“Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edib” Dünya

“Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edib”

Əhməd Davudoğlu: "SSRİ dövrünü canlandırmağa çalışmaq Rusiya üçün xeyirli nəticələr verməyəcək"

Ukraynada rəsmi səfərdə olan Türkiyənin baş naziri Əhməd DavudoğluKiyevdə həmkarı Arseni Yatsenyukla birlikdə mətbuat konfransı keçirib.
Ukrayna televiziyaları tərəfindən canlı yayımlanan mətbuat konfransında hər iki baş nazir Rusiyanın siyasətini kəskin tənqid edib. Davudoğlu Rusiyanı beynəlxalq hüquq normalarını pozmaqda günahlandırıb: "Hazırda Rusiya 3 ölkədə işğalçı durumundadır - Ukrayna, Gürcüstan və Suriya. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi də Rusiyanın dəstəyi ilə baş verib".
Əhməd Davudoğlunun fikrincə, Rusiyanın Ukraynadakı əməllərinə beynəlxalq aləm lazımi reaksiyanı versəydi, Rusiya bəlkə də Suriyaya girməyə cəsarət etməzdi: "Bu gün Rusiyanın istər Ukraynaya qarşı yol verdiyi, istərsə də Suriyada ortaya qoyduğu aqressiv siyasətə qarşı Ukrayna ilə ortaq mövqedəyik. Ukrayna təkcə bizə qonşu olan ölkə deyil, həm də bizim strateji ortağımızdır. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krımın ilhaqını rədd edir. Krım tatarların ana yurdudur. 1944-cü ildə zülmə məruz qalaraq torpaqlarından deportasiya edilən tatarların hüquqlarını müdafiə etməkdən məmnunluq duyuruq. Krım Ukraynanın bir hissəsidir".
Əhməd Davudoğlu Rusiya bombardmanları nəticəsində Suriyada çoxlu sayda qadın və uşaqların öldüyünü vurğulayıb. O, SSRİ-nin vaxtilə Əfqanıstanda üzləşdiyi aqibəti xatırladaraq Rusiyanın da Suriyadakı aqibətinin buna bənzəyəcəyini söyləyib: "Rusiya rəhbərliyinə demək istəyirik ki, artıq Sovetlər İttifaqı dövrü bitib. Həm də 25 il əvvəl bitib. O dövrü təkrar canlandırmağa çalışmaq Rusiya üçün xeyirli nəticələr doğurmaz. Bu, rus xalqının da qəbul etmədiyi bir şeydir".