Ankara Moskvaya konkret təkliflər verəcək Dünya

Ankara Moskvaya konkret təkliflər verəcək

Uğurlu Mosul əməliyyatları İŞİD-in İraqdakı mövqelərini xeyli zəiflədəcək.

Bunu Türkiyə Baş Qərargah rəisi Hulusi Akarın Rusiyaya qəfil səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Suriyadakı mövcud vəziyyəti koordinasiya etmək üçün Türkiyə-Rusiya işlək mexanizmi yaradıla bilər:"Şimali Suriyada vəziyyət getdikcə çıxılmaz hal alır. Hələb ətrafında gedən proseslərdə təkcə döyüşən tərəflərin deyil, onlara dəstək verən tərəflərin toqquşma ehtimalı artıb. Bu qeyri-müəyyənlik isə müxtəlif risklərdən qaynaqlanır. Əgər Rusiya ilə Türkiyə arasında bu barədə koordinasiya olmasa, ötən ilin oktyabr hadisələri təkrarlana da bilər. Bunun üçün də hər iki ölkənin baş qərargahları daha sıx əlaqə saxlamalı, hətta işgüzar rejimə keçməlidirlər. Yəqin ki, Ankara Moskvaya bu yöndə konkret təkliflər verəcək. Söhbət Türkiyə-Rusiya işlək mexanizminin yaranmasından gedir ki, bu da rus və türk hərbiçilərinin operativ təmasda olmasını təmin edəcək".

Politoloq İraq cəbhəsindəki vəziyyətlə bağlı müəyyən güzəştlərin razılaşdırılmasının da gündəmdə olacağını istisna etməyib:

"Suriya cəbhəsində vəziyyət müəmmalı qalır. Bir neçə həftə öncə güzəştlərlə müxtəlif variantlar nəzərdən keçirilsə də, məsələ hələ də çözülməyib. Ancaq İraq cəbhəsində bu ölkənin silahlı qüvvələri ilə kürd peşmərgələri və Amerikanın başçılıq etdiyi koalisiyanın vahid şəkildə hərəkət etməsi öz bəhrəsini verir. Bu gedişlə İŞİD-in İraqdakı mövqeləri xeyli zəifləyəcək. Ancaq Suriyada tamam başqa mənzərədir. Əgər Mosulla bağlı əməliyyatlar uğurla nəticələnsə, bu, bir növ Suriyada iştirak edən tərəflərə müəyyən hədəflərə çatmaq üçün siqnal olacaq".

Bu arada Türkiyə mətbuatı yazır ki, Ankara türkman şəhəri olan İraqın Telafer şəhərinə təhdid artdığı üçün "C" planını tətbiq etməyə hazırlaşır.
"Yeni Şafak" nəşri xəbər verir ki, plan soydaşları müdafiə etmək üçün birbaşa müdaxiləni nəzərdə tutur.
Qeyd edək ki, dünən Türkiyə İraqla sərhədə böyük miqdarda zirehli texnika və qoşunların əlavə kontingentini yeritməyə başlayıb. Məlumata görə, tanklar və zirehli texnika ölkənin cənub-şərqində yerləşən Şirnak vilayətinə doğru hərəkət edir. Texnika Türkiyənin mərkəzi vilayətlərindən daşınır.
Daha əvvəl isə ölkə prezidenti Rəcəb Tayip Ərdoğan İraqla sərhəddə hərbi qüvvənin artırıla biləcəyini deyib. Onun sözlərinə görə, əgər şiə qüvvələri İraq türkmanlarının yaşadığı Telaferə daxil olarsa, Türkiyə "başqa cavabı" verə bilər. Türkiyənin müdafiə naziri Fikri İşık da "hər ehtimala hazır olmalıyıq" deyib.
Son məlumatlara görə, "Haşdi Şabi" şiə birliyi İŞİD-in İraq-Suriya əlaqəsini kəsmək üçün təxminən 100 min türkmanın yaşadığı Telafer istiqamətində əməliyyata başlayıb.
Dünən İraqın baş naziri Haydar əl-İbadi Türkiyənin İraqla sərhədə böyük miqdarda zirehli texnika və qoşunların əlavə kontingentini yeritməsini şərh edib. O, Bağdadın Ankara ilə döyüşmək istəmədiyini, ancaq buna hazır olduğunu söyləyib.
"Türkiyənin İraqa hər hansı hücumu öz çöküşünə səbəb olacaq", - baş nazir deyib.