İrəvanın vaxtı daralır... Dünya

İrəvanın vaxtı daralır...

İrəvan Aprel hadisələrindən sonra revanş götürməklə ələ keçirdiyimiz mövqeləri geri qaytarmağa hazırlaşır. Ermənistanın son davranışları da məhz buna dəlalət edir. Bu sözləri açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, işğalçı Ermənistan məqsədinə nail olmaq üçün hazırda bütün vasitələrlə silah rəqabətində Azərbaycanı üstələməyə çalışır: "Ancaq əbəsdir, çünki buna bütün hallarda Ermənistanın nə imkanı, nə də gücü çatmır. Əsas məsələ İrəvanda şou üçün nəzərdə tutulan raket sistemlərinin gələcəkdə Qarabağda istifadə olunmasıdır. Əgər Ermənistan çox böyük cəsarət tələb edən bu prosesə girişərsə, onda bütün dünyaya cavab verməli olacaq. İndiyə qədər deyirdilər ki, guya biz qondarma Dağlıq Qarabağ qurumu ilə mübarizə aparırıq. İndi etiraf etməlidirlər ki, Azərbaycanla qondarma Dağlıq Qarabağla yox, Ermənistanla müharibə aparır. Bunun üçün Ermənistana həm vaxt, həm də cəsarət lazım olacaq. Bir sözlə, Ermənistanın son vaxtlar nümayiş etdirdiyi silahları Qarabağda istifadə etməyə cəsarəti çatmaz. Əks təqdirdə, əlimizdə olan bütün arsenalla onlara cavab vermək üçün çox mühüm bir səbəbimiz olacaq".
Politoloq işğalçı dövlətin Ağdamda keçirdiyi hərbi təlimləri təxribat adlandırıb: "Hər iki hadisə üst-üstə düşür. İrəvan aprel hadisələrindən sonra revanş götürməklə ələ keçirdiyimiz mövqeləri geri qaytarmağa hazırlaşır. Ermənistanın son davranışları da məhz buna dəlalət edir. İrəvan buna cəhd edərsə və növbəti təxribatlara əl atarsa, onların cavabı 10 qat artıq veriləcək və bütün mövqelərini itirəcəklər. İrəvanın, hələ ki, düşünməyə vaxtı var. Bu vaxt da onunla ölçülür ki, Minsk Qrupunun təklifləri növbəti danışıqlar prosesinə görə hazırlanır. Əgər Ermənistan ortaya konkret mövqe qoysa, onda hərbi ssenari reallaşmayacaq. Yox onlar öz siyasətlərindən əl çəkməsələr, onda bu Aprel daha kəskin formada təkrarlana bilər".
Qeyd edək ki, ötən gün Ermənistanın müstəqillik günü ilə bağlı keçirilən paradda İsgəndər raketləri təqdim edilib. Sözügedən raket komplekslərinin Rusiyaya, yoxsa Ermənistana məxsusluğu ilə bağlı suallar gündəmi zəbt edib. Bundan başqa, Ermənistan Ağdam rayonunun Uzundərə adlanan ərazisində artilleriya qurğularından istifadə edərək hərbi təlimlərə başlayıb.