Zəncan və Urmuda məhkumlar dar ağacından asıldı: Salmasda iki edam məhkumu əfv edilib Güney Azərbaycan

Zəncan və Urmuda məhkumlar dar ağacından asıldı: Salmasda iki edam məhkumu əfv edilib

Hüquq müdafiəçiləri martın 14-də Urmu (Urmiyə) və Zəncan həbsxanalarında ən azı iki nəfərin dar ağacından asıldığına dair məlumat yayıb.

İran İnsan Haqları Təşkilatının (İRAN HR) xəbərinə görə, daha əvvəl qətl ittihamı ilə məhkum olmuş Arəş və Nicat Varisi qardaşları bazar günü Zəncan həbsxanasında dar ağacının altına aparılıblar. "Arəşin edam hökmü icra edilib. Ancaq Nicatın taleyi haqqında dəqiq məlumat yoxdur"-deyə, məlumatda qeyd olunur.
Qətldə təqsirləndirilən əslən Bicar şəhərindən və kürd mənşəli olan Varisi qardaşları təqribən 10 il əvvəl həbs edilmişdilər.
“Amerikanın Səsi”nin verdiyi bilgiyə görə, həmin gün Urmunun mərkəzi həbsxanasında da bir məhkum dar ağacından asılıb. İran HR-in məlumatına istinadən, əslən Qərbi Azərbaycan əyalətinin Bukan şəhərindən olan Nasir Vəlizadə də qətl ittihamı ilə mühakimə edilmişdi.
Həmçinin Qərbi Azərbaycan əyalətinin Salmas şəhərində edama məhkum olmuş iki nəfər qətlə yetirdikləri şəxsin ailəsi tərəfindən əfv edilərək dar ağacından xilas olublar.
Bu haqda mətbuata açıqlama verən Salmas şəhərinin prokuroru Nasir Abbasinin verdiyi məlumata görə, vəkilin vasitəsi ilə ədliyyə rəisi və qan sahiblərinin razılığı alınıb və məhkumlar edamdan xilas olublar.
İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə-təzminat almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtara bilirlər. Son möhlətə qədər diyə məbləğini hazırlaya bilməyən məhkumların ölüm cəzası tətbiq edilir. “Diyə” şəriət qanunlarına görə hesablanan bir təzminat növüdür.

Gunaz.tv