“İsrail və Türkiyə koordinasiyalı fəaliyyət göstərəcək”-Məhəmməd Əsədullazadə Dünya

“İsrail və Türkiyə koordinasiyalı fəaliyyət göstərəcək”-Məhəmməd Əsədullazadə

“İranın nüvə proqramı ilə əlaqədar Qərblə mümkün razılaşmaya qayıtması mübahisəli olaraq qalır. Xüsusilə İsrailin İrana qarşı nüvə məsələsində ciddi tədbirlər görməsi istisna deyil. İranın ballistik raket bazalarına və nüvə alimlərinin hədfə alınması Təl-Əvivin ənənəvi metodudur”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullaadə deyib. M.Əsədullazadə bildirib ki, hazırda Türkiyə və İsrail arasında siyasi əlaqələr normallaşır: “İsrail Türkiyənin Suriyada anti-terror əməliyyatlarına müəyyən dərəcədə dəstək verəcək. Yaxın Şərqdə daşlar yenidən yerindən oynayır və bu prosesdə İsrail və Türkiyə koordinasiyalı fəaliyyət göstərəcək. İsrail regionun əsas ölkəsi Türkiyə ilə münasibətləri normallaşdırdıqdan sonra İrana qarşı hərbi əməliyyatlara start verə bilər.
Bundan sonra İran qonşu ölkələrə qarşı aqressiv siyasət ortaya qoyacaq. İranın Azərbaycana da mümkün təhdidləri ehtimal olunandır. Amma, Azərbaycanın Türkiyə ilə hərbi müttəfiqliyi Tehranın siyasətini neytrallaşdıracaq.
Yaxın Şərqdə İsrail İranın mövqeyini zəiflədəcək və artıq İranın 10 il ərzində Yaxın Şərq siyasəti iflasa uğradılacaq. Bu arada Suədiyyə Ərəbistanı ilə Türkiyə arasındakı əlaqələr yenidən normallaşmaya qədəm qoyur. İrana qarşı yeni bir koalisiya formalaşacaq. Çünki, İranın nüvə silahı əldə etməsi regional təhdiddir”.