Ərdoğan tarixdə ən böyük zəfərini qazandı Dünya

Ərdoğan tarixdə ən böyük zəfərini qazandı

Kürdlər ölkədə qarşıdurma yaratmağa cəhd göstəriblər

Cavid

Türkiyədə bu bazar günü keçirilən parlament seçkisində AKP 49,41 faiz səslə qalib gəlib. Sonrakı yerləri Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyası (HDP) tutub. 49,4 faizlə qalib gələn AKP təkhakimiyyətliyə sahiblənəndən sonra prezident Ərdoğan çıxış edib.
Türkiyə mətbuatı xəbər verir ki, prezident Ərdoğan Eyüp Sultan Məscidində namaz qıldıqdan sonra seçkinin nəticələrini dəyərləndirib: "Sandıqdan çıxan nəticə məlumdur. Koalisiya danışıqları nəticə vermədiyi üçün təkrar milli iradə göstərmək məcburiyyətində qaldıq. Milli iradə noyabrın 1-dən etibarən sabitlikdən yana təzahür etdi. Mən bu an çıxan nəticənin ölkəmiz üçün xeyirli olmasını diləyirəm. Bir olaq, sağ olaq, hamımız birlikdə Türkiyə olaq. Üzərimizdə böyük oyun oynanıldığını bilirsiniz. Təkrar millətimə minnətdarlığımı ifadə edirəm. O duyduğumuz coşğu ölkəmizin demokratik yetkinliyə çatdığını göstərdi".
Prezident dünya mediasında Türkiyədə keçirilən seçkilərlə bağlı müzakirələri də dəyərləndirib: "Görəsən, dünya mediası bizim ölkə ilə bu qədər maraqlandığı qədər nədən öz ölkələri ilə maraqlanmırlar?! Millətimiz 52 faizlə prezidentini seçir, 50 faizə yaxın səslə partiyasını seçir, amma əcnəbinin davranışı başqa. Bu ölkənin Ərdoğanı seçməsinə hələ də hörmət edə bilmədilər".
O, AKP-nin qalib gəlməsinin Türkiyədə yaranmış gərgin vəziyyəti aradan qaldıracağını bildirib: "AKP-nin seçkidə qalib gəlməsi fərqli seqmentlər üçün mesajdır. Ən önəmli mesaj isə PKK terror təşkilatı və onun tərəfdaşlarınadır. 7 iyun parlament seçkisindən sonra ölkədə qarşıdurmalar yaratmağa çalışanlara bölgə xalqı başda olmaqla, əziz millətimiz güclü cavab verdi. Millətimiz AKP-yə səs verməklə ölkəmizin birlik, bərabərlik və bütövlüyünə sahib çıxdığını göstərdi. Bu nəticələr eyni zamanda müxalifət partiyalarına və onların liderlərinə də bir mesajdır. Onların qeyri-konstruktiv və revanşist siyasəti millətimiz tərəfindən rədd edildi. Bu seçkinin ölkəmiz və millətimiz üçün xeyirli olmasını arzulayıram. Təkbaşına iqtidar olan AKP-ni və onun sədri baş nazir Əhməd Davudoğlunu təbrik edirəm".
"Qardian" qəzeti də AKP-nin qələbəsindən yazıb. Qəzet Ədalət və İnkişaf Partiyasının 7 iyundan sonra tarixinin ən böyük uğurunu qazandığını bildirib: "Ərdoğan "məndən sonra tufan olacaq" siyasətindən yararlanaraq, hər şeyi dəyişə biləcəyini planlaşdırırdı. Prezident tərəfsiz olmağına rəğmən, seçki kampaniyası boyunca sabitlik, təhlükəsizlik sözlərini dəfələrlə işlətdi. Görünür, kifayət qədər seçici Ərdoğanın bu xəbərdarlıqlarını nəzərə aldı. AKP MHP-dən dəstək ala bilsə, konstitusiyanı dəyişdirməyə bəs edəcək 330 səsə sahib olacaq. Bu, Ərdoğanın ən böyük arzusunun gerçəkləşdirilməsi olacaq. Yəni Putin kimi səlahiyyətlərə malik bir status qazanacaq. Müxalifət bir zamanlar Ərdoğanı AKP-nin seçkidəki məğlubiyyətinə görə PKK ilə savaşı yenidən başlatmaqda günahlandırırdı. İndi o, üstünlüyündən istifadə edib, PKK-ya qarşı daha sərt addımlar ata bilər. Buna alternativ olaraq isə bir neçə ilə öncə başlatdığı sülh prosesini də gündəmə gətirə bilər. ABŞ isə bu sülh prosesinin reallaşdırılması üçün təzyiqlər edəcək".
Onu da qeyd edək ki, Türkiyədə seçkilər qurtardıqdan sonra polislə etirazçılar arasında toqquşmalar baş verib. Ən güclü ixtişaş Diyarbəkir şəhərində yaşanıb.
Polis etirazçılara dağılmaq barədə xəbərdarlıq edib. Buna məhəl qoymayan etirazçılar polisə hücum ediblər. Təhlükəsizlik qüvvələri daş atan nümayişçilərə bibər qazı ilə müdaxilə etmək məcburiyyətində qalib. Etirazların davamı Xalqların Demokratik Partiyasının (HDP) Diyarbəkir nümayəndəliyinin qarşısında baş tutub. Şanlıurfa şəhərinin Siverek rayonunda da seçki nəticələri açıqlandıqdan sonra şəhərin bir çox nöqtədən silah səsləri eşidilib. Silahlı insident nəticəsində bir nəfər qolundan yaralanıb. İğtişaşlar kürdyönümlü HDP-nın tərəfdarları tərəfindən təşkil edilib. HDP son iki seçkilərdə 10 faizlik baryeri aşaraq Türkiyə parlamentinə millət vəkili göndərə bilib.