütün əyalətlərdə bu dilin özəlliklə geniş yayılması əmrini vermişdi. Bu təlimata əsasən, yerli dillərdə kitab nəşri yasaqlanmış, küçələrdə öz ana dillərində danışan qeyri-farslar təqiblərə məruz qalmışdılar.
Rza xan şah elan olunduqdan sonra farscanın standartlaşması və yayılması üçün xüsusi bir qurum - "Fərhəngestan-e zəban və adob-e farsi" (Fars dili və ədəbiyyatı akademiyası) yaradılmışdı.
Türk dilində olan terminləri sıradan çıxarmaq üçün bütün sahələrdə ciddi "islahatlar" həyata keçirilirdi. Məsələn, 1925-26-cı illərdə Hərbi Nazirlik nəzdində yaradılmış xüsusi komissiya bir sıra türk hərbi terminlərini fars terminləri ilə əvəz etmişdi. Bundan başqa, Rza şah mədəni fərqləri aradan qaldırmaq və farslaşmanı genişləndirmək üçün 1927-ci ildə "Düşüncənin inkişafı" adlı təşkilat yaratmışdı.
Əyalətlərdə qeyri-farsların assimilyasiyası, fars dilinin statusunun daha yüksəldilməsi siyasəti ən qəddar metodlarla həyata keçirilirdi. Azərbaycanda, kürd bölgələrində, Türkmənsəhrada yerli dillərdəki məktəblər bağlanır (məktəblərdə farsca təhsil verilməklə yanaşı tənəffüslərdə öz dillərində danışan uşaqlara pul cəriməsi tətbiq edilməkdə idi), bu dillərdə yazılmış kitablar, əski əlyazmalar məhv edilir, hər hansı bir bölgəyə məxsus yerli (milli) geyimlərin geyilməsi yasaqlanırdı. Türkmənlərin ənənəvi kiçik piyalələrdə yaşıl çay içmək adəti belə İran mədəniyyətinə zidd sayıldığı üçün qadağan olunmuş və türkmənlər "əsl iranlılar kimi" stəkanlarda qara çay içməyə məcbur edilmişdilər.
Türk dilinə qoyulmuş qadağanın əhatə dairəsi o qədər genişlənmişdi ki, hətta yas məclisində türkcə ağı demək də günah sayılırdı. Azərbaycan vilayəti Maarif İdarəsinin rəisi belə bir əmr vermişdi ki: "Türkcə danışan hər kəsə boyunduruq vurun və onunla çox pis rəftar edin". Azərbaycan valisi Mustoufi isə söyləyirdi: "Azərbaycanlılar türkdürlər. Yonca yeyib məşrutə almışlar, indi qoy saman yeyib İranı inkişaf etdirsinlər".
Qeyri-farsların dillərinin məhdudlaşdırılması ilə bağlı növbəti addım 1934-cü ildə İran Məclisi tərəfindən təsdiq edilən qanun layihəsi idi. Bu sənədə görə, "başqa dillərdə məktublaşma, işlər, ərizələr qəbul edilmir və baxılmırdı". Burada həmçinin məmurun yerli dili bilməsinin zəruri olmadığı qeyd edilirdi.
Rza şahın farslaşdırma siyasəti Azərbaycan teatrının inkişafına da ciddi əngəllər törətməyə başladı. Seyid Cəfər Pişəvəri həmin siyasətin acı nəticələri barədə bir neçə il sonra yazırdı: "Rza xan iş başına gəlib Azərbaycanı parçalamaq siyasətini başlamazdan əvvəl Azərbaycanda milli teatrımız sürətli bir şəkildə tərəqqi etməkdə idi. Xalq tamaşalarda kamali-maye ilə hazır olub hünərvərlərimizin əsərlərini seyr edir, bu vasitə ilə əxlaq və mənəviyyat cəhətdən millətimiz tərəqqi etməkdə davam edirdi. Fəqət məcburən teatr fars dilinə tədbil edilən kimi nümayiş salonlarımız bağlanmağa məcbur oldu. Çünki xalqımızın əksəriyyəti bu dili anlamağa qadir deyildi". Bu faktlar Güney Azərbaycandan olan tədqiqatçılardan Hüseyn Ümidin "Tarixi-e fərhəng-e Azərbaycan" əsərində bir daha təsdiqlənir. Müəllif yazır: "1928-ci ilədək İranda, o cümlədən Cənubi Azərbaycanda səhnə dili Azərbaycan dili olub. Ancaq bir neçə pyes fars dilində yazılmış, yaxud başqa dillərdən farscaya tərcümə olunaraq tamaşaya qoyulub. Həmin ildə isə Azərbaycan dili İranda dövlət tərəfindən tamamilə qadağan edilib".

Yeganə Hacıyeva