“Azərbaycan”  qəzetinin səhifələrində  - 101-ci yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 101-ci yazı

Güney Azərbaycanın idman həyatından bir səhnə…
Oğlanlar gimnaziyasının idman meydanında (3-2 hesabı ilə “Abriz” komandasının xeyrinə)

Bazar ertəsi günü, aprel ayının 15-də günortadan sonra saat 2:30-da Təbriz cavanları və idmançıları üçün unudulmaz günlərdən biri idi. Milli Hökumət qurulandan sonra bu gün ilk dəfə olaraq Azərbaycanın iki mühüm şəhərlərinin futbolçuları arasında futbol yarışı keçirilirdi. Vaxtın az olduğundan lazımi elanlar olmayıb, qabaqcadan heç bir təbliğat aparılmamışdı. Buna baxmayaraq Təbriz cavanları yarışda iştirak etmək və idmançıları həvəsləndirməkdən ötrü 2 saat günortadan keçmişdən böyük istək və rəğbətlə gimnaziya tərəfinə sel kimi axırdılar. Bunlar Təbriz, Urmiya futbolçularının oyunlarını görməyə gəlirdilər.
Bu yarışın ilkin şərtlərini Milli Bədən Tərbiyəsi Cəmiyyəti hazırlamış və tərtib etmişdi. Urmiyadan gələn qonaqları isə lazımi səviyyədə qarşılamaq üçün müvafiq hazırlıq işləri görülmüşdü. Maarif naziri, Bədən Tərbiyəsi Cəmiyyətinin üzvləri, tamaşaçılar meydanın oturacaqlarını, xalq da dam və divarları tutmuşdular.
Hamı intizardadır. Niyə başlanmır? Bəs niyə gəlmirlər? Dövlət musiqiləri çalınr, və milli himn və mahnılar oxunur. Hamı səbirsizliklə futbalçuların meydana daxil olmalarını gözləyirlər. Saat 5:30-da hakimin fit səsi eşidilir. Meydanın iki tərəfindən iki dəstə futbolçular əyinlərində futbol libası, qabaqlarında xüsusi idmançılar bayrağı dalğalanmaqdadır. Sıra ilə yüyürmək halında kapitan ilə birlikdə meydana gəlirlər.
Birdən meydan hərəkətə gəlir. Bütün tamaşaçılar ayağa qalxıb və ixtiyarsız hər iki dəstənin oyunçularını alqışlayırlar. Ağ-yaşıllar qonaqlar, yəni Urumiya dəstəsi, qırmızı- qara geyənlər Təbriz komandasının oyunçularıdırlar. İki dəstə Təbriz və Urniya futbalçuları adından dostluq matçı vercəklər. Maarif naziri və Bədən Tərbiyəsi Cəmiyyətinin üzvləri meydanın ortasına gəlirlər. Cavan nazir bütün idmanşılara əl verir və onları təşviq edir. İkinci fit çəkilir. Yarış cənab Əli Müctəhidinin hakimliyi ilə başlanır. Top hər an bir tərəfə atılır. Hər iki tərəf səy edirlər. Fədakarlıq göstərirlər. Futbol oyunu həyat dərsidir. Yaxşı nəticə çalışmaq, yoldaşlarla həmkarlıq və sədaqətlə işləmək, hər addımı düzgün və yerində atmaq nəticəsində əldə edilər.
Oyun 2 hissədə (hər hissə 45 dəqiqə) davam edir. Tamaşaçılar dərin coşqu göstərirlər. Top qapıya yaxınlaşan zaman ürəklər çırpınır və müvəqqəti olaraq səslər kəsilir. Amma top qapıdan keçən zaman “qol” deyərək səs və ura ucalır. Bravo və alqışlar yüksəldikcə idmançılar həvəslənirlər (2 hissə arasındakı tənəffüs zamanı xatirə üçün Maarif naziri, Bədən Tərbiyəsi Cəmiyyətinin üzvləri və idmançılardan birlikdə əkslər götürülür).
Yarış 3-2 hesabı ilə Təbriz komandasının xeyrinə qurtarır. Udan və uduzan tərəflər şad ürəklə və səmimiyyətlə bir-birinin əllərini sıxırlar. Hər iki dəstə birlikdə bir-birinin və Maarif nazirinin şərəfinə ura çəkirlər.
Sonra Bədən tərbiyəsi idarəsi tərəfindən hazırlanmış medallar Maarif naziri vasitəsi ilə hər iki komandanın oyunçularına təqdim olunur. Medallar idmançıların enli sinələrinə sancılan zaman “ura” və alqışlar ucalır. Burada tamaşaçılar daha özlərini saxlaya bilməyib meydanın ortasına axışırlar və Maarif naziri və medal alanları əhatə edirlər. Nəhayət, bu mərasim qurtarandan sonra idançılar qonaqlıq üçün dəvət olunurlar. Otaqda hörmətli Maarif naziri hər iki dəstəni təbrik və onları bu yolda çalışmağa təşviq edir, onlara idman və bədən tərbiyəsi sahəsində lazimi tövsiyələr verib dövlətin idman aləminə və cavan nəslə dair maraqlarını bəyan edir.
Saat 7-də şad ürəklə qonaqları Təbrizli idmançı yoldaşlarına tapşırıb və gimnaziyanı tərk etdik.
Ə.P.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 178, 21.04.1946

