“Gürcüstan Rusiyanın koloniyasına çevrilib” Dünya

“Gürcüstan Rusiyanın koloniyasına çevrilib”

08 May

Azər Süleymanov : “Zurabişvili və İvanaşvili siyasəti Gürcüstanı, xalqı uçuruma, köləliyə sürəkləyəcəksə parlament seçkiləri ertələnəcək”

Altı aydır Gürcüstanın prezidenti seçilən Salome Zurabişvilinin Azərbaycana və Gürcüstanda yaşayan soydaşlarımıza qarşı mövqeyində yumşaqlıq hiss etmədik. Xanım prezident daim Azərbaycana qarşı təxribatçı fikirlər söylədi. Zurabişvili prezident seçildikdən sonra bu ilin yanvarın 20-də Azərbaycan və gürcü xalqının qanına əli batmış Mixeil Avakyana Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində büst qoyuldu. Baxmayaraq ki, bu erməni həm də Abxaziyada Gürcüstanın ərazi bütövlüyünə qarşı vuruşub. Büstün qoyulması törənin yanvarın 20-də keçirilməsi Azərbaycan və orada yaşayan soydaşlarımıza qarşı bir təxribat idi.

Daha sonra Zurabişvili bu yaxınlarda müsahibələrindən birində Gürcüstanla Azərbaycan arasında mübahisəli sərhəd məsələsinə birtərəfli mövqe bildirməklə qarşı tərəfi təxribata çəkməyə səy göstərib. O, “Keşikçi Dağ”ı ziyarət edib və atdığı yanlış addıma haqq qazandırmağa da səy edib: “Yeni bir şeyin baş verdiyini demək düzgün deyil. Mən məbədi əvvəllər də ziyarət etmişəm. Tarixi düşüncəli vətənpərvər olduqlarını iddia edən şəxslərin məbədə ziyarətimi müəyyən təxribatın tərkib hissəsi olduğunu bildirmələrinə çox təəccüblənirəm. Prezident ölkədə olan hər hansı bir yerə səfər etməməlidir?”

Zurabişvili yaxşı bilir ki, prezident kimi mübahisəli bölgəyə səfər etmək beynəlxalq hüququn pozulmasıdır. Həmin əraziyə yalnız məsələ həll edildikdən sonra dövlət başçısı səfər edə bilər. Əks halda, bu, işğal kimi də dəyərləndirilə bilər. Amma xanım prezident bilərəkdən belə bir atmaqla Azərbaycana qarşı təxribatçı mövqe sərgilədiyini bir daha sübut etdi.

Qeyd edək ki, mübahisəli olan “Keşikçi Dağ” (həmçinin Qaraca məbədi, David Qareci məbədi) Azərbaycanın Gürcüstanla sərhədində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədidir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşən, böyük coğrafi sahəni əhatə edən məbəd-kompleksin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisindədir. Məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanıb, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşüb. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər. Bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərib ki, divarlarına çəkilmiş şəkillər və gürcü dilində yazılar məbədin yaşı ilə müqayisədə xeyli gəncdir.

Zurabişvilinin məlum abidə ilə bağlı təxribatçı fikirlərindən sonra Gürcüstanda Leyborist Partiyasının sədri Şalva Natelaşvili, Gürcüstanın eks daxili işlər və müdafiə naziri İrkali Okruaşvili də Azərbaycan-Gürcüstan sərhədinə gələrək azərbaycanlıları təhqir ediblər.

Gürcüstan Patriarxlığı da Salome Zurabişvilidən geri qalmayıb. Qurum mayın 2-də yaydığı bəyanatda bildirib: “Biz həmçinin bəyan edirik ki, bu məbəd-kompleks Gürcüstan mədəniyyətinin ən qədim abidələrindən biri və ziyarətgahıdır və gürcü kilsəsi onun müdafiəsi üçün hər şey edəcək”.

Hətta iş o yerə çatdı ki, bu günlərdə bir qrup gənc fəal “Keşikçi Dağ”da simvolik zəncir aksiyası keçirib.

Onlar Gürcüstanda və Azərbaycanda yaşayan əhaliyə (“Keşikçi Dağı”n Gürcüstanın olduğunu göstərmək məqsədi ilə sözü gedən əraziyə toplanıblar və orada monastıra gedən yolun bağlanmasının iki dost, qonşu olan ölkələrə zərər gətirəcəyini bildiriblər.

