Məhbus fəal zindanın klinikasına köçürülüb Güney Azərbaycan

Məhbus fəal zindanın klinikasına köçürülüb

Təbrizin mərkəzi zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal Lətif Həsəni, ağır vəziyyətdə olduğuna görə aclıq aksiyasının 25-ci günündə zindanın klinikasına köçürülməli olub.
L.Həsəni iyunun 11-də qan təzyiqinin düşməsi, başağrı və medə ağrısı səbəbindən zindanın klinikasına etap edilib. Son günlərdə onunla görüşən ailəsi isə azərbaycanlı fəalın ağır vəziyyətdə olduğunu bildirib.
Mayın 18-dən aclıq aksiyasına başlayan fəalın durumu olduqca ağırdır. Buna baxmayaraq zindan məsulları və məhkəmə orqanları onun durumuna və irəli sürdüyü tələblərə diqqət yetirmir. Fəal, Ayət (Yürüş) Mehrəlibəylinin aclıq aksiyasına dəstək verməklə yanaşı, öz yaşadığı şəhərin zindanına köçürülməməsi, məhbusların hüquqlarının pozulması və onların ailələrinin narahat edilməsinə etiraz olaraq aclıq aksiyası keçirir. A.Mehrəlibəyli son günlərdə aclıq aksiyasını dayandırıb. L.Həsəni isə bildirib ki, bütün haqlı tələblərinə nail olanadək aclıq aksiyasını davam etdirəcək.
Xatırladaq ki, adını çəkdiyimiz fəal, Ayət Mehrəlibəyli, Mahmud Fəzli, Şəhram Radmehr və Behbud Quluzadə ilə birlikdə qanunsuz təşkilat yaratmaqda və sistemin əleyhinə təbliğatda günahlandırılaraq 9 il həbsə məhkum edilib.