“Qarabağ”ın ön xətdə çox yaxşı futbolçuları var” İdman

“Qarabağ”ın ön xətdə çox yaxşı futbolçuları var”

"Komandanın oyununu daha da gücləndirmək üçün əlimizdən gələni edirik. Daim inkişafdayıq ki, bu da qələbələr qazanmağımıza gətirib çıxarır. Burda vaxt itirmirik". Apasport.az saytının məlumatına görə, bunu "Roma"nın baş məşqçisi Eysebio Di Françesko deyib. İki gündən sonra Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"ın qonağı olacaq "canavarlar" İtaliya A seriyasının VI turunda "Udineze" üzərində 3:1 hesablı qələbə qazanıblar. Qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran Di Françesko "Qarabağ"la qarşılaşmaya da toxunub.
Təcrübəli mütəxəssis Bakıda işlərinin asan olmayacağını vurğulayıb: "Doğrudu, nəticə hər zaman istədiyin kimi olmur. Ancaq qələbə qazanmaq üçün "vuruşmaq" daha yaxşıdı, nəinki müdafiə olunmaq. İndi "Qarabağ"la matç üçün Azərbaycana yollanacağıq. Bu, bizim üçün adi oyun deyil. "Qarabağ"ın oyunçularını tanıyıram. Onları təhlil etmişəm. Ön xətdə çox yaxşı, yüksək keyfiyyətli oyunçuları var. Fiziki cəhətdən tam formada olmaya bilərlər. Yenə də bu görüşə ciddi yanaşmalıyıq. Belə matçlarda asanlıqla və böyük fərqlə qələbə qazanmaq tələbi bir mentalitetdi. Komandamda çox sayda oyunçunun olması və onların öyrənmək istəməsi sevindirici haldı. Mən də oyun günü tam hazır olanları meydana buraxıram". Qeyd edək ki, "Qarabağ" – "Roma" görüşü sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək.