Güney şairlərinin əksəriyyətini klassik irslə bağlayan ümumi cəhətlər çoxdur
1-ci yazı
Elmin və incəsənətin bütün sahələrində olduğu kimi, bədii ədəbiyyatda da sələflərdən öyrənmək, keçmişə nəzər salaraq müasirliklə vəhdət yaratmaq, tarixə istinad önəmlidir. Həmçinin xalqlar arasında ədəbi əlaqələr, bədii təsir məsələsi bütövlükdə ədəbiyyatın ən vacib elementlərindəndir.
Ustad Şəhriyarın da bədii irsinə klassik ədəbiyyatın güclü təsiri olub. Klassik ənənələrdən bol-bol qaynaqlanan şair bütün yaradıcılığı boyu Nizami, Xaqani, Füzuli, Rumi, Hafiz, Saib Təbrizi, Nəsimi, Xətai, Sabir, Möcüz kimi mütəfəkkirlərin poetik irsindən bəhrələnmişdir ki, onun bir çox əsərlərində həmin ruhu duymaq mümkündür. Bu da şairin ənənəvi ruhda əsər yazmağın parametrik xüsusiyyətlərinə birmənalı yanaşması səbəbi ilə daha çox əlaqədardır. Məhəmmədhüseyn Şəhriyar bu deyilənlər konteks-tində xüsusi statusa malik olan bir şairdir. Bu mənada onu yalnız amerikan ədəbiyyatının görkəmli nümayəndəsi U.Folknerlə müqayisə etmək mümkündür. Yaradıcılıq prosesini bütövlükdə "ən gözəl uğursuzluq" adlandıran yazıçı dövründə mövcud olan bütün "izmlər"i tanıyıb, onların ədəbi-estetik kredosu ilə tanış olub, ancaq böyük bir ustalıqla onların hamısından vaz keçərək özünün bədii sistemini yaradıb. Bu ustalığın işartıları xəyal və arzu formasında hər bir yaradıcı insanda mövcud olsa da o, böyük enerji və güc tələb edir və belə olduğu üçündür ki, hər bir söz ustası bu problemin öhdəsindən gələ bilmir və beləliklə yaşadığı dövrün bu və ya digər ədəbi hərəkatına qoşulmalı olur. U.Folkner kimi sənətkarların yaradıcılığı o dövrdə mövcud olan estetik təmayüllərdən daha yuxarıya qalxaraq onların da üzərinə işıq salır və beləliklə, özündən kənardakı hər şeyi mənalandırmaq keyfiyyəti qazanır. Bu prinsip, yəni, özündən kənar-da yerləşən hər şeyi mənalandırmaq, onların keyfiyyətini dərinlik ölçüsünün son nöqtəsinə qədər göstərə bilmək qabiliyyəti eyni zamanda klassik sənət nümunələrinin ən parlaq cəhətlərinin daha da kamil formada canlanması üçün şərait yaradır.
M.Şəhriyarın yaradıcılığı da məhz bu kontekstdə baxılmaq üçün diqqətəlayiqdir. Onun həm fars, həm də türkcə yazdığı nümunələr formanın ikinci plana keçməsi ilə deyil, əksinə qədim və çox işlək formanın yeni məzmunla dolğunlaşması ilə xarakterikdir. Şəhriyarın farsca yazdığı qəzəllərdə və başqa şeir nümunələrində əsas istinad nöqtəsi məna olduğundan sözün dərinliyini göstərmək və fəth etmək inadı sonda dünya və gerçəkliyin "arxa bağçasınm" göstərilməsi ilə nəticələnir. "Heydərbabaya salam" poeması təkcə ana dilinin imkanlarının bu nümunədə bulaq kimi çağlaması ilə önəmli deyil, bu poema eyni zamanda janrın yeni imkanlarının kəşf edilməsi, onların poetik təfəkkürlə ideal formada qaynayıb-qarışması və "Vətən" anlayışının poetik təfsirinin yenilənməsi ilə əlamətdardır. Şəhriyar yazdığı poemalarda təkcə doğulub boya-başa çatdığı Güney Azərbaycan ərazisini deyil, bütövlükdə böyük və ruh aləmində bölünməz olan Vətənin mənəvi ərazisini cızıb. Folklor qaynaqlarından axıb gələn xalq ruhu şairin qələmində azərbaycanlı-türk insanının mənəvi aləmi ilə qovuşmuş və çağdaş şeirin ultra-müasir texniki şərtləri ilə bir sırada dayana bilib. Şəhriyarın əşya və predmetlərə, insan və dünyaya poetik münasibəti formal əlamətləri unutdurur, o, bir qayda olaraq formanın dil açıb danışmasına imkan yaradan şairlərdən olub.
