“Azərbaycan”  qəzetinin səhifələrində  -   86-cı yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  -   86-cı yazı

Azərbaycan xalqının müraciəti

Azərbaycan xalqı illər boyu irticanın zülmü və təzyiqi altında əzilib və dağıdılıbdır. Onun vətənpərvər, azadlıqsevən oğulları müstəbidlərin qanlı pəncəsi altında məhv və yox edilirdi. 40 il bundan qabaq müqəddəs Vətənimizin qəhrəman oğulları və mücahidləri azadlığı ələ almaq üçün İranda birinci dəfə Azərbaycanın mərd və igid qəhrəmanı olan Səttarxanlar və Bağırxanları, öz igid azərbaycanlı balalarını başına toplayaraq hər biri bir şir kimi əldə silah bir ideal və bir fikirdə istibdadın İranda zülm və sitəm zəncirini qırdılar.
Lakin Rza xan irticası Azərbaycan xalqının qanı bahasına aldığı məşrutəni (konstitusiyanı - red.) aradan apardı. İranda şiddət, zülm, sitəm ərşə ucaldı. Buna baxmayaraq Azərbaycan xalqının ürəyində azadlıq alovu şölələnirdi. Azərbaycan Məşrutə inqilabının ilk beşiyi olduğu üçün yenə də xalqımız Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə ayağa qalxıb Azərbaycanda kök salmış Rza xan diktaturasını devirdi. Bununla xalqımız öz əcdadının ona tapşırdığı müqəddəs yurdu zalımların çəngindən əbədi olaraq xilas etdi. İndi dörd aydır ki, xalqımızın üzü gülür. Milli hökumətimiz yaranandan xalqımıza tam demokratiya verilmiş, kişilərlə xanımlar siyasi hüquqda bərabər olmuşlar. İndi Azərbaycanın Milli Məclisi və Milli hökuməti mövcuddur. Milli hökumətimiz və Milli Məclisimiz hər gün xalqımızın rifah halını yaxşılaşdırmaq üçün Məclisdən qanunlar keçirmiş və keçirməkdədir.
İndi kəndlilərimizə pulsuz olaraq topraq verilmişdir. Fəhlə və kəndlilərimiz tiryəkçi jandarmaların zülmündən xilas olmuşdlar. İndi kəndlərimizdə nə jandarma və nə də onun yaratdığı cinayətlərdən bir əsər qalmışdır. Azərbaycan xalqı tarixində bir daha da öz qəhrəmanlığını və azadsevərliyini göstərdi. Azərbaycan öz böyük demokrat firqəsininin rəhbərliyi altında milli vəhdət yaradıb 40 illik Məşrutə inqilabı tarixini, onun qəhrəman mücahidlərinin irtica əleyhinə qaldırdığı milli qiyamı 21 Azərdə (12.12.1945) Milli hökuməti yaratmaqla nəticələndirdi.
İndi Azərbaycanın üfüqlərində artıq Milli hökumətin bayrağı dalğalanır. Bizim xalqımızın hamısı bir nəfər kimi silaha sarılıb öz azadlığını, dövlətini müdafiə etməyə canı və malı ilə hazırdır. Biz Azərbaycan xalqı öz Milli hökumətimizə və firqəmizə minnətdarıq. Ona görə ki, firqəmizin yaratdığı Milli hökumət xalqımızın əmniyyətini və gələcək səadətini təmin etmiş və müqəddəs Vətənimizi irtica üzvlərinin əlindən və zəncirindən xilas edib azərbaycanlı balalarına vermişdir. Biz ona görə Milli hökumətimizə minnətdarıq ki, Azərbaycan öz istədiyinə nail olub. Beş milyonluq Azərbaycan xaqlı üçün