HƏMAS İsrailin təklif etdiyi razılaşmanı rədd edib Dünya

HƏMAS İsrailin təklif etdiyi razılaşmanı rədd edib

Fələstinin radikal HƏMAS hərəkatı İsraildən Qəzza zolağında saxlanılan girovların azad edilməsi müqabilində daimi atəşkəsə və İsrail qoşunlarının anklavdan tamamilə çıxarılmasına razılıq verməsini tələb edib.

Bu barədə “Times of Israel” qəzeti İsrailin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətinin qeyd etdiyi kimi, HƏMAS İsrailin təklif etdiyi razılaşmanın bütün bəndlərini tamamilə rədd edib və İsrail tərəfinin razılaşa bilməyəcəyi bir sıra əks tələblər irəli sürüb. Xüsusilə, HƏMAS İsrail girovlarının birinci qrupunun azad edilməsindən sonra İsrailin daimi atəşkəsə, qoşunların Qəzzadan tam çıxarılmasına və fələstinlilərin şimal bölgələrinə qayıtmasına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasına razı olacağına dair zəmanət tələb edib.

Bundan əlavə, Misir, Qətər və ABŞ-ın hazırladığı təklifdə 40 nəfərin İsrailə təhvil verilməsi tələb olunsa da, HƏMAS ilk mərhələdə cəmi 20 girovu azad etməyi təklif edib. Bundan əlavə, Fələstin hərəkatı 20 girovun azad edilməsinə qədər İsrail tərəfindən 6 həftəlik atəşkəsə razılıq verməsini tələb edir.

Cavid