Şoyqu: Səfərbər edilmiş 300 min nəfərdən 87 mini artıq Ukraynadadır Dünya

Şoyqu: Səfərbər edilmiş 300 min nəfərdən 87 mini artıq Ukraynadadır

Rusiyada səfərbər edilmiş 300 min nəfərdən 87 mini artıq Ukraynadakı xüsusi hərbi əməliyyatlar zonasına göndərilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, Ukraynadakı müharibədə döyüş təcrübəsi qazanmış 3000-ə yaxın təlimatçı səfərbər olunmuşlarla işə cəlb olunub.

“Təlim poliqonlarında yaradılan bölmələrin döyüş koordinasiyası tamamlanır. Əsas səylər sahə hazırlığına, rabitə vasitələrindən istifadə etmək bacarığına, naviqasiya və kəşfiyyata yönəldilib. İşə xüsusi hərbi əməliyyat zamanı döyüş təcrübəsi almış üç mindən çox təlimatçı cəlb edilib”, - deyə Şoyqu vurğulayıb.

Rusiya MN başçısı onu da qeyd edib ki, əsgərlər - müddətli çağırışçılar xüsusi hərbi əməliyyat zonasına göndərilməyəcək, xidmətini başa vuran bütün çağırışçılar evlərinə göndəriləcək.

Şoyqu bildirib ki, Rusiya silahlı qüvvələri kritik infrastruktura zərbələr endirməklə Ukraynanın hərbi potensialını effektiv şəkildə azaldır. “Dəqiq silahlarla zərbələr endirməklə biz hərbi infrastruktur obyektlərini, eləcə də Ukraynanın hərbi potensialının azalmasına təsir edən obyektləri effektiv şəkildə vurmağa davam edirik. Eyni zamanda, Ukrayna vətəndaşlarının ölümünün qarşısının alınması üçün hərtərəfli tədbirlər görülür”, - deyə rusiyalı nazir əlavə edib.