“Nazirlərin imzaladıqları birgə bəyannamə hər üç ölkə üçün faydalı sayıla bilər“ Dünya

“Nazirlərin imzaladıqları birgə bəyannamə hər üç ölkə üçün faydalı sayıla bilər“

Fazil Mustafa: "Qərarlar əslində Rusiya tərəfindən Moskva və Qars müqavilələrinin ləğvinə yönəlik təşəbbüslərin səsləndirildiyi vaxtda daha aktualdır"

"Xarici İşlər nazirlərinin Tiflisdə imzaladıqları birgə bəyannamə hər üç ölkənin qonşuluq və dosluq münasibətlərinin inkişafı üçün faydalı sayıla bilər". Bunu Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidə keçirilən 5-ci üçtərəfli görüşünə münasibət bildirərkən qeyd edib. F.Mustafanın sözlərinə görə, bu gürüşdə alınan qərarlar əslində Rusiya tərəfindən Moskva və Qars müqavilələrinin ləğvinə yönəlik təşəbbüslərin səsləndirildiyi vaxtda daha aktualdır: "Üç qonşu və dost dövlətin sərhədlərin toxunulmazlığı ilə bağlı bir iradə bəyannaməsidir. Hər üç ölkənin bu məzmunlu iradəsinin indi daha yüksək səslə diqqət mərkəzinə gətirilməsi zərurətə çevrilib. Bu həm də hər üç dövlətin qonşuluq və dostluq münasibətinin inkişafı üçün faydalı sayıla bilər".
Fazil Mustafa erməni deputat Naira Zöhrabyanın türkiyəli millət vəkili, əslən erməni olan Markar Esayanı təhqir etməsi barədə də danışıb. Millət vəkilinin sözlərinə görə, Zöhrabyana qarşı hüquqi tədbir görülməlidir: "Əgər Avropa Şurasında bu məsləyə ciddi yanaşsalar, Naira Zöhrabyanın AŞ PA-dakı üzvlüyünə xitam verilə bilər. Ümumiyyətlə, Naira Zöhrabyan çox tərbiyəsiz deputatdır. Davranışları, hərəkətləri, qışqırıqları Avropa Şurasında hamını bezdirib. Bu, bəlkə, öz dədəsini də elə təhqir edir. Ona görə də bu tərbiyəsiz adama qarşı hüquqi tədbir görülməlidir. Çünki hər hansı bir şəkildə küçədən keçən adamların Ermənistandan Avropa Şurasına göndərilməsinin qarşısı alınmalıdır. Yəni daha abırlı adam göndərə bilərlər. Bu baxımdan Zöhrabyanın üslubu odur. Belə üslubda olan adamlar da qəsdən ora göndərilir ki, həyasızlıqla erməni iddialarını, yalanlarını cəmiyyətə sırımağa çalışsınlar. Açığı, bu, ciddi hüquqi nəticə doğuran məsələdir. Əgər Avropa Şurasında bu məsələyə ciddi yanaşsalar, Zöhrabyanın AŞ üzvlüyünə xitam verilə bilər. Çünki heç kəsin Avropa parlamentində deputatı mövqeyinə görə təhqir etmək hüququ yoxdur". Millət vəkili Azərbaycanın Türkiyəyə ciddi dəstək verəcəyini də bildirib: "Bu məsələdə Türkiyə ilə birgə çalışmağa ehtiyac yoxdur. Məsələ gündəmə gələndə Azərbaycan tərəfi Türkiyəyə ciddi dəstək verəcək".
Xatırladaq ki, AŞ PA-nın qış sessiyasının gedişində Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, milliyyətcə erməni olan Markar Esayan Robert Uolterin müəllifi olduğu "Dağlıq Qarabağ və ətraf ərazilərdə zorakılığın artması" adlı qətnamənin lehinə səs verib. Bundan sonra Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Naira Zöhrabyan yaxınlaşaraq onu təhqir edib. Türkiyə nümayəndə heyəti bu əməlinə görə Naira Zöhrabyanın AŞ PA-da səsvermə hüququndan məhrum edilməsi ilə bağlı müraciət hazırlayıb.