“Danışıqların uğur gətirəcəyi inandırıcı görünmür” Dünya

“Danışıqların uğur gətirəcəyi inandırıcı görünmür”

“Artıq 15 gündür Rusiyanın Ukraynanı işğal etməsi üçün başlatdığı müharibə davam edir. Müharibənin yarım aydır davam etməsinə baxmayaraq Rusiya tərəfi hələ də ciddi uğur qazana bilməyib”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politloq Samir Hümbətov deyib. S.Hümbətov bildirib ki, Ukrayna tərəfinin yaydığı məlumatlara əsasən Rusiya tərəfi 15 gün ərzində 12 000-dən çox hərbçi itirib: “3000 dən çox hərbçi əsir düşüb. Həmçinin Rusiyaya məxsus 49 təyyarə, 81 helikopter, 335 tank, 1 105 zirehli döyüş maşını, 123 artilleriya qurğusu, 29 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA, 3 qayıq, 526 avtomobil texnikası məhv edilib.
Rusiyanın qısa müddətdə belə ciddi itkilər verməsi artıq vəziyyətin nədən ibarət olduğunu az da olsa deməyə imkan verir. Məhz buna görədir ki, Kreml adminstrasiyası Ukrayna ilə daha tez danışıqların başlaması üçün cəhdlər edir. Artıq Belarusiyada Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üç görüş baş tutub və demək olar ki, bu görüşlərdə ciddi uğur əldə edilməyib.
Bu gün isə Türkiyənin Antaliya şəhərində başlayan Diplomatiya forumu çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da iştirakı ilə rusiyalı və ukraynalı həmkarları Sergey Lavrov və Dimitri Kuleba arasında görüş keçrilib. Məsələ burasındadır ki, tərəflər arasında atəşkəs mümkün olmadıqca və hansısa kompromis əldə edilmədikcə danışıqların uğur gətirəcəyi inandırıcı görünmür”.