demokratiya və həqiqi azadlıq yaratmışdır. İran daxilində Azərbaycan xalqı dörd aydır ki, özü öz istədiyinin sahibidir. Xalqımız üçün yüz minlərlə iş yeri açılıb. Bu cavan hökumətimizin bu az müddətdə əldə etdiyi müvəffəqiyyətlər xalqımızı sevindirir. İişsizliyin qabağını almaq məqsədilə bu az müdətdə Milli hökumətimiz təzə fabrik-zavodlar yaradıb, get-gedə mədəniyyətimiz və iqtisadiyyatımız tərəqqi etməkdədir. İndi Azərbaycan xalqı öz dilinin sahibi olmuşdur. Milli hökumətimizin sayəsində xalqımız günü-gündən tərəqqiyə doğru irəli gedir. Buna görə Azərbaycan xalqı öz Milli hökumətini və azadlığını sevir və öz azadlığını əldə saxlamağa da qadirdir.
Azərbaycan xalqı irticanın həmlələrinə və hiylələrinə bundan sonra aldanmayıb onun hər bir təhdidi qarşısında öz sinəsini sipər edib müqəddəs vətənin azadlığını bir nəfər azərbaycanlı qalana qədər müdafiə edəcəkdir. Bu gün xalqımızın möhtərəm nümayəndələri, üsusən firəqmizin sədri, Milli hökumətimizin Baş naziri Tehrandan Azərbaycana gəlmiş nümayəndələrlə birlikdə Tehrana tərəf hərəkət edirlər. Biz möhtərəm nümayəndələrimizə aşağıdakı beş milyonluq Azərbaycan xalqının dediyi sözləri tapşırırıq.
1.Biz Azərbaycan xalqı ümid edir ki, indiyə qədər milli hərəkatımıza rəhbərlik edən firəqmizin sədri və Milli hökumətimizin Baş naziri nümayəndələrimizlə birlikdə Tehranda bağladıqları və danışdıqları sazişdə ilk öncə Azərbaycan xalqının azadlığı və onun mənafeyi indiki kimi nəzərdə tutulmalıdır.
2. Tehran hökuməti ilə hər hansı müqavilə bağlanarsa, Azərbaycan xalqının iradə və müvəffəqiyyəti ilə olmalıdır.
3. Azərbaycan xalqı öz oğullarının qanı bahasına bu azadlığı əldə edib Milli hökuməti yaratdığı kimi bir nəfər azərbaycanlı qalana qədər onu hifz edəcəkdir.
4. Biz möhtərəm və sevimli nümayəndələrimizdən xalqımızın yaratdığı azadlığa və Milli hökumətə ziyan dəyməməsini tələb edirik. Biz nümayəndələrimizə inanırıq və əminik ki, onlar yüzdə-yüz xalqımızın mənafeyini hifz edəcəklər.
Qoy bütün dünyanın demokratik millətləri bilsin ki, hər kəs bizim azadlığımızı təhdid edərsə və ya boğmaq istərsə, od və alov ilə qarşılanacaqdır və bizim üzərimizə uzanan xain əllər Azərbaycan xalqının qüdrətilə kökündən kəsiləcəkdir. Biz öz nümayəndələrimizi gül-çiçəklə yola salırıq. Beş milyon Azərbaycan xalqının müqəddəratı sizə tapşırılır. Sizin bu məsuliyyətli tarixi vəzifənizi müvəffəqiyyətlə yerinə yetirməyinizi bütün Azərbaycan xalqı arzu edir. Azərbaycan xalqının salamını Tehranda olan bütün azadlıqsevərlərə yetirin.
Yaşasın Milli hökumətimiz! Yaşasın həqiqi azadlığınız! Yaşasın qəhrəman Azərbaycan xalqı! Yaşasın müqəddəs ana vətənimiz Azərbaycan ölkəsi! Yaşasın Azərbaycan xalqının yaratdığı Milli hökumət! Yaşasın hərəkatımızın başçısı Pişəvəri!

