İranda iki nəfər edam edildi Güney Azərbaycan

İranda iki nəfər edam edildi

İranda biri siyasi məhbus olmaqla iki nəfər edam edilib

APA-nın verdiyi məlumata görə, məhbuslardan biri İran hakimiyyətinə qarşı qatı müxalif mövqedə olan Xalq Mücahidlər Təşkilatına (İXMT) üzvlükdə və həmin qurumla yaxından əməkdaşlıq etməkdə, digəri isə narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkilib.
49 yaşlı Qulamrza Xosrəvi Savadcani 2007-ci ildə Kirman şəhərində həbs edilib. Ondan müxtəlif yazılı sənədlər, həmçinin İranın müxtəlif hərbi obyektlərindən çəkilmiş fotoşəkillər götürülüb. Bundan əlavə, məhbusun mühüm məlumatlar özündə ehtiva edən yazılı sənədləri və müxtəlif fotoşəkilləri İXMT və müxtəlif xarici mətbuat orqanlarına ötürdüyü ortaya çıxıb. Eyni zamanda onun təşkilata üzv toplamaq məqsədilə maliyyə yardımları göstərdiyi də məlum olub. Bu baxımdan Q.X.Savadcani uzun müddət həbsdə saxlanıldıqdan sonra Tehran İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 1-də səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra edilib. Bundan əvvəl "Amnesty İnternational" (Beynəlxalq Əfv Təşkilatı) Q.X.Savadcaninin edam cəzasına məhkum edilməsinin beynəlxalq qanunlara zidd olduğunu açıqlayıb. Məhbus 1981-86-cı illərdə də həbs edilərək mühakimə olunsa da, sonradan azadlığa buraxılıb.
Bundan əlavə, İranın Simnan vilayətində bir nəfər edam edilib. Məhbus narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkilib. Zabol şəhərinin sakini olan 39 yaşlı məhkumun yalnız ad və soyadının baş hərfləri qeyd olunub. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 1-də səhər saatlarında Simnan şəhərinin mərkəzi həbsxanasında icra edilib.