Aktivistlər açıqlamalarında bildiriblər ki, bununla monastırın olduğu ərazinin Gürcüstanın tarixi ərazisi olduqlarını sübüt etdik və burada Gürcüstanın himini səsləndirdik.

Zurabişvilinin Azərbaycana qarşı təxribatçı mövqeyi “Keşikçi Dağ”la bağlı məsələ ilə bitməyib. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşayan erməni separatçılarına Gürcüstanın qucaq açması da Salome Zurabişvilinin ermənipərəst mövqeyindən xəbər verir. Bu ilin fevralında bu ölkədə keçirilən Uşu beynəlxalq turnirində Rusiya, Türkiyə idmançıları ilə yanaşı, Azərbaycanın işğal edilmiş torpaqlarından 12 “idmançı” da iştirak edib. Zurabişvili gürcüstanlıların da etimadını doğrultmadığından ona qarşı impiçment tələbi irəli sürülüb.

Məsələn, bu günlərdə Gürcüstan parlamentinin binasında “Rusiya işğalçıdır” Vətəndaş Hərəkatının üzvləri Salome Zurabişviliyə qarşı impiçment tələbi ilə "Prezidentə qırmızı kart!” şüarı altında aksiya keçiriblər. Onlar bildiriblər ki, dövlət başçısının son bəyanatı ölkənin imicinə ciddi zərbə vurub. Bu aksiya barəsində danışdığmız məsələ ilə əlaqədar olmasa da, Salome Zurabişvilinin fəaliyyətinə qarşı Gürcüstan ictimaiyyətinin münasibətini əks etdirir. Təşkilatçılar prezidentin son bəyanatının dövlət əleyhinə olduğunu və Rusiyanın işğalçılıq siyasəti ilə üst-üstə düşdüyünü vurğulayıblar. Qeyd edək ki, S.Zurabişvili “Amerikanın səsi”nin gürcüdilli redaksiyasına müsahibəsində ABŞ-ın Gürcüstanda hərbi baza yerləşdirməsinin məqsədəuyğun olmadığını vurğulayıb.

“Xalq Cəbhəsi”nin müsahibi Vahid Milli Hərəkat Partiyasının Gürcüstan parlamentində təmsil olunan deputatı Azər Süleymanov Zurabişvilinin Azərbaycana və Gürcüstandakı soydaşlarımıza qarşı tutduğu təxribatçı mövqeyinə aydınlıq gətirib:

”Prezident seçkilərində Zurabişvili Gürcüstanın azərbaycanlılar yaşadığı heç bir bölgədən səs ala bilmədi. Çünki daim türkləri, azərbaycanlıları aşağılayıcı fikirlərlə təhqir edib, ermənilərin tərəfini tutub. Prezident seçkisi öncəsi seçicilərlə keçirdiyi bütün görüşlərdə deyirdi ki, Saakaşvilinin prezidentlik zamanında azərbaycanlılara xüsusi diqqət, qayğı vardı, ermənilər isə sıxışdırılırdı. Belə fikirlər söyləməklə Gürcüstanda yaşayan ermənilərin sevgisini qazana bildi və prezident seçildikdən sonra Axalkalakidə separatçı Avakyana büst qoyuldu. Zurabişvili ermənilərə verdiyi vədlərini bu gün yerinə yetirir. Azərbaycana səfəri çərçivəsində də “Keşçikçi Dağ”la bağlı məntiqsiz fikirlər söyləyib. Bakı səfərini başa vurub vətəninə döndükdən sonra da fikirlər səsləndirib. Onun Azərbaycana qarşı qərəzli mövqeyindən ruhlanan iki ağılsız siyasətçimiz də (Şalva Natelaşvili və İrkali Okruaşvili) düşünmədən xalqımıza qarşı təhqiramiz fikirlər söyləyiblər. Zurabişvilinin mövqeyi tarixən qonşu olan Azərbaycan və Gürcüstan arasında münasibətlərə kölgə salmaqdır. Bu hadisələrdən sonra millət vəkil kimi hər iki ölkənin rəhbərliyinə, xalqlara müraciət etdik ki, təxribatlara uymasınlar, Zurabişviliyə imkan verilməməlidir ki, elə təxribatçılıqlara yol verib xalqlarımızın dostluq münasibətlərində çat yaratsın. Zurabişvilini legitim prezident kimi qəbul etmirik. Çünki bu qadının hər çıxışı Gürcüstana qarşıdır. Deyir ki, Abxaziya qanqrenadır, onu kəsib atmaq lazımdır. Halbuki Abzaxiya uğrunda minlərlə insan qəhrəmancasına savaşıb, yüz minlərlə qaçqınlarımız olub. Bu xanım isə az qala Abxaziyanı Gürcüstan ərazisi görmür. Üstəlik Cavaxetiyaya gedəndə türklərə qarşı xoşagəlməz ifadələr işlətdi. Bir sözlə, hər addımı ölkəmizə qarşı çevrilir. ABŞ-ın Gürcüstanda hərbi baza açmasına qarşı bəyanat səsləndirib. Müxalifət Zurabişvilinin belə bəyanatlarının ölkəyə ağır zərbə vura biləcəyini hesab edir. Gürcüstandakı Pankisi dərəsində hüquq-mühafizə orqanları ilə yerli əhali arasında toqquşmaları xadırladaq. Həmin vaxt etirazlara səbəb Pankisi dərəsində hökumətin yenidən "Xadori" su elektrik stansiyasının tikintisini başlatması olub. Onun göstərişi ilə əraziyə xüsusi təyinatlılar yeridilib, onlar isə etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələr tətbiq ediblər. Nəticədə bir neçə nəfər xəsarət alıb. Zurabişvilinin müsəlmanları görməyə gözü yoxdur. Zurabişvili Gürcüstanı qonşularla və dünya ilə münasibətlərini pisləşdirəcək. Rusiyanın əlində bir alətə çevrilib, artıq rəsmi Mockva Gürcüstandakı iri neft şirkətlərini öz inhisarına alıb, məqsəd SOCAR-ı zəiflətməkdir.

