Braziliya prezidentinin impiçmenti üçün səsvermə olacaq Dünya

Braziliya prezidentinin impiçmenti üçün səsvermə olacaq

Əgər impiçment qərarı komqresin aşağı palatasından keçərsə..

Cavid

Braziliya prezidenti Dilma Rousseffin impiçment prosedurundan yan keçmək arzularına böyük zərbə vurulub. 65 üzvü olan konqres komitəsi 38-27 səs çoxluğu ilə, artmaqda olan büdcə kəsirini gizlətmək üçün hökumət hesablarını manipulyasiya etməkdə günahlandırılan prezidentin impiçmentini tövsiyə edib. Bu barədə tam heyətdə konqres səsverməsi aprelin 17-də və ya 18-də keçiriləcək. Bu məsələ Braziliyada ciddi ictimai gərginlik yaradıb və polis ölkə paytaxtı Braziliada prezidentə tərəfdar və əleyhdar olanların mümkün kütləvi etiraz aksiyalarına hazırlaşır. Bir çox təhlilçilər komitədə keçirilmiş səsverməni simvolik hesab edirlər, lakin onun nəticəsinə konqresdəki səsvermənin nəticəsi barədə proqnoz kimi də baxılır. İmpiçment barədə qərarın Senata göndərilməsi üçün aşağı palatada keçiriləcək səsvermədə ona 342 deputatın tərəfdar olması tələb olunur. Estadao qəzetinin rəy sorğusu 292 leyhinə, 115 əleyhinə və 106 bitərəf proqnozunu göstərib.

İmpiçment, yoxsa çevriliş?

Son vaxtlar populyarlığı xeyli azalmış prezident dövlət neft nəhəngi Petrobrasla bağlı korrupsiya qalmaqalına görə tənqid edilir. Sadə braziliyalılar arasında keçirilmiş rəy sorğuları əksəriyyətin impiçmenti dəstəklədiyini göstərsə də, hakim İşçi Partiyası, impiçment təşəbbüsünü demokratik yolla seçilmiş hökumətə qarşı parlament çevrilişi kimi qiymətləndirir. Hakim partiya rəsmiləri deyirlər ki, xanım Rousseff rəsmi qaydada Petrobrasla bağlı korrupsiya iddiaları ilə günahlandırılmır. Baş prokuror Jose Eduardo Cordozo da "heç bir cinayət törətməmiş", "bir qəpik də oğurlamamış" prezidentin impiçmentini çevriliş cəhdi adlandırıb.

Müxalifət bir az tələsib…

Əgər impiçment qərarı komqresin aşağı palatasından keçərsə, Senatda onun təsdiqi üçün adi çoxluq kifayət edəcək. Bu halda müxalifətdən olan vise-prezident Michel Temer prezident səlahiyyətlərini öz üzərinə götürəcək. Bu məsələ ilə bağlı da başqa bir qalmaqal yaşanır. Mətbuat Temerin "xalqa müraciətinin" artıq indidən hazırlanmış layihəsi barədə təfərrüatları dərc edib. Müxbirlər deyirlər ki, Temerin özünün də impiçmentə düşəcəyi mümkündür və buna görə də ola bilsin, o çıxış hazırlamaqda bir qədər tələsib.