“Hər şey gizli əl altından həll edilir” Dünya

“Hər şey gizli əl altından həll edilir”

Qabil Hüseynli: "Ümumiyyətlə, yaxşı bir haldır ki, Krım tatarlarının təşkilatı yaradıldı"

Ötən həftənin sonlarında Krım Tatarlarının Ümumdünya Konqresi yenidən bir araya gəlib. Konqresin keçirildiyi iki gün ərzində Krımın taleyi ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Həmçinin konqres Krımın Ukraynaya qaytarılması üçün "bütün vacib tədbirlərin" görülməsi ilə bağlı çağırış edib. İkinci illik konqresin iştirakçıları Ankarada yekun bəyannamə qəbul ediblər. Sənəddə deyilir ki, ilhaqa "dərhal son qoyulmalı" və Ukraynanın yeni konstitusiyasında Krım tatarlarına muxtariyyət verilməlidir. Toplantıda dünyanın müxtəlif ölkələrindən 200 Krım tatar qrupu iştirak edib. Ukrayna prezidenti Pyotr Poroşenkonun Krım tatarları ilə iş üzrə müvəkkili Mustafa Cəmilov isə Ukraynada müsəlman batalyonunun yaradılacağını bildirib. O, Ankarada keçirilən konqresdəki çıxışı zamanı deyib ki, Ukraynanın Müdafiə Nazirliyinə tabe olacaq və Krımla həmsərhəd Herson vilayətində yerləşəcək müsəlman batalyonunun yaradılmasına dair qərar qəbul olunub. M.Cəmilovun sözlərinə görə, artıq çoxlu sayda çeçen, inquş, azərbaycanlı və özbək bu batalyonda xidmət çəkmək arzusundadır. Müsəlman batalyonunun Krım və Ukrayna arasında insanların və yüklərin keçməsinə nəzarət etmək üçün istifadə olunacağı bildirilir. Ankarada keçirilən Krım Tatarlarının Ümumdünya Konqresinə Krımın baş prokuroru tərəfindən sərt reaksiya bildirilib. Baş prokuror Nataliya Poklonskaya qeyd edib ki, Krım tatarlarının problemlərinin kənarda həll edilməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, məsələnin başqa ölkələrə aidiyyatı yoxdur: "Konqresin bizim ərazidən kənarda keçirilməsi dünyanı bu məsələlərə təhrik etmək məqsədi daşıyır. Daxili problemlər burada həll edilməlidir. Biz Afrika xalqlarının problemlərini Krımda müzakirə edirikmi? Bir məqamı da qeyd edim ki, Krım-tatar cəmiyyəti şəxsən mənə müraciət edərək Cəmilov və Çubarovun təhriklərindən onları qorumalarını istəyiblər". Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli deyib ki, Krım Tatarlarının Ümumdünya Konqresində qaldırılan məsələlər çox ciddi məsələlərdir. Onun sözlərinə görə, əvvəla Krım tatarlarının bir təşkilatı yaranıb: "Bu təşkilatın sədri də Tatar Milli Məclisinin sədri Refat Çubarov oldu. Mustafa Cəmilovun təklifi ilə Çubarov sədr seçildi. Krım tatarları müsəlman batalyonu yaradır, Ukrayna tərəfi bu batalyonun yaradılmasına ehtiyac olmadığını bildirir. Əslində, Ukrayna belə deməlidir. Hər şey gizli əl altından həll edilir. Ümumiyyətlə, yaxşı bir haldır ki, Krım tatarlarının təşkilatı yaradıldı. Bu təşkilata Türkiyə böyük dəstək verir və yaxın vaxtlarda Krım tatarların Ukrayna ərazisində kiçik bir ordusu da formalaşacaq. Bu ordu Krım uğrunda gedən mübarizəni bütün vüsəti ilə aparacaq". Q.Hüseynli deyib ki, Krım tatarlarının bu addımına Rusiya heç bir təzyiq və ya təsir göstərməyəcək. Onun sözlərinə görə, Krımın ilhaqı Rusiyanın bu məsələyə münasibətinin göstəricisidir.