BMT İnsan Hüquqları Şurası Ukrayna ilə bağlı İstintaq Komissiyasına ekspertlər təyin edib Dünya

BMT İnsan Hüquqları Şurası Ukrayna ilə bağlı İstintaq Komissiyasına ekspertlər təyin edib

BMT-nin İnsan Hüquqları Şurası Ukrayna ilə bağlı yeni yaradılmış İstintaq Komissiyasına üç ekspert təyin edib.

APA BMT-nin İnsan Hüquqları Şurasının saytına istinadən xəbər verir ki, bu barədə Şuranın prezidenti, səfir Federiko Villeqas bildirib.
Onun sözlərinə görə, Norveçdən Erik Mose, Bosniya və Herseqovinadan Jasminka Dzhumur və Kolumbiyadan Pablo de Qreiff İstintaq Komissiyasının müstəqil ekspertləri kimi istintaq aparacaqlar.

Komissiyanın sədri Erik Mose olacaq.

İstintaq Komissiyasına Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü kontekstində insan hüquqlarının bütün iddia edilən pozuntularını və şiddət hallarını, beynəlxalq humanitar hüququn pozulmasını və əlaqəli cinayətləri araşdırmaq tapşırılıb.

Üç nəfərdən ibarət Komissiyaya gender məsələsi də daxil olmaqla, bu cür pozuntular və şiddət hallarına dair sübutları toplamaq, əlaqələndirmək, təhlil etmək və bütün məlumatları, sənədləri və sübutları, o cümlədən müsahibələr, şahid ifadələri və məhkəmə-tibbi materiallarını sistematik şəkildə qeyd etmək və qorumaq da tapşırılıb.

Bildirilib ki, bu materiallar gələcək hər hansı məhkəmə prosesində istifadə oluna bilər.

İlkin olaraq Komissiya bir il müddətinə yaradılıb.

Bu İstintaq Komissiyasından, həmçinin, Ukraynada insan hüquqlarının pozulmasına və bununla bağlı cinayətlərə görə məsuliyyət daşıyan şəxsləri və qurumları müəyyən etmək, onların məsuliyyətə cəlb olunmasını təmin etmək tələb olunub.

Cəzasızlığa son qoymaq, cinayət məsuliyyətini və qurbanların ədalət mühakiməsinə çıxışı təmin etmək məqsədi ilə tövsiyələr vermək tapşırılıb.

Bu ekspertlər İnsan Hüquqları Şurasının 2022-ci ilin sentyabrında keçiriləcək 51-ci sessiyasında öz işləri ilə bağlı şifahi məlumat və 2023-cü ilin martında keçiriləcək 52-ci sessiyasında hərtərəfli yazılı hesabat təqdim etməlidir.

Onlar həmçinin BMT Baş Assambleyasının 77-ci sessiyasında məruzə edəcəklər.