“Türkiyəyə möhlət veririk” Dünya

“Türkiyəyə möhlət veririk”

"Misirlilər və türklər arasında düşmənçiliyi şərtləndirəcək heç bir səbəb yoxdur. Biz Misirlə bağlı siyasətlərini yenidən gözdən keçirməsi üçün Türkiyə rəhbərlərinə lazım olan möhləti veririk".
Bu iddialı sözləri Misir rəhbəri Əbdülfəttah Sisi dilə gətirib.
Misir diktatorunun bu atmacası Türkiyənin baş naziri Binalı Yıldırıma yönəlib. Xatırladaq ki, Yıldırım xarici jurnalistlərlə söhbətində iki dövlət arasında münasibətlərin perspektivi barədə danışmış, amma rəsmi Ankaranın ənənəvi mövqeyindən geri çəkilməyərək demişdi:
"Misirlə əlaqələrimizi inkişaf etdirmək istəyirik. Bu iradəmizi də dəfələrlə bəyan etmişik və münasibətlərimizi bu istiqamətlərdə reallaşdırmaq niyyətindəyik. Misirdə yaşananların bir çevriliş olduğunu qəbul etməliyik. Hadisənin çevriliş olmadığını qəbul etmək, əlaqələri bu çərçivədə qurmaq fikrində deyilik. Biz hadisənin adını qoymuşuq: Misirdə bir çevriliş baş verib. Misir rəhbərliyi `Biz çevrilişlə hakimiyyətə gəlməmişik` deyirlərsə, bunu dünyaya izah etsin. Dünyadan əvvəl, öz xalqını inandırsın. Bütün bunlara baxmayaraq, Misirlə iqtisadi, mədəni əlaqələrimizi, Aralıq dənizi sahilindən birgə istifadə etmək ehtiyacının olduğunu düşünürük".
Misir rəhbəri də Türkiyə baş nazirinin bu fikirlərinə cavab vermək üçün jurnalistlərin qarşısına çıxıb-amma xarici jurnalistlərin yox, öz yerli hökumət qəzetləri rəhbərlərinin… Ölkənin rəsmi mətbu orqanları "əl-Əhram", "əl-Əxbər" və "əl-Cümhuriyyət" qəzetlərinin redaktorlarına verdiyi müsahibəsində o, Ankaraya öz mövqeyinə aydınlıq gətirmək üçün zaman verdiklərini söyləməklə, faktiki olaraq, münasibətlərin qurulması üçün özünün legitimliyinin tanınmasını şərt olaraq irəli sürüb.
Sisi jurnalistlərin sualına cavabən, Ankaranın ağır ittihamlarına adekvat reaksiya verməməsinin səbəblərinə də aydınlıq gətirib. Sisiyə görə, bu, beynəlxalq münasibətlər normativlərindən və Misir mədəniyyətinin tələblərindənqaynaqlanır:
"Türk rəsmiləri tərəfindən verilən açıqlamalara beynəlxalq əlaqələrdəki üsul və Misir mədəniyyəti çərçivəsində yalnız lazım gələndə reaksiya veririk"-Sisi belə deyib.