Xəyalımın quşu qanad açaraq… Güney Azərbaycan

Xəyalımın quşu qanad açaraq…

Güney Azərbaycanda milli-mənəvi dirçəliş hər şeydən öncə ədəbi dilin bədii üslubuna təsir edib

1950-1980-ci illərdə olduqca möhtəşəm əsərlər yaratmış, eyni zamanda yaradıcılığını hələ də davam elətdirən Hüseyn Düzgün müasir həyatın, bugünkü ictimai varlığın pafosunu, əsas və aparıcı meylləri ilə duyan və ona əsərlərində tez əks-səda verən, həmişə poetik axtarışlarda olmağı xoşlayan, əsərlərinin məna, ifadə və forma gözəlliyinə xüsusi diqqət yetirən, sözün həqiqi mənasında sənətin, bədii yaradıcılığın əzablarından zövq alan, eyni zamanda folklor ənənələrinə bağlı poeziya mücahidlərindən biridir. Şah rejiminə qarşı mübarizə aparan şair milli istiqlala çağırış nidası altında "Azadlıq beşiyi və ictimai sənətin xüsusiyyəti" adlı jurnal buraxır. Jurnalda dərc olunan yazılar məmurları narahat etdiyi üçün Hüseyn Düzgün 2 il müddətində Təbriz Universitetindən xaric edilir. Sonra isə şahın tacqoyma mərasimi zamanı həbs edilib düz 6 ay həbsxanada yatır. Bununla yanaşı müəllimlikdən də məhrum edilir. Sonrakı illərdə də təqiblərə məruz qalan Hüseyn Düzgün öz əqidəsindən dönməyərək yenə də qəddar hakimiyyətə qarşı əzm və qətiyyətlə mübarizə aparır…
Şair əsərlərində böyük fəallığa, cavabdehliyə, vətəndaşlıq məsuliyyətinə malik olmaqla, həm də dərin bir səmimiyyət, öz daxili hiss və duyğularını açıq şəkildə ifadə edərək onu narahat eləyən problemləri olduqca canlı lövhələrlə öz oxucusuna çatdıra bilir. O, azadlıq həsrəti ilə yandığını, eyni zamanda güneyli, quzeyli Azərbaycanın birləşdirmək arzusu, bir tərəfdə fars şovinistləri, başqa bir tərəfdə isə qəddar Sovet rejiminin azərbaycanlıların başına gətirdikləri müsibətləri, bəlaları "Açıq məktub" şeirində poetik lövhələrlə açıq şəkildə bəyan edir:

Xəyalımın quşu qanad açaraq,
Yenə uçmaq istir sərhəddən qıraq,
Gedə doğma qardaş Kərkük elinə,
Xalq şairlərindən ala bir bir soraq.
Diləyirəm sərin bir nəsim əsə,
Salamımı sərpə Salah Növrəsə,
Məhəmməd İzzətə, Osman Məzluma,
Şanlı bayatlar da görsə hər kəsə.
Əlimdə qələmim var, ovrağım var,
Kərkükü gəzməyə iştiyağım var,
Mən ki, qardaşımı unutmamışam,
Günün tıncıqdıran bir fərağım var.
Vətənimə mənim bağlıdır köküm,
Bilirəm yamandır, ağırdır yüküm,
Kudatəlar içrə necə boğulur,
Azadlıq həsrətli mənim Kərküküm.
Vətəndən Vətənə gələ bilmirəm,
Bir ləhzə olsa da gülə bilmirəm.
Qan axıb burada dağdan, dərədən,
Şəhidlər məzarı aşıbdır həddən,
Bəs mənim halıma kim yansın qardaş,
Vətəndəyəm mən, vətənsizəm mən.

