Bayden illik hesabat məruzəsində diqqəti iqtisadiyyata yetirdi Dünya

Bayden illik hesabat məruzəsində diqqəti iqtisadiyyata yetirdi

ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı Konqres qarşısında ölkənin durumu haqqında illik məruzəsində dedi ki, “Amerikanın hekayəsi tərəqqi və möhkəmlik hekayəsidir.” O, məruzəsində diqqətini daxili iqtisadi siyasətə yönəltdi və Respublikaçı rəqiblərinə birgə işləmək üçün çağırış etdi.

“İki il əvvəl, COVID bizneslərimizi qapatdı, məktəblərimizi bağladı və bizim əlimizdən çox şeyi aldı,” Bayden Konqresin hər iki palatasının üzvləri qarşısında çıxışında dedi.

“Bu gün COVID artıq bizim həyatımızı idarə etmir,” o bildirdi.

“Və iki il öncə, bizim demokratiyamız Vətəndaş müharibəsindən bəri ən böyük təhlükə ilə üzləşdi. Bu gün demokratiyamız əzilmiş olsa da, əyilməmiş və sınmamış olaraq qalır,” - deyə o əlavə etdi.

Konsensusu vurğuladı

Nümayəndələr Palatasında Respublikaçıların çoxluq təşkil etdiyi Konqesdə çıxış edən Bayden Respublikaçı və Demokrat qanunvericilərin birlikdə qəbul etdiyi qanun layihələrindən, o cümlədən nəhəng infranstruktur layihəsi, Ukraynaya dəstək və eyni-cinsli insanların evlilik hüququnun qorunmasından danışdı.

“Respublikaçı dostlarıma deyirəm ki, əgər biz ən son Konqresdə birlikdə işləyə bildiksə, bu yeni Konqresdə də birlikdə işləyib, konsensus tapmamağımız üçün heç bir səbəb yoxdur,” Bayden dedi.

Bayden bildirdi ki, Birləşmiş Ştatların dünyanın ən güclü iqtisadiyyatını qoruyub saxlamaq üçün ən yaxşı infrastruktura ehtiyacı var. Və o dedi ki, yeni standartlara əsasən, federal infrastruktur layihələrində yalnız Amerika istehsalı olan tikinti materiallarından istifadə etmək tələb olunacaq.

“Taxta, şüşə, alçipan, fiber-optik kabel,” o dedi. “Və mənim nəzarətim altında Amerika yolları, Amerika körpüləri və Amerika magistralları Amerika məhsulları ilə hazırlanacaq,” o əlavə etdi.

Ümumilikdə Bayden onun iqtisadi siyasətində diqqətin “unudulmuş yerlərə və insanlara sərmayə qoymaq" olduğunu dedi.

Prezident həmçinin borc tavanını, yəni ABŞ Xəzinəsinin ölkə xərclərini ödəmək üçün borc ala biləcəyi maksimum məbləği artırmağa çağırdı. ABŞ yanvar ayında 31.4 milyon dollarlıq borc tavanına çatıb. İndi isə Konqres ABŞ-ın borclarına defolt etməməsi üçün ilin ortalarına qədər limiti artırmalıdır.

Bayen dedi ki, Konqres daha əvvəl "iqtisadi fəlakətin qarşısını almaq üçün" ölkənin xərclərini ödəyib. O, qanunvericiləri Birləşmiş Ştatların kreditinin heç vaxt şübhə altına alınmayacağını təmin etməyə çağırdı.

Nümayəndələr Palatasının yeni seçilən spikeri Kevin Makkarti deyib ki, Respublikaçılar partiyası ifrat xərclərə qarşı çıxmağa davam edəcək.

Xarici siyasət

Bayden dedi ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya “amansız hücumuna” cavab olaraq Birləşmiş Ştatlar NATO-nu birləşdirib və qlobal koalisiya qurub.

“Biz Putinin aqressiyasına qarşı çıxdıq. Biz Ukrayna xalqının yanındayıq,” o bildirdi.

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovanın da iştirak etdiyi hesabat məruzəsində Bayden dedi ki, Birləşmiş Ştatlar Ukraynaya dəstəyində həmrəydir və “lazım olduğu qədər yanınızda olacaq.”

Ötən həftə Birləşmiş Ştatların bir həftə boyunca ABŞ hava məkanında uçduğu və Çinə məxsus olduğunu bildirdiyi casus hava şarını vurmasından sonra ABŞ-Çin münasibətlərinin aşağı səviyyəyə düşdüyü bir vaxt, Bayden ABŞ maraqlarını irəliyə aparacaq və dünyaya faydalı olacaq şəkildə Çinlə işləmək istədiyini bildirdi.

“Amma səhv anlamayın: biz ötən həftə açıq şəkildə göstərdiyimiz kimi, əgər Çin bizim suverenliyimizi təhdid edərsə, biz ölkəmizi qorumaq üçün hərəkətə keçəcəyik,” o dedi.

Silahlara nəzarət, immiqrasiya

Bayden məruzə çıxışının bir hissəsində Konqresi sərhəd təhlükəsizliyi üçün avadanlıq və zabitlərin ayrılması, ölkəyə uşaq ikən gətirilən müəyyən immiqrantlar, təsərrüfat işçiləri və zəruri işlərdə çalışan işçilər üçün vətəndaşlıq yolunun açılması kimi immiqrasiya islahatlarını dəstəkləməyə çağırdı.

O həmçinin avtomat silahların qadağan edilməsinə və polis qüvvələrində islahatların aparılmasına çağırdı.

Konqresin Qara Kokusu qətlə yetirilən Memfis sakini Tayre Nikolsun valideynlərini hesabat məruzəsinə dəvət etmişdi.

29 yaşlı Nikols yanvar ayında beş afrikalı amerikalı polis zabiti tərəfindən öldürülüb. Votse-Prezidenti Kamala Harris bu faciədən istifadə edərək Konqresi ilişin qalan Demokratların 2020-ci ildə Minneapolis sakin Corc Floydun öldürülməsindən sonra təklif etdikləri polis islahatı aktını yenidən nəzərdən keçirməyə çağırıb.

“Memfisdə Tayrenin başına gələnlər tez-tez baş verir,” Bayden dedi. “Biz bundan daha yaxşı olmalıyıq.”

Respublikaçıların cavabı

Respublikaçılar Partiyasının cavab nitqi ilə çıxış edən Arkanzas qubernatoru Sara Hakabi Sanders Baydenin immiqrasiya və iqtisadiyyatla bağlı siyasətini, silah və polis islahatı ilə bağlı təkliflərini tənqid etdi, xarici siyasətini zəif adlandırdı və onun vəzifəyə yararlılığını sual etdi.

“Üç kiçik uşaq anası olmaq mənə hər eşitdiyimə inanmamağı öyrətdi. Ona görə də, bu axşam prezident Baydendən eşitdiyim heç bir şeyə inanmadığım üçün məni bağışlayın. Nəzarətdən çıxan inflyasiyadan və zorakı cinayətlərdən tutmuş təhlükəli sərhəd böhranına və Çindən gələn təhlükəyə kimi, Bayden və Demokratlar sizi məyus edib.”