
Mehmet Emin Erendor: "Onun NATO ilə bağlı mövqeyinin təməli bu fikirdən qaynaqlanır"
"Trampın bu tip fikirləri yeni deyil. O NATO ilə bağlı cümlələri hələ seçki kampaniyası zamanı da səsləndirmiş və sıx şəkildə bəyan etmişdi".
Bu fikri beynəlxalq məsələlər üzrə türkiyəli ekspert Mehmet Emin Erendor ABŞ-da yeni prezident seçilmiş Donald Trampın NATO-nu köhnəlmiş təşkilat adlandırmasına münasibətində deyib. Ekspert qeyd edib ki, Trampa görə NATO illər əvvəl yaradılmış təşkilatdır, onun NATO ilə bağlı mövqeyinin təməli bu fikirdən qaynaqlanır.
Erendorun fikrincə, Trampın bunu deməsinin ikinci səbəbi alyans daxilində ədalətsiz pul ödəmələridir: "Hesab edirəm ki, Tramp bu mövzuda haqlıdır. Çünki NATO-nun büdcəsini ən çox ABŞ qarşılayır və buna görə də Tramp bu ödəməni ABŞ üzərində yük kimi görür".
Ekspert vurğulayıb ki, terror məsələsinə kifayət qədər əhəmiyyət vermədiyinə görə Tramp NATO-nu köhnəlmiş təşkilat hesab edir: "Hesab edirəm ki, Tramp NATO ilə bağlı səsləndirdiyi fikirlərdə qismən də olsa haqlıdır, çünki təşkilat beynəlxalq səviyyədə terror aktlarına diqqət yetirmir və öz üzv dövlətlərinə kifayət qədər dəstək vermir. Alyansın Türkiyəyə qarşı törədilən terror aktlarına reaksiya verməməsi bunun ən bəsit nümunəsidir".
Erendor bildirib ki, bir tərəfdən həm maddi, həm də hərbi cəhətdən ABŞ alyansa ən çox qatqı verən dövlətdir: "Lakin digər tərəfdən də NATO ABŞ-ın beynəlxalq səviyyədə əməliyyatlarını aparan bir təşkilat kimidir. ABŞ alyans vasitəsilə beynəlxalq hüququ asanlıqla tapdalamaqdadır. Əfqanıstan və İraq müharibəsi bunun ən önəmli dəlilləridir. Trampın da məsələyə bu nöqteyi-nəzərdən baxmasına ehtiyac duyulur".