Trampın ilk bombalayacağı şəhər – Rakka Dünya

Trampın ilk bombalayacağı şəhər – Rakka

ABŞ prezidenti Barak Obama postunu təhvil verməyinə az müddət qalsa da, PYD-yə (PKK-nın Suriya qolu) külli miqdarda silah göndərib. Bu barədə İsrail kəşfiyyat orqanı Mossada yaxın olan "Debka" saytı yazıb. Saytın məlumatına görə, ötən həftə Bağdadda ABŞ-a aid hərbi bazalardan silah yüklü avtomobil karvanı Suriyaya gedib. "Obama xələfi Trampın Suriya böhranının həlli üçün Rusiya və Türkiyə ilə razılaşacağına görə getməmişdən əvvəl kürdləri silahlandırmaq qərarına gəlib", - deyə bildirilir.
Sayt əlavə edir ki, Tramp yanvarın 20-də and içərək vəzifə səlahiyyətlərinə başlayandan sonra, İŞİD-in Suriyadakı qalası Rakkada ortaq əməliyyat keçiriləcək. Bu əməliyyata Türkiyə qurudan, Rusiya havadan dəstək verəcək. "Debka" iddia edir ki, Tramp İraq ordusunun Mosulu azad edə bilməməsinə baxmayaraq, əvvəlcə Rakkaya hücuma keçəcək. "Tramp hadisələrdən dərhal xəbər tutmaq üçün bölgəyə təqaüddə olan Amerika əsgərlərindən ibarət "təmsilçilər" göndərib", - deyə bildirilir.