“Qazaxıstan Çin məxfi xidmətləri üçün xüsusi maraq kəsb edib” Dünya

“Qazaxıstan Çin məxfi xidmətləri üçün xüsusi maraq kəsb edib”

“Bir qrup çinli hakerin iki il ərzində Qazaxıstan telekommunikasiya operatorlarının infrastrukturuna giriş əldə etdiyi məlum olub”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib. Onun fikrincə, bu ilin fevral ayında naməlum şəxslər Çin Təhlükəsizlik Nazirliyinin podratçılarından biri olan infromasiya şirkətindən sızan məxfi məlumatları dərc ediblər: “Bu məlumatlara görə, Çində fəaliyyət göstərən və dövlətin sifarişlərini yerinə yetirən haker qrupu son iki ildə Qazaxıstan telekommunikasiya operatorlarının kritik infrastrukturuna tam giriş əldə edib.
“New York Times” qəzetinin yazdığına görə, sızdırılan sənədlərdə, Çin təhlükəsizlik xidmətində müxtəlif ölkələrin hökumətləri və telekommunikasiya şirkətləri barədə məlumatlar toplanıb. Qazaxıstan Çin məxfi xidmətləri üçün xüsusi maraq kəsb edib. Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi 20 fevral 2024-cü il tarixində verdiyi açıqlamada, sızdırılan məlumatları təhlil etməyə başladığını bildirib. Çinin haker qrupunun iki ildir Qazaxıstanın dövlət infrastrukturlarında yerləşərək məlumat toplaması aysberqin görünən hissəsidir. Məlumata görə, açıqlanan skrinşotlardan birində Qazaxıstan Müdafiə Nazirliyinin serveri ilə bağlı məlumatlar da var. Qazaxıstanın dövlət aviaşirkəti “Air Astana” haqqında məlumatları özündə əks etdirən fayllar aşkarlanıb”.