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 185, 29.04.1946

***

Azərbaycan xalqı öz nümayəndələrini danışığa göndərdi

Bu gün Azərbaycan nümayəndələrinin Tehran hökuməti ilə müzakirəyə getmələri münasibətilə şəhər əhalisindən minlərlə adam təyyarə meydanına tərəf yollanmışdılar. Xalq müntəzəm sıralarla səhər saat 4-dən başlayıb öz sevimli nümayəndələrini yola salmaq üçün sel kimi o tərəfə axmaqda idilər. Bu günkü yığıncaq tamamilə Azərbaycan xalqının qüdrətini təmsil edirdi. Hər yerdən xiyabana baxırdılar. Hər tərəfdən kiçik uşaqlardan tutmuş böyüklərə kimi yüyürürdülər. Hamı nümayəndələri görmək istəyirdi.
Nümayəndələr Milli hökumət binasından çıxdıqdan sonra Milli Məclisə gəlib və oradan da alqışlar içərisində təyyarə meydanına tərəf yollandılar. Xiyabanın hər tərəfindən gurultulu alqışlar və atəşin duyğular yağmaqda idi. Hamı öz sevimli nümayəndələrini sevinc ilə yola salmaq istəyirdi. Təbrizdən tutmuş təyyarə meydanına qədər yol, dam, divar, çöl, çay, hamısı adam ilə dolu idi. Bu gün Azərbaycan xalqı öz nümayəndələrini Tehrana göndərir və gözü onların yolundadır. Bunlar gedirlər ki, beş milyon bir millətin müqəddəratını həll etsinlər. Azərbaycan xalqı onlara missiya vermişdir ki, beş milyon azərbaycanlının tərəfindən Azərbaycanın gələcəyi və onların siyasi müqəddəratı barəsində danışsınlar.
Buna görədir ki, hamı bu gün fəqət yola baxır. Yola baxır ki, öz sevimli nümayəndələrini oradan sürətlə ötərkən alqışlasınlar.
Təyyarə meydanında isə təsəvvürə sığışmayan bir mənzərə var idi. Üç yüz min nəfərdən artıq şəhər əhalisi müxtəlif şüarlarla oraya yığışıb və nümayəndələrin gəlməsini gözləyirdilər. Nümayəndələr daxil olduqda gurultu ura və alqışlar havanı bürüdü. Baş nazir cənab Pişəvəri və nümayəndələr dənizi təcəssüm edən xalq həyəcanının dalğaları arasında maşından aşağı endilər.
Müsiqi dəstəsi Azərbaycan himnini çaldı. Bütün camaatdan “Yaşasın böyük rəhbərimiz”, “Yaşasın Azərbaycan xalqının nümayəndələri” səsi meydanın bütün ətrafını bürümüşdü. Meydan başdan-başa qadınlar və kişilərlə dolmuşdu. Sonra yola salmaq üçün gəlmişlər gül dəstələri ilə qabağa gəlib onları Pişəvəriyə və o biri nümayəndələrə təqdim etdilər. Yerin darısqallığına baxmayaraq hamı qabağa gəlmək istəyirdi. Hamı gül vermək istəyirdi.
Axırda Milli Məclisin hörmətli rəisi cənab Şəbüstəri Azərbaycan nümayəndələrinin müşayiəti ilə təşkil olunmuş mitinqi açıq elan etdi. Mitinqin zamanı minlərlə gül dəstələri mitinqdə iştirak edənlər tərəfindən nümayəndələrin başına səpələnirdi.
Nəhayət, misli görünməmiş bu təntənəli yola salma mərasimi Azərbaycan nümayəndələri təyyarəyə oturduqdan sonra dünyalarca coşğu ilə sona çatdı. Nümayəndələr təyyarəyə oturanda imkanları çatdıqca yoldaşlarımızla görüşdülər. Təyyarə qalxıb dövr vurduqdan sonra yola düşdü. Xalq onu mavi səmada son ana kimi gözdən itənə qədər müşayiət edirdi. Beləliklə bu tarixi gün Azərbaycan xalqının həyatında daha şərəfli bir vərəq açdı.
Qoy nümayəndələrimiz gedib varlığımızı bütün dünyaya sonuncu dəfə olaraq yenə bildirsinlər.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 185, 29.04.1946