Hüseyn Düzgün xalqa bağlı bir sənətkar olduğu üçün yaradıcılığı da folklor ənənələri üzərində köklənib. Odur ki, folklor elementləri başqa şeirlərində olduğu kimi bu şeirdə də özünü büruzə verir. Göründüyü kimi, şeir qoşma formasındadır. Lakin şair ictimai-siyasi və fəlsəfi fikri çatdırmaq, eyni zamanda fikri və mənanı saxlamaq üçün onu formaya qurban verməməkdən ötrü qoşma forması qəlibindən azca kənara çıxsa da, təbii təşbeh və ifadələrin zənginliyi şeirə heyrətamiz bir gözəllik verdiyinə görə, şeirdə hər bənddəki üçüncü misralar birinci və ikinci misralarla həmqafiyə olmasa da, şeirə tamamilə xələl gəlməyib, əksinə, şeirə ahəngdarlıq gətirib.
Şair olduqca məharətlə keşməkeşli, ziddiyətli, təzadlı illəri, günləri şeirə çevirə bilir. O, xalqının, torpağının, vətəninin ağrı-acılarına heç vaxt biganə qalmır və ürək yanğısı ilə öz poetik imkanları daxilində bütün bunları poeziyanın tələblərinə uyğun olaraq qələmə alır. Şair onu incidən problemləri ağ vərəqə köçürdükcə sanki içindən bir səs gəlir; "Xalqımın dərdləri mənim şeirimin məğzi, mahiyyətidir". Bir sözlə, Hüseyn Düzgün və bu qəbildən olan şairlər subut edirlər ki, şeir-sənət, sənətkar zamanla, dövrlə dialektik vəhdətin ünsiyyətindən yaranıb. Əgər şair bu başlıca cəhəti görə bilmirsə və ya görmək istəmirsə, şübhəsiz, o kütlələrin, cəmiyyətin, müasir həyatın tərcümanı da ola bilməz. Şəhriyarın, Sönməzin, Savalanın, Sahirin, Səhəndin, Hüseyn Düzgünün və bir sıra güneyli şairlərin şeirlərində ecazkar bir vəhdət də ondan ibarətdir ki, məzmun, məna aspektindəki mütərəqqi ənənələrlə yeniliyin qəribə uyuşması forma və bədii boyalarda da xəlqi, folklor poetikasının naxışları ilə yeni şeirin əsrarəngiz ritm, ahəng və ifadə səsləşmələri duyulur. Lakin bütün bunlardan əlavə, onların ən böyük dərdi, ən ağır möhnəti elin qəmi, elin kədəridir.
Bütün Türk Dünyasında çox böyük çəkisi olan Seyid Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması yuxarıda qeyd olunduğu kimi xalq həyatını özündə güzgü kimi əks etdirən olduqca möhtəşəm bir əsərdir. İlk növbədə hamı tərəfindən qəbul olunmuş dil faktorunun xalq arasında sürətlə yayılmasının ilkin səbəbkarı olan, eyni zamanda ictimai-siyasi-iqtisadi vəziyyəti real boyalarla özündə əks etdirən, birliyə, azadlığa, istiqlala çağıran, şairin xatirələri fonunda xalqın keçmişə nəzər salmasına səbəb olan, milli varlığı coşqun və dərin vətənpərvərlik hissi ilə göstərən, qəsbkarlığa nifrətini bildirən, hər biri ayrılıqda bütöv bir əsərin mənasını ifadə edə bilən, gözəl, bitkin tablolara material verə biləcək beşliklər, unudulmaqda olan yeni, sıx çalarlarla həyata qaytarılan sözlər, məcazlar, təşbehlər, sadə sözlərlə dərin fikirləri ifadə etməkdən əlavə, xalq adət və ənənələrini olduqca gözəl, yığcam bir şəkildə əks etdirən bir əsərdir:

Bayram idi gecə quşu oxurdu,
Adaxlı bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Şal istədim, mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Heydərbaba, Mirzəmmədin bağçası,
Bağçaların turşaşirin alçası,
Gəlinlərin düzmələri, taxçası,
Hey düzülər gözlərimin rəfində,
Xeymə vurar xatirələr səfində.
Bayram olub qızıl palçıq əzərlər,
Naxış vurub otaqları bəzərlər,
Taxçalarda düzmələri düzərlər,
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənir anası, qaynanansı…
Bakıçının sözü, sovu, kağızı,
İnəklərin bulaması, ağızı,
Çərşənbənin girdəkanı, mövizi,
Qızlar deyər: "Atıl-matıl çərşənbə,
Ayna təkin bəxtim açıl, çərşənbə".

