Ağ Ev Baydenin "xərçəng xəstəliyinə tutulması" ilə bağlı sözlərinə aydınlıq gətirib Dünya

Ağ Ev Baydenin "xərçəng xəstəliyinə tutulması" ilə bağlı sözlərinə aydınlıq gətirib

ABŞ prezidenti Co Bayden "xərçəng xəstəliyinə tutulması" haqqında danışarkən daha əvvəl cərrahi yolla kəsilib götürülən dəri şişini nəzərdə tutub.

Trend xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts bildirib.

"Prezident bunu nəzərdə tuturdu", - deyə E.Beyts "Washington Post"un redaktoru Qlenn Kesslerin yazısını paylaşaraq bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Co Bayden uşaqlığını keçirdiyi bölgədə havanın çirkləndirilməsi səbəbindən xərçəng xəstəliyinə tutulduğunu bildirib.
C.Bayden xatırladıb ki, ölkə daxilində bir çox fabrik havaya "zəhərli maddələr, istixana qazları" buraxır. "Bunlar bu gün üzləşdiyimiz iqlimlə bağlı fövqəladə vəziyyətə səbəb olan çirklənmə növləridir", - deyə ABŞ lideri bildirib.

C.Bayden qeyd edib ki, Kleymont (Delaver ştatı) şəhərində yaşayıb, onun evinin yaxınlığında çox sayda neft emalı zavodları var idi və daim güclü külək əsirdi.

"Biz Delaverə köçəndə mən çoxmənzilli yaşayış binasında yaşayırdım və yolun qırağında getdiyim kiçik bir məktəb var idi. Bizim piyada getməməyimiz üçün anam bizi avtomobil ilə aparırdı. Və ilk şaxtalarda nə baş verdiyini bilirsinizmi? Avtomobilin şüşəsindəki neft ləkələrini sözün əsl mənasında yumaq üçün şüşə silənləri işə salmalı olurduq. Buna görə mən və böyüdüm bir çox başqa insanlarda xərçəng var", - deyə C.Bayden bildirib.

Bu açıqlama dərhal sosial şəbəkələrdə diqqət çəkib. "Co Bayden indicə xərçəng tutduğunu elan etdi?" – deyə Respublikaçılar Partiyasının Milli Komitəsinin "Twitter" səhifəsində bildirilib.

Öz növbəsində, "The Washington Post" qəzetinin redaktorlarından biri Qlenn Kessler bu qənaəti tənqid edib. "Nə axmaq tvitdir! Baydenin tibbi hesabatına baxın" - deyə cavab olaraq qeyd edib.

Q.Kessler xatırladıb ki, Bayden prezident olmazdan əvvəl onun melanoma olmayan dəri şişləri cərrahi yolla götürülüb. Bununla belə, ABŞ lideri xərçəng xəstəliyindən indiki zamanda danışıb.