

ABŞ və Cənubi Koreya Hərbi Hava Qüvvələrinin beş ildən sonra ilk böyük birgə təlimi "Vigilant Storm" bazar ertəsi günü başlayıb.
Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata əsasən, təlimlərdə 240-dan artıq təyyarə iştirak edir. Bildirilir ki, müttəfiqlər “Şimali Koreya tərəfindən artan təhdidlərin qarşısını almağa çalışırlar".
Cənubi Koreya Hərbi Hava Qüvvələrindən manevrlərdə F-35A qırıcıları, həmçinin F-15K və KF-16 təyyarələri də daxil olmaqla 140-a yaxın təyyarə iştirak edir. ABŞ Hərbi Hava Qüvvələri Yaponiyanın Okinava adasında yerləşən F-35B qırıcıları və EA-18 elektron döyüş təyyarələri də daxil olmaqla 100 texnika ilə təmsil olunur.
Qeyd edilir ki, təlimlərdə Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus çoxməqsədli nəqliyyat tankeri KC-30A da iştirak edəcək.