Təbrizdə sağlıq ocaqları yerli xeyriyyəçilərin hesabına tikilir Güney Azərbaycan

Təbrizdə sağlıq ocaqları yerli xeyriyyəçilərin hesabına tikilir

Güney Azərbaycan başkəndi Təbrizdə səhiyyə müəssisələri sahibkarların hesabına tikilir.

Özəlliklə təhsil ocaqları və tibbi məntəqələrin tikintisi, təmiri və texniki avadanlıqla təminatı demək olar ki, çox hallarda yerli iş adamları və xeyriyyəçilərin hesabına baş tutur.

Buna səbəb mərkəzi hakimiyyətin Güney Azərbaycan əyalətlərində səhiyyə infrastrukturunun inkişafına laqeyd yanaşmasıdır. İllik dövlət budcəsindən bu sahəyə yetərli vəsaitin ayrılmaması problemlərin yerli əhali və xeyriyyəçilər tərəfindən həll olunmasına səbəb olub.

Təbrizin şərq bölgəsində sağlıq ocağı çatışmır. Hökumətin laqeydliyi sahibkarları hərəkətə gətirib. Tanınmış iş adamlarından olan Siyavuş Moqimi Əsl bölgədə yeni tipli klinikanın tikintisini öz üzərinə götürüb.

İyunun 21-də klinikanın təməlqoyma mərasimi keçirilib. Mərasimdə Təbriz şəhərinin məsul şəxslərindən bir neçəsi, o cümlədən İranın ali rəhbər Xamneyinin Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin cümə imamı Seyid Məhəmməd Ali Haşim iştirak edib.

Şəhərinin şərq bölgəsində tikilməsi nəzərdə tutulan klinika Təbriz və ətraf kəndlərin aztəminatlı əhalisinə tibbi yardım göstərmək üçün 1200 kvadratmer infrastrukturla 6000 kvadratmetr ərazidə qurulacaq.

Bu xeyriyyə layihəsini həyata keçirmək üçün azərbaycanlı iş adamı Siyavuş Moqimi Əsl təxminən iki il ərzində 10 milyard tüməndən çox pul xərcləyəcək.

Qeyd edək ki, Siyavuş Moqimi Əsl Təbrizin tanınmış iş adamı və xeyriyyəçisi Rza Moqimi Əslin oğludur. Rza Moqimi Əsl Azərbaycanda, özəlliklə Təbriz şəhərində bir sıra təhsil ocağı və tibb mərkəzlərinin qurulması layihəsini maliyyələşdirib.

O, 2018-ci ildə özünə məxsus zavodda baş verən partlayış nəticəsində 75 yaşında dünyasını dəyişib.

Gunaz.tv