Suriya-Türkiyə sərhəddi İD-dən təmizlənir Dünya

Suriya-Türkiyə sərhəddi İD-dən təmizlənir

Türkiyənin baş naziri deyib ki, ölkənin hərbi qüvvələrinin dəstəklədiyi Suriya üsyançıları "bütün terror təşkilatlarını" Türkiyə ilə Suriyanın quru sərhəddindən çıxarıb. Müşahidəçilər deyir ki, özünü İslam Dövləti adlandıran qruplaşmanın sərhəddə mövcudluğu sona yetib. Türkiyə, kürd qruplaşmasını da terrorçu adlandırıb.
Türkiyənin baş naziri Binali Yıldırım Ankara hərbisinin uğuru haqqında məlumatı bazar günü televiziyada etdiyi çıxışında söyləyib. O deyib: "Allaha şükürlər olsun ki, bu gün, Azazdan Carablusa qədər bizim Suriya ilə 91 kilometr sərhəd xəttimiz tamamilə təhlükəsizdir. Bütün terror təşkilatları geri çəkilməyə məcbur edilib- onlar gediblər."
Türkiyə İD ilə yanaşı Suriya kürdlərindən ibarət olan YPG qrupunu da terrorçulara aid edir. ABŞ koalisiyası tərəfindən dəstəklənən YPG qruplaşması Suriyanın şimalında ərazi ələ keçirmişdi. Cənab Yıldırım deyib ki, Suriyanın şimalında süni dövlət formalaşmasına Türkiyə heç vaxt icazə verməyəcək. Human Right üçün Böyük Britaniyadan olan suriyalı müşahidəçi deyib ki, "Türkiyə tankları və hərbi təyyarələrinin dəstəklədiyi üsyançılar və islam qruplaşması" Türkiyə-Suriya sərhəddində "İD əraziləri tərk edərək mövcudluğuna son qoyandan sonra" bir neçə kəndi ələ keçirib.
Bazar günü Suriya hökumət qüvvələri Hələb şəhərinin şərqində yerləşən üsyançıların olduğu rayonu yenidən mühasirəyə alıb. Məlumatda bildirilir ki, hökumət hərbi qoşunları şəhərin cənubunda yerləşən iki hərbi akademiyanı geri alıb və bu yaxınlarda üsyançıların təchizatı üçün salınan dəhlizi dağıdıblar. Hökumət qüvvələrinin hücumu Suriya və Rusiya hava hücumları ilə dəstəklənib. Üsyançıların nəzarətində olan ərazidə 250 minə yaxın dinc sakin yaşayır. Hələb şəhəri ölkədə gedən vətəndaş müharibələri nəticəsində iki hissəyə, müxtəlif üsyançı qruplarının nəzarət etdiyi şərq və hökumət qüvvələrinin idarə etdiyi qərb ərazisinə bölünüb.