  • Amma Zurabişvilinin impişmet tələbi ilə aksiyalar da keçirilir..
  • Onlar kiçik aksiyalardır. Zurabişvili ölkədə elə bir siyasət yürüdür ki, onun ölkəyə, xalqa heç bir xeyri yoxdur. Reytinqi gündən günə düşür. Hec kim onun komandasında calışmaq istəmir. İctimaiyyət arasına çıxa bilmir, parlamentə gəlir, gizlənir, mediadan qaçır, jurnalistin sualını cavablandırmaqdan çəkinir. Rusiya-Ermənistan gücü Gürsüstanı diz çökdürüb. Gürcüstan 90-cı illəri xatırladır.
  • Deməli, Zurabişvili Rusiyanın adamıdır..
  • Zurabişvili İvanişvilinin “adamı”dır. İvanişvilini isə Rusiya ilə çox hadisələr bağlayır. Bu gün Ermənistan deputatları ilə Abxaziyadan olan deputatlar arasında görüşlər keçirilir. Zurabişvilini dəstəkləyənlər artıq separatçılçıqları ilə Gürcüstana qarşı fəaliyyət göstərirlər. Abxaziya və Cənubi Osetiya ərazisindən keçməklə Gürcüstanla Rusiya arasında yeni buraxılış məntəqələrinin açılması məsəsləsini müzakirə edirlər. Bu elə birbaşa Rusiyanın siyasətini Gürcüstanda həyata keçirmək deməkdir. Daxili işlər naziri, bəzi strateji sahələrə nəzarət edən məmurlar Rusiyanın adamıdırlar. Zurabişvili müstəqil deyil, özü qərar verə bilmir, kənardan idarə olunur. Ona görə də istefa verməlidir. Gələn il Gürcüstanda parlament seçkiləridir, artıq indidən İvanişvilinin partiyası dağlır. Növbəti parlament seçkisində acı məğlubiyyətə düçar olacaq. Bu gün Saakaşvilinin lider olduğu partya ətrafında 10 partiya toplaşıb. Hakim “Gürcü arzusu” isə qorxu içindədir. Mən düşünürəm ki, hadislər belə davam edərsə, Zurabişvili və İvanaşvili siyasəti Gürcüstanı, xalqı uçuruma, köləliyə sürəkləyəcəksə parlament seçkiləri ertələnəcək.

  • Gürcüstan Rusiyameyilli siyasət yürüdürsə, Qərbin buna münasibəti necədir?
  • Qərb əlini Gürcüstandan çəkib, formal olaraq əməkdaşlıq edir. Gürcüstan artıq Rusiyanın koloniyasına çevrilib. Gürcüstan ABŞ-la olan münasibətlərinə soyuqluq gətirib, çünki məcburdur, axı Rusiyaya tabedir.

Cavid