"Şəhriyar "Heydərbabaya salam" mənzuməsində Azərbaycan türklərinin düşüncə tərzində, bədii yaddaşında, mifoloji təfəkküründə, folklorunda yaşadaraq bu günümüzə ərməğan etdiyi adət-ənənələri, mərasim və ayinləri, təntənəli bayram günlərini yüksək pöetik dildə vəsf etmişdir". (Esmira Fuad. "Söz sərrafı Şəhriyar").
Ədəbiyyatşünas, eyni zamanda Şəhriyarşünas alim Esmira xanım Fuad, dahi Şəhriyar haqqında çox gözəl fikir söyləyib, daha doğrusu Şəhriyar qələminin qüdrətindən yaranan "Heydərbabaya salam" əsərinin bizim tariximizə nəzər salıb milli dəyərlərimizi, adət-ənənələrimizi, mərasim və ayinlərimizi bizə göstərən və genetik yaddaşımızda nələrin həkk olduğunu sanki bir kinolentinə çevirib bizim üçün nümayiş etdirən misilsiz bir ləl olduğunu hər bir azərbaycanlıya xatırladıb.
Güney Azərbaycanda milli-mənəvi dirçəliş hər şeydən öncə ədəbi dilin bədii üslubuna təsir etmişdi. Ədəbi dilin inkişafı üçün isə əsas mənbə şübhəsiz ki, folklor dili idi. Güney Azərbaycanda ədəbi dilin bədii üslubunda canlanma məhz 1950-ci ildən etibarən folklor təfəkkür tərzinin bilavasitə təsiri ilə müşahidə edilirdi. Ustad Şəhriyar folklorun dilində danışaraq yeni folklor nümunələri yaradırdı. 50-ci ildən etibarən Güney Azərbaycanda ədəbi-bədii dil folklor ənənələrinə əsaslanaraq elə bir tərzdə inkişaf eləməyə başladı ki, təkcə ustad Şəhriyarın "Heydərbabaya salam" poemasının təsiri ilə Quzey Azərbaycanda da folklora qayıdış, folklor ifadə tərzinə maraq güclənməyə başladı.
Şübhəsiz ki, Güney Azərbaycanda klassik ənənələrə malik dil, qəzəl ifadə tərzi də mövcud idi, lakin folklor ifadə tərzinin aparıcı imkanı 50-ci ildən etibarən bütün gücü ilə reallaşmağa başladı və bəzən elə nümunələr əmələ gəldi ki, bunları folklor nümunələrindən seçmək mümkün olmadı.. Ustad Şəhriyar ədəbi-bədii dilin inkişafı üçün eksprementlər eləməyə başladı və bədii sözün ibtidai ibtidai təşbehlər və oxşatmalar şəklindən daha dolğun və zəngin ifadə vasitələri ilə bitkin formalar yaratmağa başladı:

Qarı nənə uzadanda işini,
Gün bulutda əyirərdi teşini,
Qurd qocalıb çəkdirəndə dişini,
Sürü qalxıb dolayıdan aşardı,
Badyaların südü aşıb daşardı.

Şəhriyarşünas alim Elman Quliyev ustad Şəhriyarın bu misraları ilə əlaqədar "Şəhriyar poeziyası və milli təkamül" adlı monoqrafiyasında yazır; "Xalqımızın folklor yaradıcılığıda qə¬dim¬liyinə görə seçilən janrlardan biri əmək nəğmələridir. Aydındır ki, burada əsas məqsəd əməyi ritmləşdirmək, yüngülləşdirmək olmuşdur. O biri tərəfdən bu nəğmələr hər hansı əməyin yerinə yetirilməsi barədə müfəssəl məlumat baxımından əhəmiyyətlidir. Məlumdur ki, əmək nəğmələri əvvəllər bəsit olmuş, sonralar kamil nümunələr yaradılmışdır. Əmək nəğmələrində demək olar ki, əməyin bütün növləri əhatə olunub. Azərbaycanda adi üsulla yun əyirmək geniş yayılmış işdir. Saf əmək adamları bu işi "cəhrə" deyilən alətlə həyata keçirirlər. Bu zaman yundan əyrilmiş ip milə dolanır və düyünçə şəklində hazır məhsula çevrilir. Güney Azərbaycanda həmin milə teşi deyilir. Ustad sənətkar bu xüsusda əmək nəğməsi yaratmasa da bu gözəl əməyi-adəti poeziyada əks etdirir"...
Xalqın dünənindən, bu günündən və sabahından bəhs etmək üçün şairlərin tez-tez müraciət etdikləri mövzulardan biri də ana dili məsələsidir. Xalqın varlığının ümdə əlaməti, beynində, şuurunda, təfəkküründə qoruya-qoruya yaşatdığı doğma dilin uzun bir dövr üçün qayğıdan məhrum olmasında daim söz ustaları, söz sərrafları özlərini günahkar hesab edir. Ümumiyyətlə, insan elə bir varlıqdır ki, əgər ətrafında baş vermiş mənfiliklərə, problemlərə görə ilk növbədə özünü qınağ obyekti olaraq seçirsə, bu onun xəlqiliyini, vətənpərvərliyini, vicdanlı olmasına dəlalət edir. Əgər bir insan çevrəsində baş verən çatışmazlıqlara görə özü-özünə hesabat vermirsə, deməli mənəviyyatı boşdur. Belə olan halda isə həmin şəxsdən heç bir zaman sənətkar ola bilməz. Şairlər isə xalqın həyatının bütün bəşəriyyətə aşılan güzgüsüdür. Şübhəsiz ki, Güney Azərbaycan şairləri də tək İranda və yaxud Azərbaycanda baş verən təlatümlü hadisələrə biganə qalmayıblar, eyni zamanda bütün dünyanın dərdinə daim acıyıb, imkan daxilində iti qələmləri vasitəsilə bütün əyrilikləri, haqsızlıqları xarakterizə ediblər.

Vüqar Əhməd,
professor