***
İqtisad Nazirliyinin tədbirləri

Azərbaycanda Milli Hökumət qurulan vaxt dövlət anbarlarında bir miqdar taxıl mövcud idi ki, bəzi kəndlərdə ehtiyat anbarlarının rütubətli olması üzündən taxıllara bit düşməsi nəticəsində məhv olurdular. Keçən dövlət tərəfindən bu xəsarətin qabağını almaq üçün tədbir görülməzdi. İndi Ticarət Nazirliyi bu mütləq olan xəsarəti ortadan qaldırmaq üçün bəzi tədbirlərə əl atmışdır. O cümlədən Təbriz, Zəncan, Ərdəbil, Marağa, Xoy, Urmiya, Salmas, Maku, Miyana, Əhər, Şəbüstər və Azərşəhr taxıl idarələrinə göstəriş verilmişdir ki, oradakı anbarlarda olan taxılları tamamilə atdırıb çörəkçilərin gündəlik məsrəflərini təmin etmək üçün dövlət anbarlarından beş faiz güzəştlə versinlər. Təbrizdə 9 fevral 1946-cı il tarixindən 13 aprel 1946-cı il tarixinə qədər təqribən bir ayda çörəkçilərə satılan buğda 2367 ton, un 206 ton, heyvanlar üçün satılan arpa 400 ton olubdur. Azərbaycanın sair şəhərlərindən göndərilən statistikaya görə bu günə qədər 2214 ton buğda, 1489 ton arpa, 105 ton un bütün Azərbaycan kəndlərinin əkinçilərinə faizsiz olaraq gələn xırman üstünə qədər borc verilmişdir. Sair adamlara da 92 ton buğda və 1376 ton arpa satılmışdır.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 178, 21.04.1946

***
Bu məqalə keçən gecə (20 aprel) Təbriz radiosu vasitəsi ilə yayımlanmışdır

Azərbaycanda tiryək yoxdur

Oraya nə üçün gəlirlər?

