“İranda uşaq hüquqları da pozulur” Güney Azərbaycan

“İranda uşaq hüquqları da pozulur”

Saqi Ləqayi: "İran qanunları ya uşaq haqlarını birbaşa pozur ya da onların haqlarının pozulmasına zəmin yaradır"

"İranda insan haqları pozulur. Ancaq etnik və dini azlıq, qadın və uşaq olan birinin hüquqları qat-qat artıq əzilir". Bunu qadın və uşaq haqları fəalı və jurnalist Saqi Ləqayi "Amerikanın səsi"nə müsahibədə bildirib.
Onun dediklərinə görə, İran qanunları ya uşaq haqlarını birbaşa pozur ya da onların haqlarının pozulmasına zəmin yaradır.
Amerikada yaşayan jurnalist İranda uşaq haqlarının hakimiyyət və toplum tərəfindən əzilməsini təhlil etməklə yanaşı bu hüquqların hansı hallarda pozulduğunu şərh edib. O, həmçinin İranda qeyri-fars uşaqların öz ana dillərində təhsil almaq haqqından məhrum olmasını tənqid edir.
Saqi Ləqayi xüsusilə qız uşaqlarının haqlarının daha geniş və sistemli şəkildə pozulduğunu vurğulayır.
"7 yaşlı məktəbli qızların başlarını örtməyə məcbur edilmələri insan haqları pozulmasının açıq bir nümunəsidir... İran hakimiyyəti həmçinin şəriət təməlində çıxardığı qanunlarla qızların çox kiçik yaşlarda evləndirilməsinə zəmin yaradır," deyə o, söyləyir.
Erkən yaşda evləndirilən qızlarla bağlı yayılmış rəsmi statistikalara işarə edən Ləqayi durumun qorxunc olduğunu ifadə edir.
O, İranda hər il 10 minlərlə qız uşağın ərə verilməsinə səbəb olan amillərdən, qanunun buna icazə verməsi, eləcə də ailələrdə "yoxsulluq və kültür yoxsulluğu"nu önə çəkir.
Hüquq müdafiəçisi habelə kiçik yaşlarından işləməyə məcbur olan uşaqların problemlərindən danışır. Onun dediklərinə görə, işləyən uşaqların əksəriyyəti ya kimsəsizdir ya da ailəsi tərəfindən işləməyə məcbur edilir.
Ləqayi İranda uşaq haqlarını müdafiə edən qruplar və təşkilatların yetərli sayda olmadığını və mövcud qrupların da hakimiyyət tərəfindən məhdudiyyət və çətinliklərə məruz qaldığını söyləyir.
"Uşaqları müdafiə edən qrupların sayı və imkanları yetərli deyil... Haqların pozulduğu bütün halları əhatə etmək imkan və sərmayə tələb edir və bütün bunlar qanunun himayəsi olmadan mümkün olmur", - deyə o qeyd edir.
O, həmçinin uşaqların haqlarını müdafiə etməyin siyasi bir fəaliyyət olmadığını vurğulayaraq hakimiyyətin uşaq haqları fəallarına siyasi bir təhdid kimi görməsini tənqid edir.
Laqayi ata-analarının narkoman olduğu ya başqa səbəblər üzündən evlərində döyülən uşaqları müdafiə edən qrupların maneələr ilə qarşılaşdığını deyir. Onun dediklərinə görə, qanun atalara uşaqlarını dəhşət şəkildə döyməyə belə icazə verir.
Ləqayinin işarə etdiyi digər məqam isə İran qanunlarında qadınlar və qız uşaqlarının təzminat və irs kimi mövzularda kişilərin ancaq yarısı qədər haqq sahibi olmaqlarıdır.
Uşaq haqları fəalı qeyri-fars və qeyri-şiə uşaqların haqlarının qat-qat artıq pozulduğunu vurğulayır.
Ləqayi qeyri-fars uşaqların öz ana dillərində təhsil almaq və TV proqramlarından məhrum buraxıldıqlarına işarə edərək, bütün bu hallarda insan haqlarının pozulduğunu vurğulayır:
"İranda hamının haqqı hakimiyyət tərəfindən əzilir. Ancaq, bir şəxs eyni zamanda uşaq, etnik və dini azlıq və qadın olduğunda, onun haqları daha artıq və daha şiddətli şəkildə pozulur".