Putin bu seçkilərdə də qalib gəldi Dünya

Putin bu seçkilərdə də qalib gəldi

Vahid Rusiya Partiyası parlamentdə 300-dən çox yer qazandı

Rusiya Dövlət Dumasında yerlərin çoxunu prezident Vladimir Putinin Vahid Rusiya Partiyası tutub. Səslərin 90%-i artıq hesablanıb, rəsmi məlumata görə, Dumada 450 yerin 300-dən çoxu Vahid Rusiya Partiyasınındır. 5%-lik baryeri keçən digər partiyalar Kremlin siyasətinə sadiq olan Kommunist Partiyası, ultramillətçi Liberal Demokrat Partiyası və Ədalətli Rusiya Partiyasıdır. Seçki haqda son yazısında "Reuters" informasiya agentliyi bu partiyaların üzvlərinin hakim partiyanın qərarlarına, adətən, etiraz etmədiyini, onun siyasətini dəstəklədiyini vurğulayır.
"Reuters" yazır ki, Putinin tərəfdarları Dumaya seçkinin nəticələrindən 2018-ci il prezident seçkisində yəqin ki, istifadə edəcəklər. Hərçənd Putin gələn seçkidə iştirak edib-etməyəcəyini hələ açıqlamayıb. Seçki məntəqələri bağlanandan bir neçə dəqiqə sonrakı çıxışında Putin bildirib ki, bütün çətinliklərə baxmayaraq, seçicilər ölkə rəhbərliyinə hələ də etimad göstərdiklərini bildiriblər: "Biz partiyamızın çox yaxşı nəticə göstərdiyini inamla deyə bilərik. Bu qələbədir!".
Ötən seçkilərdən fərqli olaraq, budəfəki səsvermədən əvvəl Rusiya telekanallarında, hətta dövlət televiziyasında müxalifətin çıxışlarına yer verilirdi. Amma CNN bu liderlərin eyni zamanda hədələndiyini, təqiblərə məruz qaldığını xatırladır. Rusiya müxalifətinin tanınmış fiqurlarından biri Boris Nemtsovun 2015-ci ilin fevralında qətlə yetirildiyini, PARNAS partiyasının lideri Mikhail Kasyanova hücumları yada salır. CNN-ə müsahibəsində Kasyanov müxalifətə verilən efir vaxtının bir şou olduğunu, hakimiyyətin bununla seçkinin azad və ədalətli, beynəlxalq normalara uyğun şəkildə keçirildiyi haqda təsəvvür yaratmağa çalışdığını deyir.
Rusiyada budəfəki səsvermə seçicilərin azlığı, qanun pozuntuları haqda şikayətlərin çoxluğu ilə müşayiət olunub. "New York Times" qəzeti seçki günü "Golos"a hələ günorta saatlarına qədər 2 mindən çox şikayət gəldiyini vurğulayır. "Golos" vətəndaşların seçki hüquqlarını qoruyan müstəqil təşkilatdır.
Seçicilərin fəallığı isə keçən Duma seçkilərindən də az olub. Rusiya Mərkəzi Seçki Komissiyasının sentyabrın 19-da verdiyi məlumata görə, səsvermədə seçicilərin cəmi 47.5%-i iştirak edib (ötən dəfə bu göstərici 60% idi). "New York Times" yazır ki, Rusiyanın iki ən iri şəhərində seçicilərin laqeydliyi xüsusilə hiss olunub. "Əvvəlki seçkilərin təcrübəsi daha çox dövlət müəssisələri işçilərinin yaşadığı bölgələrdə seçicilərin fəal olduğunu göstərir, çünki müəssisə rəhbərliyi işçilərinə səsverməyə getməkdən ötrü təzyiq göstərir", - qəzet yazır. Müstəqil analitik Dmitry Oreshkin "Dozhd" onlayn telekanalına müsahibəsində bildirib ki, seçicilərin laqeydliyi onların etirazının formasıdır.