***
Ə. Məhəmmədkari: "Xalqımız tərəqqi və səadət yolunda"

Azadlıq və Milli hökumət çiçəklənmiş ölkəmizə artıq dərəcədə gözəllik və səfa vermiş, azad və həqiqi bir bahar vücuda gətirmişdir. Xalqımız hər gün yorulmadan çalışan Milli hökumətimizin yeni nailiyyətlərini sevinclə qarşılayır. Bu o deməkdir ki, ölkəmiz və xalqımız sürətlə parlaq və xoşbəxt gələcəyə doğru getməkdədir. İllər boyu varlığına və həyatına böyük xəyanətlər olan və heç bir azad inkişafa imkan tapmayan və öz çəkdiyi zəhmətlərdən ölkənin abadlığı və yeniliyi sahəsində istifadə edə bilməyən xalqımız bu gün Milli hökumət və azad quruluşumuzun nəticəsində əldə etdiyi müvəffəqiyyətləri görüb şad olur və hər gün bir şad xəbər eşidib və nəticədə şad duyğularını ifadə edir.
Radio stansiyasının açılış günü bu mövqelərdən birisidir. Bu gün, xalqımın həyat tarixində qızıl xətlə yazılmalı parlaq bir səhifə açdı. Radio stansiyasının açılışı münasibətilə dəvət olunanlar dəstə-dəstə salona tərəf hərəkət etməkdə idilər. Hazırda bir həyəcan və şadlıq duyulur, bu həyacan və duyğular bir çoxunda qeyri-təbii bir əhval yaratmışdır. Hamı səbrsizliklə mərasimin açılışını gözləyir. Pərdə açılır, mərasimin rəsmi hissəsi başlanır. Milli Məclisimizin rəisinin bəyanatının bu hissəsi artıq dərəcədə iştirakçıları duyğulandırır və onları ruhlandırır. “Biz indi imkan tapırıq ki, öz səsimizi azad və mədəni dünyaya yetirək”.
Xüsusilə xilaskar Qızıl ordunun dünya mədəniyyətinə etdiyi xidmətlər və xüsusən xalqımıza münasibətdə mehribanlıqları və bizə verdiyi qiymətli hədiyyədən - radio stansiyasından söz araya gəldikdə xalqımız gurultulu alqışlarla öz qədirbilənliyini və qəhrəman ordudan hansı dərəcədə razı qaldığını büruzə verdi. Sonra kürd xalqının sevimli rəhbəri çıxış edir. İştirakçılar tərəfindən şiddətlə alqışlanır. Bu isə qəhrəman Azərbaycan və kürd xalqlarının arasında olan möhkəm və sarsılmaz dostluqdan bir nümunədir. Rəsmi hissə qurtardıqdan sonra konsert başlanır. Xalq xanəndələri müxtəlif mahnılar və ahənglər oxuyurlar.
Burada bir nöqtə insanın diqqətini cəlb edir. Xalqımızda olan istedadı gördükdə adam ixtiyarsız özündən soruşur: “Bu xalq təzəlikdə istedad tapıbdır, ya istedadı var imiş?”
Fikir etdkdə bu suala cavab vermək olar. Xalqımızın istedadı var idi, bu istedad boğulmuşdu. Lakin indi isə azadlıq nəticəsində inkişaf etmiş və etməkdədir. Azadlığın xalqımıza gətirdiyi hədiyyələrdən biri də budur, yəni istedadlar daha bundan sonra boğulmayıb, əksinə, azad surətdə inkişaf edəcəkdir.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 184, 28.04.1946

***
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə