Konqres Suriyaya görə ABŞ-ın xüsusi xidmətlərini təftiş edəcək Dünya

Konqres Suriyaya görə ABŞ-ın xüsusi xidmətlərini təftiş edəcək

ABŞ Konqresi ölkənin xüsusi xidmət orqanlarının Moskvanın Suriyadakı niyyətləri barədə vaxtında xəbər tutulması işində mümkün qüsurlarını araşdırır

Cavid

ABŞ Konqresinin vəzifəli millət vəkilləri ölkənin xüsusi xidmət orqanlarının Moskvanın Suriyadakı niyyətləri barədə vaxtında xəbər tutulması işində mümkün qüsurlarını araşdırırlar. Reuters xəbər verir ki, Rusiyanın Suriyadakı vətəndaş münaqişəsinə hərbi müdaxiləsindən bir həftə sonra ABŞ Konqresində Senat və Nümayəndələr Palatasının kəşfiyyat komitələri ölkənin xüsusi xidmətlərinin səmərəliliyi məsələsini araşdırmağa başlayıb.
Rusiya hazırda Suriyada ən müasir təyyarə və tanklarla, uzaqvuran raketlər və dəniz donanması ilə vəziyyətə sahiblik edir. Bəzi məlumatlara görə, Rusiyanın Krımı ilhaqı və Çinin Cənubi Çin dənizində ada yaratmaq niyyətlərinin vaxtında aşkar edilməməsi xüsusi xidmətlərin səmərəsiz fəaliyyəti ilə əlaqələndirilir.
"Reuters" agentliyi yazır ki, xüsusi xidmətlər Ukrayna böhranı ilə əlaqədar Rusiyadan informasiyaların toplanması işini gücləndirsələr də, onların əsas qüvvələrinin Yaxın Şərq və Əfqanıstan-Pakistan regionuna yönəlməsi kəşfiyyatın işini mənfi təsirləndirib.
ABŞ administrasiyasında adlarının çəkilməsini istəməyən rəsmilər bildiriblər ki, Ağ Ev kəşfiyyat işinin səviyyəsindən tamamilə razıdır. Xəbər verilir ki, əslində Rusiyanın Suriyada hərbi qüvvə toplaması bütün mərhələlərdə lazımınca izlənib. Lakin istər kəşfiyyat zabitləri, istərsə də administrasiya Putinin çevikliyini və aqressivlik dərəcəsinin lazımı dərəcədə qiymətləndirilmədiyini anonim qaydada etiraf ediblər.
Xəbər verilir ki, Rusiyanın Suriyadakı hərbi müdaxiləsinin miqyasları və çevikliyi Obama administrasiyasının Yaxın Şərq strategiyasını tərksilah edib və ABŞ-ın regiondakı nüfuzuna xələl gətirib. Rəsmilər deyirlər ki, indi Suriya böhranında təşəbbüsü keçmiş Soyuq müharibə düşməninin əlindən almaq asan olmayacaq.
Sual doğuran digər məqam budur ki, hətta ən yaxşı kəşfiyyat məlumatları ilə administrasiya Suriya müxalifətinin Rusiyanın atəş xəttinə düşməsinin qarşısını ala bilərdimi?
"Reuters" yazır ki, Obama Amerikanı Yaxın Şərqdə daha bir müharibəyə çəkməmək üçün Suriyada Rusiyaya daha sərt müqavimət göstərmək istəməyib və ola bilsin ki, Moskvada bunu Suriyaya tam müdaxilə etmək üçün "yaşıl işıq" kimi başa düşüblər. Nəticədə Rusiya hazırda Suriyada ən müasir təyyarə və tanklarla, uzaqvuran raketlər və dəniz donanması ilə vəziyyətə sahiblik edir. Bu barədə məlumatı ABŞ-ın NATO-dakı səfiri verib.
ABŞ administrasiyası inanır ki, indi ən azı Putinin Suriyadakı əsas motivini daha yaxşı başa düşmək imkanındadır. Bununla belə, Vaşinqton Putinin bu müdaxiləni hansı miqyasadək genişləndirməyə hazır olduğu barədə məlumatsızdır. Reuters agentliyinin qənaətinə görə, ABŞ kəşfiyyatı Putinin və onun yaxın çevrəsinin planları və düşüncə tərzi barədə məlumatsızdır. Təhlilçilər iddia edirlər ki, Obama Putinlə Nyu Yorkdakı geniş söhbətindən sonra Rusiyanın hər hansı hücum əməliyyatları niyyəti barədə müşavirlərini məlumatlandırmayıb.
Rusiyanın Suriyadakı əməliyyatları bu söhbətdən iki gün sonra başlanıb. Obama administrasiyasının vəzifəli rəsmilərindən biri deyib ki, "biz gizli fikirləri oxuyan deyilik, lakin Rusiyanın Suriyada hərbi güc topladığından və bunun arxasında məqsəd dayandırığından xəbərdar idik".
Bununla belə, bəzi rəsmilər bu qənaətdədirlər ki, kəşfiyyat Rusiyanın Surayada cəmləşdirdiyi qüvvədən necə və hansı miqyasda istifadə edəcəyini aşkara çıxara bilməyib: "Bizim bunu vaxtından 48 saat əvvəl bilməyəmiz nə fərq edəcəkdi? Bu halda da Putini Suriyadan çəkindirmək üçün daha yaxşı variantlar olmayacaqdı".
Mənbələrdən biri bildirib ki, ola bilsin, kəşfiyyat Rusiyanın Suriyaya hərbi güc toplamasından məqsədin güc nümayişi olduğunu güman edib. Bəzi ekspertlər Amerika kəşfiyyatının Rusiyanın niyyətlərindən bir həftə geri qaldığını bildiriblər.
"Reuters" xəbər verir ki, indi Konqres komitələri məhz bu istiqamətdə kəşfiyyatın hansı məlumatları ötürdüyünü, nə etdiyini və necə işlədiyini araşdıracaq.
ABŞ-ın Moskvadakı keçmiş səfiri Michael McFaul deyib ki, kəşfiyyat Rusiyanın niyyətləri barədə hətta ən müfəssəl məlumata malik olsaydı belə, nəticəni dəyişmək çətin ki, mümkün ola bilərdi.
"Bizim bunu vaxtından 48 saat əvvəl bilməyəmiz nə fərq edəcəkdi? Bu halda da Putini Suriyadan çəkindirmək üçün daha yaxşı variantlar olmayacaqdı" – deyə hazırda Stanford Universitetində dərs deyən diplomat bildirib.