Prezidentin satqın yavəri: “Gizli toplantı keçirdik…” Dünya

Prezidentin satqın yavəri: “Gizli toplantı keçirdik…”

15 iyul dövlət çevrilinə cəhdlə bağlı aparılan istintaq çərçivəsində prezidentin quru qoşunları üzrə müşaviri, mayor Mete Səmərçioğlunun ifadəsi alınıb.
Mayor baş yavər Əli Yazıcının çevrilişə cəhddən bir gün öncə gizli toplantı keçirdiyini deyib:
"14 iyul saat 10 radələrində Çankaya köşkündə yavərlərlə toplantı keçirdik. Baş yavər Əli Yazıcı mobil telefonları qadağan etdi. O, "prezidentdən izn almadan gəlmişik, hamımız Ankaradayıq. Nə baş verir, xəbərimiz yoxdur. Ayrılaq, hər kəs əldə etdiyi məlumatı mənə bildirsin", - dedi. Dəniz yavəri İstanbula getdi, hava yavəri, mayor Ərkan Qıvraq Ankarada qaldı. Mən isə Antalyaya getdim. Həmin ərazilərdə prezidentin toplantıları ilə bağlı məlumatları ona göndərməli idik.
Günortadan sonra prezidentin pilotuna zəng vurub Mərmərədən şənbə günündən əvvəl Antalyaya helikopter uçuşu olub-olmayacağını soruşdum. Pilot "böyük ehtimalla şənbə günü uçuş olacaq", - dedi.
Hava yavəri Ərkan Qıvraq prezidentin Mərmərədə "Qrand Yazıcı Turban" adlı oteldə qalacağını öyrəndi.
Baş yavər mənə dedi ki, səndən xüsusi bir xahişim var, baş nazir cümə axşamı İstanbulun Tuzla bölgəsindəki evində qalacaqmı, bunu da öyrən, mənə məlumat ver. Mən də baş nazirin köməkçisi Zəfər Çubuqçudan mesajla soruşdum ki, şənbə günü limanda keçiriləcək mərasimə Tuzladan gedəcəksiniz? O da "böyük ehtimalla belə olar", - dedi. Daha sonra bu məlumatı baş yavərə ötürdüm".