Rusiya və İran Alxanlı qətliamına niyə göz yumdu? Dünya

Rusiya və İran Alxanlı qətliamına niyə göz yumdu?

İran və Rusiya İrəvanı narazı salmamaqdan ötrü Alxanlı hadisələrində yalnız quru bəyanatlarla kifayətləndilər.
Bu sözləri Rusiya və İranın Alxanlı hadisələrinə biganə münasibətini şərh edən siyasi analitik Əlirza Zamani açıqlamasında deyib.
"Azərbaycanın son zamanlar güclü bir ölkəyə çevrilməsi və Qarabağı azad edəcək gücə malik olması regional ölkələri narahat edir. Buna görə də regionların müqəddəratına təsir göstərməyə çalışan ölkələr Azərbaycanın güclü ölkəyə çevrilməsinin əleyhdarıdırlar. Bu ölkələr Ermənistan ilə münasibətlərini daha da genişləndirir, onlara silahlar satırlar və iqtisadiyyatını gücləndirirlər. Xüsusən də İran ilə Rusiya bu sahədə geniş fəaliyyət göstərirlər", - deyə o bildirib.
Ekspert xüsusilə İranın din qardaşı adlandırdığı Azərbaycana dəstək verməməsini tənqid edib. O, İran rəsmilərindən fərqli olaraq azərbaycanlıların ürəyinin bu hadisələr zamanı Bakı ilə döyündüyünü söyləyib:
"İranın rəsmi qurumlarından fərqli olaraq, İranda yaşayan azərbaycanlılar Alxanlı faciəsinin dünyaya çatdırılmasında daha fəal rol oynayıblar. İran azərbaycanlıları bu hadisə ilə bağlı geniş kampaniya başlatdılar. Bu kampaniyada "PrayforZahra" həştağı ilə 72 saat ərzində 20 mindən çox imza toplandı. İran rəsmiləri bu faciəyə biganə qalsalar da, azərbaycanlı deputatlar, Ərdəbilin imam cüməsi və bir sıra şəxslər bununla bağlı ciddi bəyanatlar səsləndirdilər. Hətta onlar Zəhra ilə bağlı Xarici İşlər Nazirliyinə irad bildirdilər və rəsmi idarələrə sorğu göndərdilər".
Qeyd edək ki, Rusiya indiyə qədər Alxanlı hadisələri ilə Xarici İşlər Nazirliyi, səfirlik və Prezident Administrasiyası səviyyəsində bəyanat yayıb. Bu bəyanatlarda Moskva hadisəni pisləmədən tərəfləri yalnız atəşkəsi bərpa etməyə çağırıb.
İran Rusiyadan fərqli olaraq yalnız səfirlik səviyyəsində bəyanat yayıb və bölgədə sülhü dəstəklədiyini bildirib. İran Xarici İşlər Nazirliyi isə bu qurumun rəsmi nümayəndəsi Bəhram Qasıminin həftəlik mətbuat konfransı zamanı azərbaycanlı jurnalistin Alxanlı hadisələri ilə bağlı verdiyi sualdan sonra hadisəyə münasibət bildirib.