Şəhriyar "Səhəndim" poemasında İranda 1905-11-ci illərdə baş vermiş Məşrutə inqilabı zamanında qələmi ilə böyük bir ordunun işini görmüş Mirzə Ələkbər Sabirin doğulduğu qədim Şamaxı şəhərini vəsf edib. Bir sıra əsərlərində sələfi Sabir kimi xurafata, cəhalət və nadanlığa, ölkənin və xalqın inkişafını ləngidən mənfur qüvvələrə qarşı çıxan, yenilik və çağdaşlaşmanın tərəfdarı olan Şəhriyar bu mövqeyində həm də görkəmli satirik şair Mirzə Əli Möcüz Şəbüstəri ilə eyni müstəvidə durur. Başqa cür ola da bilməzdi. "Türkünün də canın almışdı həyasız tağut; Mən həyat aldım ona, haqq üçün ehya elədim" iftixarını yaşayan, bu azmış kimi, "Elinin farsıca da dərdini söylər dili" olduğundan qürur hissi ilə duyan, xalqının, onu dünyaya bəxş etmiş anasının dilini yaşatdığına və inkişaf etdirdiyinə görə Şəhriyar Azərbaycanın, el-obasının qarşısında üzüağ, alnıaçıq idi.
Vətənpərvər şair, təbii ki, Nəbati, Şükuhi və Ləlidən, Sərraf, Sabir və Möcüzdən mənəvi qida alırdı. Təkcə ustad Şəhriyarı deyil, Güney şairlərinin əksəriyyətini klassik irslə bağlayan ümumi cəhətlər çoxdur. Şairin yaradıcılığı bu nəhəng söz bahadırlarının yaradıcılıq ənənələri üzərində pərvəriş tapıb. Sələflərinin yaradıcılığının əsasını təşkil edən eşq-məhəbbət duyğuları, ictimai motivlər, fəlsəfi düşüncə tərzi Şəhriyar poeziyasında parlaq surətdə əks olunub. Böyük Azərbaycan şairi Əfzələddin Xaqani "Mədain xərabələri" qəsidəsində Bağdadın Güney-şərqində, Dəclə çayı üzərində salınmış, qədim çağlarda İranın padşahları olmuş Əxşanilərin və Sasanilərin dövründə qışlaq paytaxtı olmuş qədim bir şəhərin təsvirini verib. Bir zaman bağlı-bağatlı, hər tərəfi gülüstana çevrilib, əlvan naxışlarla eyvanları nigarıstan misali bəzədilib, Babil, Türküstan şahlarının illərlə nökər, qulam olduqları Mədainin xarabazara, tutidilli bülbüllərinin bayquşlara, nəğmələrinin növhələrə çevrilməsinin, insanın qəlbində "odlar qalayan" viranəliyinin səbəblərini nəzmə çəkib. Təbii, Xaqani və Nizami ədəbi məktəbinin davamçısı olan və ustadlarından bəhrələnən Şəhriyar "Gecənin əfsanəsi" poemasının "Təxti-Cəmşid" hissəsini məhz "Mədain xərabələri" və "İsgəndərnamə" əsərlərinin təsiri ilə qələmə alıb:
Hər xaqan yadigarı bir müdhiş xərabədir.
Mədain xütbəsini car çəkmirmi Xaqani?-
deyən kamil sənətkar İran hökmdarları Dara//Dariyuşun şahlıq etdiyi sönməz növraqlı Təxti-Cəmşidin ərəb istilasına, Çingiz xanın, İsgəndər Zülqərneynin hücumlarına məruz qalaraq dağıdılmasını, sirlər qəbiristanlığına çevrilməsini, Dara ilə son döyüşdə isə məğlub edilərək yandırılmasını, bu ölməz sənət əsərinin alovlar içində yanıb kül olmasını parlaq boyalarla təsvir edir. Lakin bütün poema boyunca öz didaktik şair mövqeyini, mütəfəkkir simasını, obrazını qoruyub saxlayır və son qənaətini - bütün Yer üzündə baş verən xəyanət və cinayətlərin, fəlakət və rəzalətlərin, müharibə və qırğınların əsas səbəbkarının nadanlıq, cəhalət, tamah və acgözlük olduğunu bir ismarış kimi bütün bəşəriyyətə ünvanlayır.