Tehran qəzetlərinin hay-küy ilə göylərə yüksəltdikləri sülh və saziş nəğmələrinə baxmayaraq axır vaxtlarda Azərbaycan hüdudunda qara buludlar görünməyə başlamışdır. Siyahdəhən, Talış və Azərbaycana yaxın məntəqələrdə jandarma dəstələri yenidən görünməyə başlayıblar. Unudulmuş mahnıları təzədən təkrar etmək üçün Tehran irtica qüvvələrindən yeni güc alıb azad toprağımıza soxulmaq xüliyasını icra etməyə çalışırlar.
Keçmiş mürtəce hökumətlərin səhvlərindən istifadə edib iş başına gələn Qəvvamüssəltənə hökuməti görünür, o səhvlərdən ibrət almaq əzəvinə onları daha qaba bir şəkildə təkrar etmək niyyətindədir. Bu isə Azərbaycan xalqını təəssüfləndirir, lakin onu qorxuda bilməz. Biz təsəvvür edirdik ki, gündən-günə artmaqda olan saziş şayiəsi nəhayət bir gün həqiqət şəkli alacaq. Azərbaycan xalqı qan tökməyə məcbur olmadan aldığı azadlığı təmin edəcək, İran daxilində başqa İran xalqları ilə qardaşcasına yaşayıb bu ailə içərisində layiq olduğu məqamı kəsb edəcəkdir. Təəssüflər olsun ki, cənab Qəvvamüssəltənə mühitin zəhərli təsirindən xilas ola bilməyib, saziş əvəzinə azərbaycanlılar ilə top-tüfəng, qumbara və süngü dili ilə danışmağa başlamışdır.
Bizim gizli oyunumuz ola bilməz. Biz hər bir hadisə və hər bir işi xalqa açıb göstərməklə güc qazanıb bu günki müvəffəqiyyətlərə nail olmuşuq. Qoy xalq həqiqəti bilsin. Həqiqət isə budur ki, Qəvvamüssəltənə hökuməti iş başına gələndən sonra saziş tərəfdarı olduğumuz üçün sərhədlərdən fədailərin irəli getmələrinin qarşısını aldıq. Hətta Ənzəli (Pəhləvi) limanının dörd ağaclığında olan fədailərimizi müharibəsiz Astarayadək geri çəkilməyə məcbur etdik. Ənzəli, Qəzvin və sair şəhərlərin sakinlərinin Azərbaycan demokrat hərəkatına qoşulmaq arzularını əməli etmək istəmədik. Mayınbulaq, Tikab və sair nöqtələri asan bir surətdə işğal etmək imkanımız olduğu halda ona girişmədik. Zülfiqari və Yadulla kimi quldur dəstələrini idarə edən şah ordusu zabitlərinin xain hərəkətlərini də əhəmiyyətsiz saydıq. Bunların hamısının müqabilində Qəvvamüssəltənə hökumətinin hərbi qüvvəsi qəfildən Hulasu ətrafında fədai dəstələrimizə qumbara, top və pulemyot ilə hücum edib Azərbaycan cavalarının qanlarını tökməyə cəsarət etdi.
Əlbəttə, bu qəfil həmlə çox az bir müddətə dəf edilib, hücuma məruz qalan fədai dəstələri isə öz müvəffəqiyyətlərini möhkəmləndirməyə nail olmuşlar. Biz istəyirik ki, bu hiyləgərcəsinə həmlənin Tehran irtica ünsürləri üçün nə qiymətə tamam olacağını indidən bəyan edək. Bunu gələcək daha yaxşı göstərə bilər. Biz istəyrik ki, Azərbaycan xalqı və bütün dünya azadlıqsevərləri bilsinlər ki, Azərbaycan Milli Hökuməti sülh və sakitliyi saxlamaq yolunda əlindən gələn fədakarlığı əsirgəməmişdir. Qəvvam hökuməti isə sülh və sazişdən dəm vurduğu halda Azərbaycan demokrat hərəkatını namərdlərə yaraşan şəkildə daldan xəncər vurmaq vasitəsilə ayaqdan salmağa çalışır.
Olsun. Biz heç vaxt milli azadlığımızı qorumaq üçün bu kimi ittifaqları nəzərdən uzaq tutmamışdıq. Azərbaycanlı azadlıq üçün qiyam edən zaman hər bir ehtimalı hesaba almışdır. Əgər Tehran irticası silah gücü ilə azərbaycanlıları boğmaq istərsə, buyursun, bu köy, bu meydan. Lakin dünya bilsin ki, həmlə onların tərəfindən başlanmışdır. Biz bununla bütün İran azadlıqsevərlərinə elan edirik ki, bizim İran xalqları ilə düşmənçiliyimiz yoxdur.
Yalnız İran daxilində öz evimizi özümüz idarə etmək istəyirik. Tehran irtica hökuməti isə bizim azadlığımızı silah gücü ilə əlimizdən almaq istəyir. Ona görə millətimiz vahid bir insan kimi ayağa qalxıb silaha silah, yumruğa yumruq ilə cavab verəcəkdir.
Biz Tehran irtica dövlətinin daxili vəziyyətindən xəbərsiz deyilik. Jandarma və ordu təşkilatını çox gözəl tanıyırıq. Toplar, qumbaralar da bizi qorxutmaz. Jandarma nəfərləri də Azərbaycana yol tapa bilməz. Burada artıq tiryək yoxdur. Jandarmaların dodaqlarını kəsib dərilərini soyduğu kəndlilərin silahı çox düzgün hədəfi vurmağa başlamışdır. Jandarma Azərbaycana ayaq basa bilməz. Azərbaycan fədailəri onlara öz qollarının gücünü göstərmişlərdir. Bunu qoy mürtəcelər çox gözəl düşünsünlər və Qəvvamüssəltənə hökuməti də anlasın ki, sülhdən dəm vuran bir dövlət qumpara ilə qabağa gəlməz.
Cənab Qəvvamüssəltənə gərək əslən nankorluq etməsin. Onun iş başına gəlməsinin əsas səbəbi Azərbaycan xalqının mərdanə qiyamı olmuşdur və bu qiyam onun süqutuna da səbəb ola bilər.
Eybi yoxdur, indi ki, silah dili ilə danışmaq istəyirlər, biz də hazırıq, görək kim tez peşiman olmağa məcbur qalar. Hər halda jandarmalar nahaq zəhmət çəkirlər.... Onların gördükləri ağaclar kökündən kəsilmişdir. Azərbaycanda onların nəşələrini təmin etmək üçün tiryək ələ keçməz. Yaxşıdır ki, öz öhdəliklərini anlayıb öz yerlərində rahat otursunlar və cənab Qəvvamüssəltənə də imtahan edilən bir işi dübarə imtahan etməyin nəticəsini bir dəfə də düşünsün.

"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 178, 21 aprel 1946-cı il
***
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə