

“Əl-Qaida terror təşkilatının da fəallaşmağa başladığı barədə xəbərlərin sayı artıb. Bəzi ekspertlər bu terror təşkilatının Əfqanıstan və Pakistan ərazisində fəaliyyətinin azaldığı bildirilsələr də, Qərb mətbuatında Əl-Qaida üzvlərinin fəallaşmağa meylli olduğu barədə müxtəlif yazılar dərc olunub”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib: “Görünür, Əl-Qaida İŞİD və ya “Vilayəti Xorasan”ın “gerisində” qalmaq istəmir. Amerikalı hərbçilər Əl-Qaida lideri Üsamə bin Ladeni Pakistanın Abbottabad şəhərində öldürdükdən sonra Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi Pakistanda və Əfqanıstanda təşkilatın digər üzvlərini də neytrallaşdırmağa çalışırdı. Terrorçular liderlərinin ölümündən sonra fəaliyyətlərini dondursalar da, yatmış hücrələrin yenidən üzə çıxacaqları təhlükəsi var. Taliban Əfqanıstanın tamamına nəzarət edə bilmədiyinə görə, bundan Əl-Qaida istifadə etməyə çalışır. Birləşmiş Millətlər Təşkilatının yaydığı son hesabata görə, Əl-Qaidanın Qəndəhar əyalətində fəallaşdığı, digər əyalətlərdə isə düşərgələr yaratmağa çalışdığı bildirilib”.