
Atatürk Hava Limanı partladıldı
Cavid
İyunun 28-də gecə saatlarında Türkiyənin İstanbul şəhərində Atatürk Hava Limanında ard-arda 2 terror hadisədi törədilib. Türkiyə mətbuatının yazdığına görə, İstanbulun Atatürk aeroportunda terror hücumlarının hansı ssenari əsasında törədildiyi çoxsaylı şahid ifadələrinə və videomüşahidə kameralarının görüntülərinə əsasən müəyyən olunub. Aeroporta üzərində bomba daşıyan 3 intiharçı-terrorçu hücum edib. Onlardan biri sərnişinlərin yoxlanılaraq uçuş terminalına buraxıldığı X-Ray cihazına yaxınlaşaraq "İndi burada bomba partlayacaq" deyə qışqırıb. Bu zaman panikaya düşən insanlar terminalın çıxış qapısına doğru qaçmağa başlayıblar. Həmin vaxt girişdə olan iki terrorçu "Kalaşnikov" avtomatlarını çıxararaq panika içərisində olan insan kütləsinə atəş açıb, daha sonra özlərini partladıb.
Bunun ardınca yaranmış panikadan istifadə edən üçüncü terrorçu X-Ray cihazından keçərək uçuş terminalına, insanların çox olduğu yerə doğru qaçmağa başlayıb. Bu zaman polislərdən biri onu tabel silahı ilə vurub, terrorçu yaralı halda daha bir neçə metr qaçıb və yerə yıxılıb. Terrorçuya atəş açıb yaralayan polis ona yaxınlaşıb, başı üzərində bir neçə saniyə dayanıb baxıb və yenidən atəş açıb intiharçını öldürmək əvəzinə qəfildən dönərək qaçıb.
Ardınca yaralı terrorçu özünü partladıb. Polisin terrorçunun üzərindəki bombanı görərək özünü itirdiyi və qaçdığı bildirilir. Əslində isə o, peşəkar davranıb yaralı terrorçunu öldürsəydi üçüncü partlayışın qarşısını almış olardı və nəticədə daha az insan itkisi yaşanardı.
Terror hücumlarının ssenarisi İŞİD-in bir neçə ay əvvəl Brüssel aeroportunda törətdiyi hücumların ssenarisi ilə eynidir. Və belə görünür ki, Türkiyənin təhlükəsizlik və xüsusi xidmət orqanları Brüssel hücumlarından sonra aeroportlarda təhlükəsizliyin gücləndirilməsinə dair yetərli tədbirlər görə bilməyiblər.
İlkin məlumatlara görə, İstanbulun Atatürk aeroportunda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 36-a çatır, 147 nəfər isə yaralanıb.
Bu barədə "Assoşieyted Press" yerli yüksək vəzifəli türkiyəli məmura istinadən məlumat yayıb.
Bundan əvvəl İstanbul valisi hadisə nəticəsində 28 nəfərin həlak olduğunu, 60 nəfərin yaralandığını bildirmişdi.
Ədliyyə naziri Bəkir Bozdağ isə bildirib ki, terrorçulardan biri əvvəlcə ətrafdakılara atəş açıb, sonra özünü partladıb.
Hadisə şahidlərinin sözlərinə görə, 4 silahlı şəxs partlayışlardan sonra ərazidən qaçaraq uzaqlaşıb. Hava limanına çoxlu sayda təcili tibbi yardım maşını, polis və yanğınsöndürən göndərilib.
Hava limanının bütün giriş və çıxışları bağlanıb.
Baş nazir Binəli Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binəli Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.
Avropa liderləri Brüssel görüşündə İstanbulun Atatürk hava limanında törədilən terror aktına görə Türkiyəyə baş sağlığı veriblər.
"Euronews" xəbər verir ki, Almaniyanın kansleri Angela Merkel terrorla mübarizədə türk xalqının yanında olduğunu bildirib.
Fransa prezidenti Fransua Olland Türkiyə ilə həmrəyliyini ifadə edib. Dövlət başçısı qeyd edib ki, onlar gələcəkdə hərəkətlərini əlaqələndirməyə və terrorizmlə mübarizə üzrə təşəbbüsləri artırmağa məcburdurlar.
Avropa Şurasının sədri Donald Tusk terror aktı nəticəsində ölənlərin ailələrinə dərin başsağlığı verib: "Belə vaxtlara biz hamımız bir olmalıyıq".
ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp da İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə bağlı Türkiyəyə başsağlığı verib. Donald Tramp bu barədə özünün "Tvitter" səhifəsində qeyd edib.
Amerikalı milyarder bildirib ki, sözügedən xain terror aktı çox dəhşətli hadisədir: "Mən İstanbulda dəhşətli terror aktı törədənləri qınayıram və faciə qurbanlarının ailələrinə başsağlığı verirəm. Bu terror aktından ABŞ da nəticə çıxarmalıdır. ABŞ İŞİD problemini birdəfəlik həll etməlidir. Nə qədər ki, İŞİD məhv edilməyib, dünyada vahimə və qorxu olacaq. İndi İŞİD meşə yanğınları kimi çox sürətlə ətrafa yayılır. İŞİD-in əsas silahlarından biri də internetdir ki, terrorçular interneti bizdən daha yaxşı idarə edirlər. Amerika İŞİD problemi ilə bağlı daha ciddi addımlar atmalıdır".
Çeçen Respublikasının prezidenti Ramzan Kadırov da İstanbulun Atatürk hava limanında törədilən xain terror aktı ilə əlaqədar Türkiyəyə başsağlığı verib.
Ramazan Kadırov terror aktını törədənləri qınayaraq, hadisə qurbanlarının ailələrinə və yaxınlarına Allahdan səbir diləyib.
R.Kadırov bildirib ki, terrorçuların vətəni olmur: "Terrorçular kim olursa olsun, nə edirlərsə, etsinlər, onların hərəkətləri qınanmalıdır. Dünyada terror yolu ilə aparılan mübarizəyə heç bir halda haqq qazandırmaq olmaz. Terrorçuların əsl məqsədi qan, kütləvi ölümlər və qorxu yaratmaqdır. Dünya yalnız və yalnız bir yerdə olub, terrorla effektli mübarizə aparmalıdır ki, bu cür dəhşətli hadisələr bir daha təkrarlanmasın. Mən İstanbulun hava limanında törədilən xain terror aktı nəticəsində həlak olan dinc insanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına isə səbir diləyirəm".