Şəhriyar sülhsevər, azadlıq sevdalı bir sənətkardır. Vətənin hər guşəsini gülüstan, xalqını, qarındaşlarını, təkcə ölkəsinin deyil, dünyanın bütün xalqlarının yaşadığı məmləkətlərdə firavan dolanmasını arzulayır, yumruq boyda ürəyinə yer kürəsinə, insanlığa ümman-ümman sevgi, məhəbbət sığdıra bilir. Şair "cənnəti də, cəhənnəmi də yaradan insanın özüdür", - düşüncəsi ilə bəşəriyyətə səslənir ki:
Cənnətdir olursa sülh ilə səfa,
Dünya cəhənnəmdir etsəniz dava...
"Təxti-Cəmşid"də o, sələfi mütəfəkkir şair Nizami Gəncəvinin yaratdığı obrazları da özünəməxsus tərzdə, yeni biçimdə, yeni ictimai məzmun müstəvisində canlandırır.
Dahi Nizami "İsgəndərnamə" poemasında ilk dəfə yaratdığı İsgəndər obrazının simasında ədalətli şah, insanların xoş rifahı, azadlıq və səadəti uğrunda mübarizə aparan haqsevər bir qəhrəman surətini təqdim etmək istəyib. Mütəfəkkir şairin əsas məqsədi, o dövr üçün utopiya olsa da, ədalətli, müdrik hökmdar obrazı yaratmaq və cəmiyyətlərə ondan nümunə götürməyi tövsiyə etmək idi. Nizaminin İsgəndər obrazı ilə Şəhriyarın yaratdığı şah obrazı bir-birindən fərqlənir. Sələfinin humanist, haqsevər, ədalətli bir şah - şəxsiyyət kimi qələmə aldığı qəhrəmanını bütün müharibələrə, qəsbkarlara nifrət edən, hər cür fitnəkarlığı, soyğunçuluğu pisləyən, bir insanın ölümünü bütövlükdə cahanın ölümünə bərabər tutan, dünyada ancaq sülh və əmin-amanlığın, mədəniyyətin qalibiyyətini görmək istəyən Şəhriyar isə İsgəndəri Əhrimən, Yer üzünü fitnə- fəsad yuvasına, savaş, dava-dalaş meydanına çevirən şər qüvvə kimi təqdim edib. Bütün bunlarla bərabər, insanları, cəmiyyətləri Xaqani Mədain xərabələrindən, Şəhriyar isə odlar, alovlar içində yandırılmış "Təxti-Cəmşid"in viranəliklərindən ibrət almağa, nəticə çıxarmağa çağırıb. "Mənim üslubum İraq səpkindədir, lakin Türküstan və hind səpkilərinin də şeirlərimə təsiri vardır", - deyən Şəhriyarın misilsiz bədii lövhələr yaratmaq qüdrəti, əslində İraq və Türküstan səpkilərinin birləşməsindən pərvəriş tapmış Azərbaycan ədəbi məktəbindən qaynaqlanıb. Şair Azərbaycan elatının köçəri həyatının mərdlik və qəhrəmanlığını, şəhər həyatının isə qaynarlığını və müdrikliyini özündə birləşdirən Azərbaycan-Nizami ədəbi məktəbində müdrikliklə epik vüsətin qaynayıb-qarışdığını təqdir edir, müsbət cəhət kimi dəyərləndirirdi. O, hələ sağlığında ikən nəşr olunmuş "Divan"ın IV cildinə yazdığı müqəddimədə real həyat lövhələri ilə zəngin olan, özünün ictimai, ədəbi- fəlsəfi, əxlaqi-didaktik görüşlərini parlaq şəkildə əks etdirən "Gecənin əfsanəsi" poemasını məhz bu səpkidə yazdığını göstərib.
Nizami təfəkkürünün işığı Səhənd yaradıcılığına da aydın şəkildə sirayət edib. O, poemalarında Səməd Vurğun sözünün, şeirinin də bədii yaradıcılığına təsirindən, böyük şairin əsərlərindən bəhrələnməsindən qürur hissilə bəhs açıb.
Esmira Fuad
Filologiya üzrə elmlər doktoru